STOKHOLM TICARƏT PALATASININ ARBITRAJ İNSTITUTU TƏDBIRI KEÇİRİLMİŞDİR

demo

STOKHOLM TICARƏT PALATASININ ARBITRAJ İNSTITUTU,
AZƏRBAYCAN ARBITRAJ VƏ MEDIASIYA MƏRKƏZI VƏ
BAKER & MCKENZIE ŞIRKƏTININ BIRGƏ TƏDBIRI KEÇİRİLMİŞDİR

 
Azərbaycanın sürətli iqtisadi inkişafı, uğurla həyata keçirilən hüquqi islahatlar ölkəmizdə beynəlxalq təşkilatlarla əlaqələrin genişlənməsinə də münbit şərait yaradır, həm də yeni müstəqil qeyri-dövlət qurumlarının yaradılmasını da zəruri edir. Azərbaycanda müstəqil beynəlxalq arbitraj məhkəməsinin təşkili və fəaliyyəti də məhz respublikamızın dünya birliyinə uğurlu inteqrasiyasının təzahürüdür.

11-13 fevralda Bakı şəhərində “Grand Hotel Europe” mehmanxanasında Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin təşkilati dəstəyi ilə Stokholm Ticarət Palatası Arbitraj İnstitutu və “Beyker və Makenzi” Hüquq Firmasının iştirakı ilə beynəlxalq kommersiya arbitrajı üzrə praktikum keçirilmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə dair İşlər üzrə Məhkəmə Kollegiyasının sədri Hikmət Mirzəyev, Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin sədri Vidadi Mirkamal və Stokholm Ticarət Palatasının Arbitraj İnstitutunun hüquqşünası Natalya Petrik açılış mərasimində çıxış edərək, arbitraj ideyalarının dünyada getdikcə daha geniş yayılmasından, Azərbaycanda bu sahədə görülmüş müsbət işlərdən, arbitraj institutlarının beynəlxalq əməkdaşlığının əhəmiyyətindən danışıblar. Sonra proqrama uyğun olaraq, Stokholm Arbitrajının və “Beyker və Makenzi” Hüquq firmasının mütəxəssislərinin rus və ingilis dillərində beynəlxalq kommersiya arbitrajında işlərin aparılması üzrə məruzələri dinlənilib, müzakirələr aparılıb.
Tədbirə gələn qonaqlar Hüquqi İslahatlara Yardım Mərkəzinin təsisçiliyi ilə yaradılmış Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin, Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin ofisində də olub, qurumun fəaliyyəti, əməkdaşları ilə yaxından tanış ediliblər, azərbaycanlı arbitrləri maraqlandıran sualları cavablandırıb və ölkəmizdə beynəlxalq arbitrajın uğurla fəaliyyət göstərməsindən, bunun üçün hər cür şəraitin mövcud olmasından məmnun olduqlarını bildiriblər, əməkdaşlığın bundan sonra da davam edəcəyini vurğulayıblar.
Fevralın 12-də Parlament binasında Milli Məclisinin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət xanım Aslanova, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komissiyasının sədri Əli Hüseynov, Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov və Milli Məclisin bir qrup üzvü Bakıda keçirilən beynəlxalq kommersiya arbitrajı üzrə praktikumun təşkilatçıları ilə görüşmüşlər. Görüşdə Hüquqi İslahatlara Yardım Mərkəzinin sədri Fətəli Abdullayev,  Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin direktoru Natiq Abdullayev, Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin sədri Vidadi Mirkamal, Baş katibi Alidə Mahmudova, Stokholm Ticarət Palatasının Arbitraj İnstitutunun hüquqşünası Natalya Petrik, qrup rəhbərləri Vladimir Xvaley, Tatyana Slipaçuk, “Beyker və Makenzi” Beynəlxalq Hüquq Firmasının tərəfdaşı Yonas Benediktsson, “Vinqe” Hüquq Firmasının tərəfdaşı Krister Soderlund iştirak ediblər. Stokholmdan gəlmiş qonaqlar  arbitraj ideyalarının dünyada getdikcə daha geniş yayılmasından, Azərbaycanda bu sahədə mühüm işlərin görüldüyünə şahid olduqlarından, arbitraj institutlarının beynəlxalq əməkdaşlığının əhəmiyyətindən danışaraq səmimi qəbul üçün təşəkkürlərini bildiriblər.
Qonaqlar, həmçinin, Azərbaycanda gördükləri iqtisadi yüksəlişdən, hüquq islahatlarının, Avropa ailəsinin bərabərhüquqlu üzvü olmaq yolunda respublikamızda həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını da vurğulayıblar.
Qeyd edək ki, 3 gün davam edən praktikumun məqsədi Azərbaycan hüquqşünaslarına təcrübi məşğələlər keçmək, müəyyən mübahisədə arbitraj prosesinin aparılmasının əsasını təşkil edən prinsip və qaydaların tətbiqini əyani şəkildə göstərmək idi. Praktikumda arbitraja dair ərizələr, cavabdehin izahatları, iddia ərizələri və sair əsas sənədlərin hazırlanması da öyrədilib. Bütün praktiki çalışmalar, mühazirələr xarici ekspertlərin rəhbərliyi ilə rus və ingilis dillərində aparılıb, Azərbaycan dilinə sinxron tərcüməsi də təmin edilib. Tədris edilən iş üzrə səhnələşdirilmiş proses rus dilində aparılıb.
Sonda iştirakçılara Stokholm Ticarət Palatasının Arbitraj İnstitutunun müvafiq diplomları verilib.
Xatırladaq ki, İsveç dünyada qədim və zəngin arbitraj ənənəsi olan ölkələrdəndir. Arbitrajla bağlı ilk müddəalar İsveç qanunvericiliyində hələ 1359-cu ildə qəbul edilmişdir. İlk Arbitraj Qanunu isə 1887-ci ildə qəbul olunmuşdur. Stokholm Ticarət Palatası Arbitraj İnstitutu 1917-ci ildə yaradılıb və Palatanın nəzdində ayrı bir qurum kimi fəaliyyət göstərir. 1970-cil illərdə İnstitut ABŞ və SSRİ tərəfindən Qərb-Şərq ticarət mübahisələrinin həlli üçün neytral mərkəz olaraq tanınmışdır. Keçən bu müddət ərzində Stokholm Arbitraj İnstitutu dünyanın ən qabaqcıl arbitraj mərkəzlərindən birinə çevrilib. Bir müddət əvvəl Rusiya ilə Ukrayna arasında qaz nəqli ilə bağlı mübahisələrə də Stokholm Arbitrajında baxılır.