LAYİHƏMİZİN İCRASI ÖLKƏMİZDƏ MÜSTƏQİL ARBİTRAJ İNSTİTUTUNUN İNKİŞAFINA DƏSTƏK VERƏCƏKDİR

demo


PRESS-RELİZ: LAYİHƏMİZİN İCRASI ÖLKƏMİZDƏ MÜSTƏQİL
ARBİTRAJ İNSTİTUTUNUN İNKİŞAFINA DƏSTƏK VERƏCƏKDİR


Hüquqi İslahatlara Yardım Mərkəzi İctimai Birliyinin bu il təqdim etdiyi “Azərbaycanda arbitraj institutunun inkişafı və mübahisələrin alternativ həlli sahəsində qanunvericilik bazasına təkliflərin dəstəklənməsi” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının QHT-lərə maliyyə yardımı müsabiqəsinin qaliblərindən biri olmuşdur.

“Layihənin İcra Planı”na uyğun olaraq, mayın 1-dən başlayaraq təşkilati-texniki tədbirlər həyata keçirilir. Nəzərdə tutulan işlərin reallaşdırılması üçün hazırlıq işləri görülür, işçi qrupları yaradılır, tanınmış təcrübəli ekspertlər cəlb olunur. Layihədə nəzərdə tutulan-arbitraj sahəsində nəşr ediləcək kitab üçün materiallar seçilmiş və tərcümə işlərinin yerinə yetirilməsinə dair sifarişlər verilmişdir. Eyni zamanda, “Beynəlxalq Arbitraj haqqında” AR Qanununa əlavə və dəyişikliklər, “Münsiflər Məhkəməsi haqqında” və “Mediasiya haqqında” AR Qanunu layihələrinin və digər normativ aktlara  əlavə və dəyişikliklərin hazırlanıb paket halında müvafiq qurumlara təqdim olunması üçün təşkilati işlər görülür. Hesab edirik ki, ölkədaxili qanunvericiliyə və beynəlxalq təcrübəyə əsaslanmaqla BKAM-ın fəaliyyətini inkişaf etdirmək, yəni bütövlükdə ölkəmizdə arbitraj ideyalarını və institutunu inkişaf etdirmək bu gün çox zəruridir. Ancaq bu sahədə müəyyən problemlər var və onların həll olunması vacibdir.
Müstəqil arbitraj institutu kimi BKAM-ın fəaliyyətinin daha səmərəli təşkilinə mane olan və aradan qaldırılmasına ehtiyac duyulan bu problemi qısaca aşağıdakı kimi ümumiləşdirmək olar:
-Arbitraj sahəsində Azərbaycan dilində ədəbiyyat qıtlığı var, dərs vəsaitləri, elmi tədqiqatlar, praktiki təcrübə vəsaitləri demək olar ki, yoxdur. Bu sahə ilə maraqlanan şəxslər, mütəxəssislər yalnız internet vasitəsilə xaricdə dərc olunmuş ədəbiyyatlardan, özü də xarici dillərdə bilgi əldə edə bilirlər. Son vaxtlarda Cəmiyyətin nəşr etdirdiyi qəzet materialları, broşüra və kitablar bu sahədə boşluğu qismən aradan qaldırsa da ədəbiyyat problemi qalmaqdadır.
-Arbitraj ideyasının populyarlığının artırılması və sahibkarlar tərəfindən daha səmərəli anlaşılması üçün məqsədyönlü maarifləndirmə tədbirlərinə zərurət vardır.
-Müasir dünya standartlarına uyğun arbitraj proseslərinin təşkili, mübahisələrin ədalətli və peşəkar həllinə nail olunması üçün yüksək ixtisaslı kadrların çatışmaması problemi var. Azərbaycanda mülki hüquq sahəsində kifayət qədər hüquqşünaslar, mütəxəssislər, alimlər var. Ancaq arbitraj hüququ, arbitraj prosessual hüququ sahəsində mütəxəssislər azdır, hüquqşünasların bu sahədə təcrübələri hələ ki, beynəlxalq standartlarla müqayisədə qənaətbəxş deyil.  
-Beynəlxalq arbitraj institutlarının təcrübəsini əyani şəkildə öyrənmək üçün BKAM-ın arbitrlərinin xaricə ezamiyyələri təşkil olunmalı və yaxud dünyanın nüfuzlu və məşhur arbitraj məhkəmələrinin təcrübəli mütəxəssislərinin Azərbaycana ezamiyyəsini təşkil etmək zəruridir.
-Mübahisələrin məhkəmədənkənar alternativ üsullarla həlli mexanizmlərini daha geniş tətbiq etmək üçün qanunvericilik bazasının təkmilləşdirilməsinə zərurət vardır.
Həyata keçirilən layihənin məqsəd və vəzifələrinə yuxarıda sadalanan bu problemlərin aradan qaldırılması ilə:
- müstəqil arbitraj institutu kimi BKAM-ın fəaliyyətini inkişaf etdirməkdə irəliyə doğru daha bir addım atmaq;
- beynəlxalq təcrübənin öyrənilməsi;
- maarifləndirmə və kadr hazırlığını təmin etmək;
-mübahisəlrin alternativ, məhkəmədənkənar üsullarla həlli mexanizmlərini təkmilləşdirmək məqsədilə qanunvericilik bazasına təkliflər hazırlamaq;
BKAM-ın fəaliyyətində iştirak edəcək peşəkar və təcrübəli kadrların hazırlanması bu qurumun fəaliyyətinə inamı və nəticədə mübahisələrin ədalətli həllini təmin edəcək. Azərbaycanda müstəqil arbitraj institutunda mübahisələri həll edəcək peşəkar kadrların olması xarici və yerli sahibkarlıq subyektlərinin öz hüquqlarını səmərəli müdafiə etməyə, qarşılıqlı etimad və əməkdaşlıq zəminində kommersiya mübahisələrinin həllinə zəmin yaradar. BKAM-ın müstəqil arbitraj institutu kimi inkişafı bütövlükdə regionda sərmayə yatıran beynəlxalq şirkətlərin, xarici sahibkarlıq subyektlərinin maraqlarının təminatında səmərəli rol oynaya bilər ki, bu da öz növbəsində azad sahibkarlıq mühitinin formalaşmasında öz təsirini göstərəcək. Eyni zamanda; ictimaiyyət, sahibkarlıq subyektləri və hüquqşünaslar arasında arbitrajın zərurəti ilə bağlı mülahizələri daha da genişləndirmək, arbitraj ideyasının daha da populyarlaşdırılması, BKAM-ın ölkə daxilində və xaricdə daha yaxşı tanınması üçün maarifləndirmə tədbirlərini davam etdirmək; BKAM-ın normal fəaliyyəti, kommersiya mübahisələrinin ədalətli, peşəkar və effektli həllini təmin etmək üçün arbitraj hüququ, arbitraj prosessual hüququ sahəsində dünya təcrübəsini, beynəlxalq qanunvericiliyi və ticarət adət-ənənələrini bilən yüksək ixtisaslı mütəxəssislərin (arbitrlərin) hazırlanması; Beynəlxalq arbitraj təcrübəsinin daha yaxından öyrənilməsi üçün BKAM-ın arbitrlərinin xarici ölkələrə ezamiyyəsini və dünyanın arbitraj sahəsində təcrübəli və nüfuzlu institutlarından mütəxəssisin dəvət olunmasını təşkil etmək, onun iştirakı ilə dəyirmi masanın təşkili, təcrübə mübadiləsi və əldə olunan biliklərin BKAM-ın fəaliyyətində tətbiqinə nail olmaq;Arbitraj və mübahisələrin məhkəmədənkənar digər alternativ üsullarla həlli sahəsində ədəbiyyat boşluğunun aradan qaldırılması məqsədilə yeni kitabların çap edilməsi, BKAM-ın nəzdində bütün maraqlanan şəxslər, xüsusən, sahibkarlıq subyektləri, hüquqşünaslar, tələbələr, elmi araşdırmaçılar üçün açıq olan informasiya bankının, kitabxananın yaradılmasına başlamaq; "Beynəlxalq arbitraj haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər, "Mediasiya (barışıq) haqqında" AR Qanunu, "Münsiflər məhkəməsi haqqında" AR Qanunu layihələrinin və bu qanunların qəbul olunması ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə və digər normativ aktlarına əlavə və dəyişikliklərin hazırlanması və paket halında təkliflərin Azərbaycan Respublikasının müvafiq orqanlarına təqdim edilməsi.
Hesab edirik ki, bu məqsədlərə nail olmaqla müstəqil arbitraj institutu kimi BKAM-ın inkişafına doğru daha bir real addım atılar. Keçirilən seminar-məşğələlərin nəticəsində Azərbaycanda arbitraj sahəsində mütəxəssislərin və iş adamlarının bilikləri artar, arbitr qismində çıxış edəcək şəxslər yeni təcrübə əldə edərlər. Bu nəticələr azad sahibkarlıq mühitinin formalaşmasına müsbət təsir etməklə yanaşı, bütövlükdə cəmiyyətdə sağlam rəqabət, ədalətlilik, qarşılıqlı etimad və əməkdaşlıq meyllərinə yol açar, Azərbaycan Respublikasının dünya sivilizasiyasına inteqrasiyasını və Azərbaycanda hüquq islahatlarını daha da sürətləndirər. Beləliklə, təqdim olunan layihədə qoyulan məqsədlər təkcə sahibkarlıq mühiti, iş adamları üçün deyil, bütövlükdə cəmiyyət həyatı üçün əhəmiyyətli və zəruridir.
Həyata keçirilən layihənin uğurlu icrası Azərbaycan Respublikasının dövlət rəhbərliyi tərəfindən həyata keçirilən hüquqi islahatların, xüsusən, məhkəmə-hüquq islahatlarının dəstəklənməsində mühüm rol oynayacaq və bütövlükdə cəmiyyətin ümumi inkişafı maraqlarına cavab verəcəkdir.
Eyni zamanda, layihənin həyata keçirilməsi daha konkret mənada sahibkarlığın inkişafının dəstəklənməsinə, sosial tərəfdaşlıq mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edəcəkdir. Layihənin həyata keçirilməsindən faydalananların sırasına aşağıdakı qrupları aid etmək olar: BKAM-ın arbitrləri siyahısında olan şəxslər (beynəlxalq və yerli arbitrlər); sahibkarlar, xarici və yerli şirkətlərin rəhbərləri, kommersiya müqavilələrinin bağlanmasını həyata keçirən menecerləri və hüquqşünasları; ixtisaslaşdırılmış iqtisad məhkəmələrinin və ümumi yurisdiksiyalı məhkəmələrin hakimləri; nümayəndəlik fəaliyyətilə məşğul olan praktik hüquqşünaslar və vəkillər; beynəlxalq arbitraj sahəsi ilə məşğul olan, tədqiqatlar aparan hüquqşünaslar, ali məktəblərin hüquq fakültəsinin müəllimləri və tələbələri, aspirantlar və elmi işçilər; qanunvericilik təşəbbüsləri ilə çıxış etmək səlahiyyəti olan subyektlər. Layihə üzrə nəzərdə tutulan işlər əsas etibarilə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində həyata keçiriləcək. Layihənin məqsədlərindən irəli gələn vəzifələrin icrası ilə bağlı layihə iştirakçılarının xarici ölkəyə ezamiyyəsi nəzərdə tutulmuşdur.
Eyni zamanda, göstərilən layihənin reallaşması çərçivəsində aşağıdakı tədbirlərin görülməsi də nəzərdə tutulur: Dəyirmi masanın keçirilməsi: Tədbirdə İş adamlarının, mütəxəssislərin, BKAM-ın arbitrlərinin, dövlət orqanlarının, ümumi və ixtisaslaşmış məhkəmələrin nümayəndələrinin, hakimlərin iştirakı ilə beynəlxalq arbitraj institutunun inkişaf etdirilməsinə dair müzakirələr keçiriləcək, təklif və mülahizələr öyrəniləcəkdir. Seminar-məşğələlərin keçirilməsi: Seminar-məşğələlərdə beynəlxalq arbitrajın mahiyyəti, arbitraj prosesinin aparılması qaydaları, bu sahədə beynəlxalq təcrübəyə dair məlumatlar veriləcək, əyani arbitraj prosesləri təşkil ediləcək. Bu tədbirlərdə BKAM-ın arbitrlərinin, arbitr qismində çıxış etmək istəyən və bu vəzifənin öhdəsindən gəlməyə qabiliyyətli olan mütəxəssislərin ixtisas səviyyəsinin, bilik və təcrübəsinin artırılması məqsədi gözlənilir. Seminar-məşğələlər müvafiq qrafiklə BKAM-ın təqdim edilən arbitrləri siyahısından seçilmiş 30 nəfər şəxsin iştirakı ilə keçiriləcək.Seminar-məşğələləri təqdim olunan mövzular üzrə arbitraj hüququ və beynəlxalq hüquq üzrə təcrübəli, tanınmış mütəxəssislər aparacaqlar. Beynəlxalq sənədlərin öyrənilməsi, tərcümə və kitab çapı: Mərkəzimizin əməkdaşları tərəfindən arbitraj sahəsində beynəlxalq təcrübə, normativ sənədlər və konvensiyaların toplanması, Azərbaycan dilinə tərcüməsi işi həyata keçiriləcək. Həmin sənədlərin Azərbaycan dilində mütəxəssislərin istifadəsinə verilməsi üçün kitab halında çap edilməsi nəzərdə tutulur. Beynəlxalq sənədlər, konvensiyalar və onların şərhinə dair məlumatlardan ibarət toplu 400 səhifəyə yaxındır. Həmin kitabın 500 nüsxədə çap edilməsi və pulsuz paylanmaqla mütəxəssislərin ixtiyarına verilməsi.
Maarifləndirmə tədbirləri: Dövri mətbuatda məqalələr və TV verilişi: Layihə çərçivəsində mütəmadi olaraq dövri mətbuatda maarifləndirmə məqsədləri ilə informasiya və təhlili yazılar dərc olunacaq. Bununla yanaşı beynəlxalq arbitraj ideyasının daha da populyarlaşdırılması, ölkə ictimaiyyətinə daha geniş təqdim edilməsi məqsədilə layihə çərçivəsində 1 dəfə televiziya verilişinin hazırlanması və nümayişi nəzərdə tutulur. Verilişdə BKAM-ın səlahiyyətləri, işlərə baxması qaydaları, beynəlxalq arbitraj prosesinin predmeti ola biləcək mübahisələrin xarakteri və s. barədə maarifləndirici məlumatlar təqdim edilməklə, mütəxəssislərin iştirakı ilə arbitrajın inkişaf istiqamətləri müzakirə olunacaqdır.Beynəlxalq təcrübənin öyrənilməsi sahəsində: Beynəlxalq arbitraj sahəsində formalaşmış təcrübənin öyrənilməsi üçün BKAM-ın əməkdaşlarından və yaxud layihə iştirakçılarından birinin xarici ölkəyə ezam olunması. Beynəlxalq təcrübənin yaxından öyrənilməsi, təcrübə mübadiləsi yolu ilə BKAM-ı beynəlxalq aləmdə tanıtmaq.Qanunvericiliyə təkliflər sahəsində: "Beynəlxalq arbitraj haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər, "Mediasiya (barışıq) haqqında" AR Qanunu, "Münsiflər məhkəməsi haqqında" AR Qanunu layihələrinin və bu qanunların qəbul olunması ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə və digər normativ aktlarına əlavə və dəyişikliklərin hazırlanması və paket halında təkliflərin Azərbaycan Respublikasının müvafiq orqanlarına təqdim edilməsi.Beynəlxalq arbitraj sahəsində ədəbiyyat toplanması; BKAM-ın arbitrləri, sahibkarlıq subyektlərinin nümayəndələri, hüquqşünaslar və vəkillər, tələbə və aspirantlar, elmi araşdırmaçılar üçün açıq olan informasiya bankının, kitabxananın yaradılmasına başlamaq; layihənin məqsədləri üçün digər tədbirlərin həyata keçirilməsi, texniki məsələlərin həlli.
6 ay davam edəcək layihənin həyata keçirilməsi ilə aşağıdakı nəticələrin əldə olunacağı gözlənilir: Azərbaycanda arbitraj məhkəməsinin fəaliyyəti barədə daha geniş təbəqələr, hüquqşünaslar və iş adamları daha çox məlumat alacaqlar.
Maarifləndirmə tədbirləri nəticəsində, xüsusən, TV verlişinin efirdə yayılması ilə  arbitrajın populyarlığı artacaq.BKAM-ın fəaliyyəti, işəbaxma qaydaları və proseduru, arbitrajın prinsipləri maraqlanan şəxslərə, şirkətlərin nümayəndələrinə və hüquqşünaslara aydınlaşdırılacaq.Seminar-məşğələlərin nəticəsində gələcək arbitrlərin bilik və ixtisas səviyyələri yüksələcək və onların təcrübəsi qismən artacaq.BKAM-ın dünyada tanınmasına doğru daha bir addım atılacaq və arbitraj prosesi sahəsində beynəlxalq təcrübənin öyrənilməsinə imkan yaranacaq.Çap olunacaq kitab arbitraj institutu haqqında beynəlxalq sənədlərin, konvensiyaların Azərbaycan dilində mütəxəssislərə daha çox məlumat əldə etməsinə imkan verəcək. Beynəlxalq arbitraj sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, o cümlədən, mübahisələrin alternativ üsullarla həlli sahəsində Azərbaycan Respublikasının qanunvericilik bazasının yaradılmasında real addımlar atılacaq; Eyni zamanda qeyd olunmalıdır ki, təqdim olunan layihənin həyata keçirilməsi ilə yanaşı, təşkilatımız tərəfindən yuxarıda göstərilən və digər problemlərin həlli üçün mütəmadi tədbirlər davam etdirilir.
Layihənin həyata keçirilməsi barədə mütəmadi olaraq dövri mətbuatda məlumatlar veriləcək. Bununla yanaşı, İctimai Birliyin daim fəaliyyətdə olan və yeniləşən internet səhifəsində layihənin həyata keçirilməsi mərhələləri, keçirilən tədbirlər, əldə olunan nəticələr barədə mütəmadi məlumatlar yerləşdiriləcək. Layihənin icrası haqqında sahibkarlar, özəl sektorda çalışan, eləcə də digər praktiki hüquqşünaslar, vəkillər, cəmiyyətin ayrı-ayrı təbəqələri, dövlət və qeyri-dövlət təsisatları layihə üzrə görülən tədbirlər vasitəsilə məlumatlandırılacaqlar. Layihə çərçivəsində hazırlanan kitabın nəşr olunaraq pulsuz paylanması, dövri mətbuatda müxtəlif səpkili məqalə və məlumatların dərci, dəyirmi masanın, seminar-məşğələlərin keçirilməsi layihə haqqında cəmiyyətin informasiya əldə etməsini təmin edəcək.
Qanun layihələrinin təkliflər paketi şəklində müvafiq orqanlara təqdim olunması ilə qanunvericilik təşəbbüsü ilə çıxış etmək səlahiyyəti olan subyektlər, digər dövlət qurumları, parlamentin üzvləri həyata keçirilən işlər barədə geniş məlumat əldə edəcəklər. Layihənin icrası başa çatdırıldıqdan sonra da bu istiqamətdə işlər davam etdiriləcək. Yuxarıda qeyd olunduğu kimi, İctimai Birlik olaraq ölkəmizdə arbitraj institutunun və mübahisələrin alternativ həlli yollarının inkişaf etdirilməsi ilə mütəmadi məşğul oluruq. Layihənin icrası başa çatdıqdan sonra da bu istiqamətdə tədbirlər davam etdiriləcək: Mübahisələrin məhkəmədənəknar alternativ üsullarla həlli ilə məşğul olmaq üçün yüksək ixtisaslı kadrların hazırlığı və daim təkmilləşdirilməsi işi; Maarifləndirmə tədbirlərinin və beynəlxalq təcrübənin öyrənilməsinin mütəmadi davam etdirilməsi; Yerli mütəxəssislərin beynəlxalq təcrübə və beynəlxalq sənədlərlə mütəmadi tanış olmaları üçün informasiya bazası – kitabxananın yaradılması;  Sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsində həll edilməsi üçün zəruri təşkilati və texniki tədbirlərin görülməsi; Layihə çərçivəsində hazırlanacaq qanunvericiliyə təkliflərin səlahiyyətli orqanlarda müzakirəsi və qəbul edilməsi istiqamətində fəaliyyət; bu qanun layihələrinin qəbul edilməsi ilə, həmçinin, layihənin real nəticələri özünü əyani şəkildə göstərəcək və bununla da ölkəmizdə sivil demokratik dövlət quruculuğunun mühüm əlamətlərindən biri olan müstəqil arbitraj institutunun inkişafına layiqli töhfə verəcəkdir.