Azerbaijan Arbitration and Mediation Center - Beynəlxalq əlaqələr - İTALİYA
  
Bələdçi
Security System 1.8.6 © 2006-2008 by BS-Fusion Deutschland


Hüquqi İslahatlara
Yardım Mərkəzi

Beynəlxalq əlaqələr - İTALİYA

MILAN MILLI VƏ BEYNƏLXALQ ARBITRAJ PALATASI

Milan Milli və Beynəlxalq Arbitraj Palatası (Milan Ticarət Palatası tərəfindən yaradılmışdır) sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə mübahisələrin alternativ həlli xidmətlərini təqdim edir. Proseslər çeviklik, etibarlılıq və neytrallıq prinsiplərinə cavab verən peşəkar heyət tərəfindən idarə olunur.
Milan Milli və Beynəlxalq Arbitraj Palatasının rəsmi dilləri italyan, ingilis və fransız dilləri hesab olunur.




ARBİTRAJ SAHƏSİNDƏ AZƏRBAYCAN-İTALİYA ƏMƏKDAŞLIĞI

2007-ci il dekabrın sonunda Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin baş katibi Alidə Mahmudova İtaliyada fəaliyyət göstərən və Avropada yüksək reytinqə malik olan Milan Milli və Beynəlxalq Arbitraj Palatasına və Venesiya Ticarət Palatası yanında Milli və Beynəlxalq Arbitraj  Palatasına səfər etmiş və bu qurumların baş katibləri ilə ikitərəfli əlaqələrin inkişafına dair danışıqlar aparmışdır. Danışıqlar çərçivəsində həmin arbitraj institutları ilə ikitərəfli əməkdaşlıq müqavilələrinin bağlanmasına və gələcəkdə təcrübə, informasiya mübadiləsinin aparılmasına, arbitraj sahəsində kadrların hazırlanması üçün təlim kurslarının və birgə beynəlxalq konfransların təşkil edilməsinə, birgə regional layihələrin həyata keçirilməsinə dair razılıq əldə olunmuşdur.
Qeyd etmək lazımdır ki, İtaliyada arbitraj sahəsinə aid olan hüquq normaları, 1940-cı ildən etibarən quvvədə olan Mülki Prosessual Məcəllənin “Arbitraj” adlı IV Bölmə - VIII Fəsli ilə tənzimlənir. Arbitraj institutları arbitraj prosesi zamanı dövlət məhkəmələrilə də sıx əməkdaşlıq edirlər və arbitraj qərarlarının dövlət məhkəmələri tərəfindən tanınması və məcburi icrası mexanizmi də mövcuddur.
İtaliyanın milli qanunvericiliyinə uyğun olaraq, arbitraj qaydasında həm fiziki, həm də hüquqi şəxslər arasında olan  milli və beynəlxalq səviyyəli kommersiya mübahisələrinə baxıla bilər. Bundan əlavə, mübahisələrin həllində mediasiya (vasitəçilik) üsulundan da geniş istifadə olunur. Belə ki, statistik göstəricilərə görə Milan Milli və Beynəlxalq Arbitraj Palatasında 2006-cı il ərzində arbitraj qaydasında 102, mediasiya vasitəsilə 320 mübahisəyə baxılıb, onlardan 80%-i milli səviyyəli, 20%-i isə beynəlxalq səviyyəli kredit və maliyyə, sığorta, müqavilə öhdəlikləri, turizm, telekommunikasiya, tikinti sahəsində olan mübahisələrdir.
Venesiya Ticarət Palatası yanında Milli və Beynəlxalq Arbitraj  Palatasında isə mübahisələr əksər hallarda mediasiya qaydasında həll edilir. Bu isə o deməkdir ki, Venesiyada əhali arasında mediasiya prosesinə inam çox yüksəkdir və onlar mübahisələrin həllində mediasiya üsulunu daha qənaətbəxş hesab edirlər.  Arbitraj sahəsində beynəlxalq təcrübədən istifadə edərək, biz də öz qanunvericilik bazamızı və təcrübəmizi bu istiqamətdə təkmilləşdirmək, mübahisələrin alternativ üsullarla həll edilməsi imkanlarından daha səmərəli istifadə etmək məqsədi ilə  “Münsif məhkəmələri haqqında”, “Mübahisələrin mediasiya (vasitəçilik) qaydasında həll edilməsi haqqında” yeni qanun layihələrinin işlənib hazırlanması istiqamətində məqsədyönlü işlər aparırıq. Arbitraj sahəsində bu cür əlaqələrın inkişafı Azərbaycan-İtaliya biznes mühitinə müsbət təsir göstərən və biznes qurumlarının inamını qazanmasına təkan verən amillərdən biri hesab edilə bilər.




VENESİYA MİLLİ VƏ BEYNƏLXALQ ARBİTRAJ

PALATASI İLƏ ƏLAQƏ QURULMUŞDUR

29 yanvar 2008-ci ildə Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi ilə  Venesiya Milli və Beynəlxalq Arbitraj Palatası arasında əməkdaşlıq müqaviləsi bağlanmışdır. Venesiya Milli və Beynəlxalq Arbitraj Palatası 1990-cı ildə Venesiya Kommersiya Palatası və Venesiya Vəkillər və Mühasiblər Birliyi və Ticarət Assosiasiyaları tərəfindən təsis olunmuş müstəqil arbitraj qurumudur. 2004-cü ildən Venesiya Arbitraj Palatası Venca-nın (əvvəlki təşkilat - Venesiya Milli və Beynəlxalq Arbitraj Məhkəməsi) fəaliyyətini davam etdirmişdir.  İnstitutun yaradılmasında əsas məqsəd regionda yerləşən və Avropa, Orta və Uzaq Şərq ölkələri ilə ticarətlə məşğul olan minlərlə şirkətin mübahisələrinin həllini təmin etməkdir. Palata kommersiya fəaliyyətilə məşğul olanlara çevik və mümkün qədər sürətli prosedurlar təklif edir. Bu məqsədlə Palata ləngimələrin qarşısını almaq və hər şeydən əvvəl qeydiyyat, idarəetmə və arbitrlərin qonorarlarını, arbitraj rüsumlarını müəyyən etmək üçün müvafiq Arbitraj Qaydalarını qəbul etmişdir.


AZERBAIJAN INTERNATIONAL CONSULTING COMPANY



Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi




Bakı Mediasiya və Barışıq Xidməti





Azərbaycan Münsiflər Məhkəməsi


LAYİHƏ

MÜNSİFLƏR MƏHKƏMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU