BAKIDA İTALİYA VƏ AZƏRBAYCAN ARBİTRAJ İNSTİTUTLARININ BİRGƏ SEMİNARI KEÇİRİLMİŞDİR

demo

BAKIDA İTALİYA VƏ AZƏRBAYCAN ARBİTRAJ
İNSTİTUTLARININ BİRGƏ SEMİNARI KEÇİRİLMİŞDİR

2 may 2009-cu ildə Bakı şəhərində “Hyatt Regency” hotelinin "Bakı" zalında Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi (AAMM) və Venesiya Arbitraj Palatasının birgə seminarı keçirilib. Qeyd edək ki, 29 yanvar 2008-ci ildə Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi ilə  Venesiya Arbitraj Palatası arasında əməkdaşlıq müqaviləsi bağlanmışdır və bu seminar da həmin müqaviləyə uyğun olaraq təşkil edilib.


Tədbirdə AAMM-ın direktoru Natiq Abdullayev, rəhbərlik etdiyi qurumun ilbəil genişlənməkdə olan beynəlxalq əlaqələrindən bəhs edərək bildirib ki, seminarın məqsədi İtaliya və Azərbaycanın  arbitraj təcrübəsini öyrənməkdir.
Milli Məclisin İnsan hüquqları daimi komitəsinin sədri Rəbiyyət Aslanova deyib ki, dünya indiki inkişafında tamamilə yeni mərhələyə qədəm qoyub və ölkəmiz də qloballaşan dünyada öz yerini tutmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ardıcıl islahatlar həyata keçirib, sivil dünya birliyinin tam bərabərhüquqlu üzvünə çevrilib. Professor R.Aslanova  respublikamızda arbitraj ideyalarının yayılması, təbliği və institusional quruculuğunda AAMM-ın mühüm rolundan danışaraq bu qurumun martda Stokholm Arbitrajı ilə də belə bir tədbiri yüksək səviyyədə keçirdiyini qeyd edib, 10-dan ölkənin nüfuzlu arbitraj institutu ilə əməkdaşlıq müqaviləsi bağladığını vurğulayaraq seminarın işinə uğurlar arzulayıb.
1 Saylı Bakı Yerli İqtisad Məhkəməsinin sədri Müseyib Hüseynov, Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin (BKAM) sədri Vidadi Mirkamal, Venesiya Arbitraj Palatasının Prezidenti Patrizia Chiampan, Baş katibi Paolo Brugnera, Direktoru Mario Feltrin, Əqli Mülkiyyət Hüquqşünaslar Assosiasiyasının üzvü Fabrizio Seno, Venesiya Vəkillər Şurasının üzvü, Venesiya Beynəlxalq  Mənzil Sahibləri Assosiasiyasının Prezidenti Ruggero Sonino, BKAM-ın baş katibi Alidə Mahmudova və başqalarının çıxışlarında həm İtaliya, həm də Azərbaycanda arbitraj və mediasiyanın hüquqi bazası, qanunvericiliyin əsas tələbləri, inkişaf tarixi, müasir təcrübə və perspektivləri barədə ətraflı məlumat, şərhlər verilib, müxtəlif mövzularda məruzələr dinlənilib, işgüzar müzakirə və fikir, təcrübə mübadiləsi aparılıb, belə tədbirlərin əhəmiyyəti və əməkdaşlığın davam etdiriləcəyi qeyd olunub.
Seminarda ölkəmizdə fəaliyyət göstərən QHT  rəhbərləri, məhkəmələrin və digər dövlət təşkilatlarının, KİV-lərin nümayəndələri, arbitrlər, hüquqşünaslar, xarici və yerli şirkətlərin təmsilçiləri,  sahibkarlar  iştirak edib.
Seminar respublikamızın kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.
Tədbirin sonunda iştirakçılara Venesiya Arbitraj Palatasının sertifikatları verilib.
İtaliyalı qonaqlar dünya sivilizasiyasının ən qədim məskənlərindən biri sayılan Qobustanda olmuş, Bakı şəhərində və İsmayıllı rayonundakı tarixi yerləri də gəzib.
Qonaqlara xalqımızın tarixi keçmişi, mədəniyyəti barədə ətraflı məlumat verilib. Qonaqlara hədiyyələr təqdim olunub.
Venesiya Arbitraj Palatasının rəhbərləri ilk dəfə olduqları qonaqpərvər Bakıda gördüklərindən  məmnun qalib, xalqımızın tarixi ilə bağlı yerlərin, abidələrin, eləcə də respublikamızın müasir inkişaf səviyyəsinin onlarda xoş təəssürat yaratdığını bildiriblər.