Azərbaycan Beynelxalq Kommersiya Arbitraj Məhkəməsi Əsasnaməsi
AZƏRBAYCAN BEYNƏLXALQ KOMMERSİYA
ARBİTRAJ MƏHKƏMƏSİNİN
Ə S A S N A M Ə S İ
Bu Əsasnamə məhkəməyə aid olan mübahisələrin müqavilə və ya tərəflərin Sazişi ilə nəzərdə tutulan hallarda, pozulmuş və mübahisə edilən məsələlərin həll edilməsi məqsədilə «İNTERNATİONAL COMMERCİAL ARBİTRATİON» Cəmiyyəti yanında yaradılmış «Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi»nin səlahiyyətlərinin təşkilini, funksiyalarını, strukturunu, işlərə baxılma qaydasını, qərarların qəbulu və icraya yönəldilməsi məsələlərini, ayrı-ayrı hallarda hərəkət qaydalarını, digər münasibətlərin hüquqi əsaslarını tənzimləyir.
I F Ə S İ L
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Məhkəmənin səlahiyyətləri
1. «Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi» (bundan sonra – BKAM) 18 noyabr 1999-cu il tarixli «Beynəlxalq arbitraj haqqında» Azərbaycan Respublikası Qanununa əsasən öz fəaliyyətini könüllülük əsasında həyata keçirən müstəqil, daimi fəaliyyət göstərən arbitraj təşkilatıdır (münsiflər məhkəməsidir).
2. BKAM-a tərəflərin razılığı ilə xarici ticarət və beynəlxalq iqtisadi əlaqələrin digər növlərinin həyata keçirilməsindən yaranan müqavilə və digər mülki-hüquqi münasibətlərə dair mübahisələr (əgər tərəflərdən ən azı birinin kommersiya müəssisəsi xaricdə yerləşirsə), həmçinin, Azərbaycan Respublikasının ərazisində yaradılmış xarici investisiyalı və beynəlxalq birlik və təşkilatların öz aralarında və ya onların iştirakçıları arasında mövcud olan mübahisələr, eləcə də onlarla Azərbaycan Respublikasının digər hüquq subyektləri arasındakı mübahisələr verilə bilər.
Mülki-hüquqi münasibətlərdən yaranan mübahisələrə, xüsusilə, malların alqı-satqısına (çatdırılmasına), işlərin həll edilməsinə, xidmətlərin göstərilməsinə, malların və (və ya) xidmətlərin mübadiləsinə, malların və sərnişinlərin daşınmasına, ticarət nümayəndəliyinə və vasitəçiliyinə, icarəyə (lizinqə), elmi-texniki mübadiləyə, yaradıcılıq fəaliyyətinin digər nəticələrinin mübadiləsinə, sənaye və digər obyektlərin yaradılmasına, lisenziyalı əməliyyatlara, investisiyalara, kredit-hesablaşma əməliyyatlarına, sığortaya (təkrar sığortaya), müştərək sahibkarlığa, sənaye və sahibkarlıq kooperasiyasının digər formalarına dair münasibətlərdən yaranmış mübahisələr və s. kommersiya münasibətlərindən irəli gələn mübahisələr BKAM-ın həllinə verilə bilər.
3. BKAM mübahisələrə, tərəflər arasında yaranmış və ya yarana biləcək mübahisələrin həlli üçün yazılı Saziş və ya müqavilə qeyd-şərti olduqda, hazırki Əsasnaməyə uyğun olaraq baxır.
4. BKAM aşağıdakı hallarda beynəlxalq səlahiyyətlərə malik hesab edilir:
4.1. İşdə iştirak edən tərəflərdən hər hansı biri xarici şəxs olarsa və onun Azərbaycan Respublikasında yaşayış yeri, yaxud olduğu yer, yaxud da adətən gəldiyi yer olarsa;
4.2. Arbitraj razılaşması (arbitraj Sazişi) bağlananda onun tərəflərinin müəssisələri ayrı-ayrı dövlətlərdə yerləşmiş olarsa;
4.3. Aşağıdakı yerlərdən biri tərəflərin öz müəssisələrinin olduğu dövlətin hüdudlarından kənarda yerləşmiş olarsa:
- arbitrajın yeri – əgər bu yer arbitraj Sazişində və yaxud ona uyğun müəyyən edilmişdirsə;
- ticarət və kommersiya münasibətlərindən irəli gələn öhdəliklərin əsas hissəsinin icra edilməli olduğu hər hansı yer və yaxud mübahisə predmetinin sıx əlaqəli olduğu yer ;
4.4. Arbitraj Sazişinin predmeti bir necə dövlətlə əlaqəli olduqda və tərəflərin bu barədə razılığı varsa.
Maddə 2. Mübahisənin BKAM-a verilməsi barədə Saziş
1. Arbitraj Sazişi - tərəflər arasında hər hansı bir məsələ barədə yaranmış və ya yarana biləcək bütün və ya müəyyən mübahisələrin, onların müqavilə xarakteri daşıyıb-daşımamasından asılı olmayaraq, arbitraja verilməsi haqqında tərəflərin razılığıdır. Saziş müqavilədə arbitraj qeyd-şərti (əlavə bir müddəa şəklində) və ya ayrıca bir Saziş şəklində bağlanıla bilər. Saziş yazılı şəkildə bağlanılır.
2. Mübahisənin BKAM-a verilməsinə dair Saziş - tərəflərin imzaladığı sənəddə öz əksini taparsa, yaxud bu razılaşmanı təsbit etməyi imkan verən məktubların mübadiləsi yolu ilə, teletayp, teleqraf və ya digər elektron rabitəsi vasitələrindən istifadə etməklə məlumat verilərsə, yazılı şəkildə bağlanılmış hesab edilir. Arbitraj qeyd-şərtinə müqavilədə istinad edilməsi Arbitraj Sazişi hesab olunur, bu şərtlə ki, müqavilə yazılı şəkildə bağlanmışdır və bu istinad həmin qeyd-şərti müqavilənin bir hissəsinə çevirir.
3. Bu maddənin 1-ci və 2-ci hissələri ilə nəzərdə tutulmuş normalara əməl edilmədikdə, Saziş bağlanılmamış hesab edilir.
4. BKAM tərəfindən müqavilənin etibarsız hesab edilməsi, mübahisənin BKAM-a verilməsi barədə Sazişin etibarsız hesab edilməsinə səbəb olmur.
5. Əgər iddiaçı tərəfindən BKAM-a iddia ərizəsi, cavabdehdən isə iddia ərizəsinə rəy verilibsə, mübahisənin BKAM-a baxılmasına verilməsi haqqında razılaşma bağlanmış hesab olunur.
Maddə 3. Etiraz hüququndan imtina etmə
Tərəf, bu Əsasnamnin hər hansı müddəasının yerinə yetirilməsinin mümkünsüzlüyü və ya arbitraj sazişinin hər hansı tələbinə əməl edilməməsi barədə məlumatlı olmasına baxmayaraq arbitraj prosesində iştirak edirsə və buna 15 gün ərzində öz etirazını bildirmirsə, həmin tərəf özünün etiraz hüququndan imtina etmiş sayılır.
Maddə 4. Arbitraj araşdırmasının əsasları
BKAM öz vəzifəsini həyata keçirərkən müstəqildir və heç kimdən asılı deyildir.
BKAM-ın arbitrləri (hakimləri) baxdıqları mübahisəli işdə tərəflərin nümayəndəsi kimi çıxış edə bilməzlər.
BKAM-da mübahisələrin həlli tərəflərin hüquq bərabərliyi prinsipi əsasında həyata keçirilir.
Tərəflərin hər biri öz mövqeyini bildirmək və hüquqlarını müdafiə etmək üçün bərabər hüquqlara malikdir.
Maddə 5. Arbitraj araşdırmasının iştirakçıları
İşdə iştirak edən tərəflər və üçüncü şəxslər iştirakçı hesab olunurlar. Arbitraj araşdırmasının tərəfləri hüquqi şəxslər və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir.
Özünün mənafeyi naminə iddia qaldırmış hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər iddiaçı hesab olunurlar.
İddia tələbinin yönəldiyi hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər cavabdeh hesab olunurlar.
Məhkəmə aktı ilə mənafeyinə toxunulan hər hansı bir şəxs tərəflərin razılığı ilə üçüncü şəxs qismində işə cəlb edilə bilər.
Maddə 6. İşdə iştirak edən şəxslərin hüquq və vəzifələri
İşdə iştirak edən şəxslər bu Əsasnamə və qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.
İşdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərardadlarından, tərəflərin Sazişində nəzərdə tutulduğu hallarda məhkəmə qətnaməsindən Rəyasət Heyətinə şikayət etmək və sair hüquqlara malikdirlər.
Maddə 7. Mübahisəyə baxılmaq imkanının olmaması
barədə məsələnin BKAM tərəfindən həll edilməsi
Mübahisənin BKAM-a verilməsi barədə Sazişin olması və ya etibarlılığı məsələsini BKAM müstəqil surətdə həll edir. BKAM tərəflərin Sazişinin mövcud olmadığını və ya etibarsız olduğunu müəyyən etdiyi hallarda mübahisə həll edilmək üçün aiddiyyatı məhkəməyə verilə bilər.
Maddə 8. Dövlət müdaxiləsinin hüdudları
«Beynəlxalq arbitraj haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Əsasnamə ilə tənzimlənən məsələlərə heç bir məhkəmə müdaxiləsinə yol verilmir.
Maddə 9. Konfidensiallıq
Məhkəmə arbitrləri (hakimləri), katibliyin əməkdaşları və məruzəçilər məhkəmə araşdırması üçün alınmış bütün məlumatları gizli saxlamağa borcludurlar.
Maddə 10. BKAM-ın yerləşdiyi və məhkəmə iclaslarının
keçirildiyi yerlər
1. BKAM Bakı şəhərində yerləşir.
2. Tərəflər məhkəmə iclaslarının Azərbaycan Respublikasının istənilən ərazisində keçirilməsi üçün razılaşa bilərlər. Bu halda Bakı şəhərindən kənarda keçirilən məhkəmə iclaslarının əlavə xərclərinin ödənilməsi mübahisə edən tərəflərin üzərinə düşür. BKAM tərəflərdən bu xərclərin qabaqcadan ödənilməsini və ya ödənilməsinə dair təminat verilməsini tələb edə bilər.
3. Zərurət olduqda, BKAM-ın sədrinin razılığı ilə Arbitraj Kollegiyası və ya işə təkbaşına baxan arbitr Azərbaycan Respublikasının istənilən ərazisində məhkəmə iclasını keçirə bilər.
Maddə 11. Sənədlərin təqdim edilmə qaydası
1. Əgər BKAM-ın məsul katibi tərəfindən başqa zəruri hal təyin edilmirsə, Arbitraj araşdırmalarının başlanmasına və həll edilməsinə aid bütün sənədləri tərəflər BKAM-a 5 nüsxədə təqdim edirlər. Mübahisəyə təkbaşına arbitr baxırsa, sənədlər 3 nüsxədə təqdim edilməlidir.
2. Bu maddənin 1-ci bəndində göstərilən sənədlər, yazılı sübutlar istisna olmaqla, müqavilə tərtib edilən dildə və yaxud Azərbaycan dilində təqdim edilir. BKAM öz təşəbbüsü və ya tərəflərin birinin xahişinə əsasən digər tərəfdən təqdim edilən sənədlərin Azərbaycan dilinə tərcüməsini və ya həmin tərcümənin tərəfin öz hesabına təmin edilməsini tələb edə bilər.
Maddə 12. İşə baxılma dili
İşə Azərbaycan dilində baxılır. BKAM tərəflərin razılığı ilə işə başqa dildə də baxa bilər. Əgər tərəf məhkəmə iclası aparılan dili bilmirsə, BKAM tərəfin xahişi ilə və tərəfin öz hesabına onu tərcüməçi ilə təmin edir.
Maddə 13. Araşdırmanın müddəti
BKAM işin araşdırılmasını mümkün qədər, Arbitraj Kollegiyasının (və yaxud təkbaşına arbitrin seçilməsi və ya təyin edilməsi) bu Əsasnaməyə uyğun olaraq təşkil edildiyi andan 90 gün müddətində başa çatdırmalıdır. Zərurət olduqda Arbitraj Kollegiyası (və ya işə təkbaşına baxan arbitr) bu müddəti artıra bilər.
Maddə 14. Sənədlərin göndərilməsi və ya verilməsi
1. BKAM-ın katibliyi işə dair bütün sənədləri tərəflərin göstərdiyi ünvanlara göndərir. Tərəflər əvvəl göstərdikləri ünvanların dəyişilməsi haqqında BKAM-a dərhal məlumat verməlidirlər.
2. İddia ərizələri, iddia üzrə izahatlar, göndərişlər, arbitraj qətnamələri, qərarları və qərardadları, bildirişlər sifariş məktubu vasitəsilə və ya belə məlumatların çatdırılmasının digər formalarına uyğun olaraq qeydiyyatdan keçirilmək şərtilə göndərilir.
3. Digər sənədlər sifarişli və ya sadə məktub vasitəsilə, xəbərdarlıq və bildiriş isə teleqrafla, teletaypla, telefaksla tərəflərin göstərdiyi ünvana (və ya nömrələrə) göndərilə bilər.
4. Yuxarıda qeyd edilən sənədlərdən hər hansı biri tərəflərin özlərinə iltizam alınmaqla verilə bilər.
5. Hər hansı yazılı məlumat tərəfə şəxsən və ya onun müəssisəsinə və ya onun yaşayış yeri üzrə və yaxud poçt ünvanına çatdırılıbsa, o, alınmış hesab edilir. Əgər bu cür qaydada yazılı məlumat müəssisənin məlum olan axırıncı ünvanına və ya tərəfin yaşayış yerinə, yaxud onun poçt ünvanına sifarişli məktubla, yaxud belə məlumatların çatdırılmasının digər formalarına uyğun olaraq qeydiyyatdan keçirmək şərtilə çatdırılıbsa, o, alınmış sayılır.
6. Bu maddənin 5-ci bəndinə əsasən məlumat çatdırıldığı gün alınmış hesab edilir.
Maddə 15. Tətbiq olunan hüquq
1. BKAM mübahisələri, tərəflərin razılığı ilə müəyyən olunmuş, tətbiq edilən maddi hüquq normaları əsasında həll edir. Belə razılaşma olmadıqda isə BKAM tətbiq olunmasını mümkün saydığı kollizion normalara əsaslanan hüququ rəhbər tutur.
2. BKAM arbitraj araşdırmasında bu Əsasnaməni rəhbər tutur. Lakin bu Əsasnamə və tərəflərin razılığı ilə tənzimlənməyən məsələlərin həllində BKAM tərəflərin hər birinə öz mənafelərini qorumaq imkanı verməklə və tərəflərə bərabər münasibət göstərməklə, beynəlxalq arbitraj haqqında Azərbaycan Respublikasının qanunvericiliyini əsas götürməklə müvafiq hesab etdiyi qaydada işin araşdırılmasını aparır.
II F Ə S İ L
TƏŞKİLATİ PRİNSİPLƏR
Maddə 16. Arbitrlər
1. Arbitrlər, hazırki Əsasnaməyə əsasən, BKAM-ın səlahiyyətlərinə aid olan mübahisələrin həlli sahəsində lazımi xüsusi biliklərə malik olan şəxslər sırasından seçilirlər. Arbitr funksiyasını yerinə yetirən şəxs iştirakı nəzərdə tutulan mübahisə ilə bağlı onun qərəzsizliyinə və müstəqilliyinə əsaslı şübhələr gətirə bilən bütün hallar barədə BKAM-a məlumat verməlidir (əgər arbitrə arbitraj araşdırmaları zamanı belə hallar məlum olarsa, o, bu haqda dərhal BKAM-ı məlumatlandırmalıdır).
2. BKAM-ın arbitrlərinin adı, atasının adı və soyadı, təhsili və iş yeri, elmi dərəcəsi və rütbəsi, ixtisası göstərilməklə, 5 il müddətinə arbitrlərin siyahısı (gələcəkdə – arbitrlərin siyahısı) «International Commercial Arbitration» Cəmiyyətinin Ali Orqanı tərəfindən təsdiq olunur.
Arbitrlərin siyahısı hər bir maraqlı şəxsin sorğusuna əsasən BKAM-ın katibliyi tərəfindən təqdim edilir.
3. Arbitrlərin funksiyalarını siyahıya daxil edilməyən şəxslər də yerinə yetirə bilərlər.
4. Arbitr (hakim) öz funksiyasını yerinə yetirə bilmədikdə və ya layiqincə yerinə yetirmədikdə və yaxud Arbitrlərin Etik Kodeksinin tələblərinə riayət etmədikdə Rəyasət Heyətinin təqdimatına əsasən «International Commercial Arbitration» Cəmiyyətinin Ali Orqanı tərəfindən vaxtından əvvəl arbitrlərin siyahısından xaric edilir.
Maddə 17. BKAM-ın sədri və sədrin müavinləri
1. BKAM-ın sədri «International Commercial Arbitration» Cəmiyyətinin Ali Orqanı tərəfindən, onun müavinləri arbitrlərin siyahısına daxil edilən şəxslərin iştirakı ilə keçirilən ümumi iclasda 5 il müddətinə seçilirlər.
2. BKAM-ın sədri BKAM-ı ölkə daxilində və xaricdə təmsil edir.
3. BKAM-ın sədri Əsasnamədə nəzərdə tutulan funksiyaları yerinə yetirir.
4. BKAM-ın sədr müavinlərinin funksiyalarını BKAM-ın sədri müəyyən edir.
BKAM-ın sədri öz funksiyalarını yerinə yetirə bilmədikdə onun funksiyalarını BKAM-ın sədrinin birinci müavini, o olmadıqda isə, BKAM-ın sədrinin təyinatına əsasən müavinlərindən biri yerinə yetirir.
Maddə 18. BKAM-ın Rəyasət Heyəti
1. BKAM-ın Rəyasət Heyətinin tərkibi 7 nəfərdən ibarətdir. BKAM-ın Rəyasət Heyətinin tərkibinə BKAM-ın sədri, onun müavinləri, arbitrlərin siyahısına daxil edilən şəxslərin iştirakı ilə ümumi iclasda seçilmiş arbitrlərin üç üzvü daxildirlər. BKAM-ın sədri BKAM-ın Rəyasət Heyətinin sədridir.
2. BKAM-ın Rəyasət Heyəti hazırki Əsasnamə ilə səlahiyyətlərinə aid olan məsələləri həll edir, arbitraj təcrübəsini təhlil edir, BKAM-ın fəaliyyəti ilə bağlı məlumatların yayılması, BKAM-ın beynəlxalq əlaqələri və fəaliyyətinin digər məsələlərinə baxır. Rəyasət Heyətinin iclaslarında BKAM-ın məsul katibi məşvərətçi səsvermə hüququ ilə iştirak edir.
3. Rəyasət Heyətində sədr səsvermədə iştirak edir və axırıncı səs verir. Səslər bərabər olduqda sədrin səsi həlledicidir. Rəyasət Heyətinin qərarlarının icrası BKAM-ın sədri tərəfindən həyata keçirilir.
Bu Əsasnamənin 52-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, Rəyasət Heyətinin qərarları, səsvermədə Rəyasət Heyətinin üzvlərinin yarıdan çoxunun iştirakı şərti ilə, sadə səsçoxluğu ilə qəbul edilir. Rəyasət Heyətinin qərarı protokolla rəsmiləşdirilir. Rəyasət Heyətinin katibi funksiyalarını BKAM-ın məsul katibi yerinə yetirir.
Rəyasət Heyətinin iclasları 3 ayda bir dəfədən az olmayaraq keçirilir. Növbədənkənar iclaslar Rəyasət Heyətinin hər bir üzvünün təşəbbüsü ilə çağırıla bilər. Rəyasət Heyətinin iclaslarına BKAM-ın sədri sədrlik edir.
Rəyasət Heyətinin iclaslarına arbitrlər və digər şəxslər dəvət edilə bilərlər.
Rəyasət Heyətinin üzvü müzakirə edilən məsələ üzrə bitərəf qala bilməz.
Rəyasət Heyətinin iclasında müzakirəyə çıxarılan məsələlər barədə Rəyasət Heyətinin üzvlərinə Rəyasət Heyətinin iclaslarına 10 gün qalmış məlumat verilir.
4. Arbitraj Kollegiyasının və ya işə təkbaşına baxan arbitrin çıxardığı qətnamə və qərarlardan verilən şikayətlərə bu Əsasnamənin 52-ci maddəsinin müddəalarına əsasən baxılır.
Maddə 19. Məruzəçilər
1. BKAM-ın sədri arbitraj araşdırmaları başlanan hər bir iş üzrə işi Arbitraj Kollegiyasına və ya işə təkbaşına baxan arbitrə məruzə edən, iş üzrə məhkəmə iclas protokolunu yazan, Arbitraj Kollegiyasının iclaslarında iştirak edən və onun tapşırıqlarını yerinə yetirən məruzəçi təyin edir. Məruzəçi Arbitraj Kollegiyasının yaradılmasına qədər arbitraj araşdırmalarına aid olan, həmçinin, arbitraj araşdırmaları zamanı işə təkbaşına baxan arbitrin və ya Arbitraj Kollegiyasının, BKAM-ın sədrinin və ya BKAM-ın məsul katibinin tapşırıqlarını yerinə yetirir.
2. Məruzəçilərin siyahısı 5 il müddətinə BKAM-ın sədri tərəfindən təsdiq edilir. Məruzəçilərin siyahısına ali hüquq təhsili olan və bir qayda olaraq, xarici dilləri bilən şəxslər daxil edilirlər.
Maddə 20. Katiblik
1. Katiblik hazırki Əsasnaməyə əsasən BKAM-ın fəaliyyətini təmin etmək üçün zəruri olan funksiyaları həyata keçirir. Katibliyə BKAM-ın Sədri ilə razılaşdırılaraq «İNTERNATİONAL COMMERCİAL ARBİTRATİON» Cəmiyyətinin təyin etdiyi məsul katib başçılıq edir.
2. BKAM-ın məsul katibi ilə müavini, həmçinin, katibliyin digər işçiləri arasında iş bölgüsünü BKAM-ın məsul katibi aparır.
3. Katiblik BKAM-da işlərin baxılması ilə bağlı funksiyaların həyata keçirilməsində BKAM-ın Sədrinə tabe olur.
III F Ə S İ L
FUNKSİONAL PRİNSİPLƏR
1. ARBİTRAJ ARAŞDIRMASININ BAŞLANMASI
Maddə 21. İddianın verilməsi (təqdim olunması)
1. BKAM-a iddia ərizəsi verildikdə arbitraj araşdırması başlanılır.
2. BKAM-a iddia ərizəsi verildiyi tarix onun təqdim olunduğu gün, iddia ərizəsi poçt vasitəsi ilə göndərilərsə – göndərilən sənəddəki poçtun ştamp tarixi hesab olunur.
Maddə 22. İddia ərizəsinin məzmunu
İddia ərizəsində aşağıdakılar göstərilməlidir:
a) tərəflərin adları, ünvanları və digər rekvizitləri;
b) iddia tələbi;
c) BKAM-ın səlahiyyətlərinin əsasları;
ç) iddiaçının faktiki və hüquqi vəziyyətinə istinad edərək iddia tələbinin izahı və həmin vəziyyətin əsaslandığı sübutların təsdiq edilməsi;
d) iddianın qiyməti;
e) iddiaçı tərəfindən seçilən arbitrin və ehtiyat arbitrin adı, soyadı və yaxud arbitrin və ehtiyat arbitrin BKAM-ın sədri tərəfindən təyin edilməsi xahişi;
j) iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısı;
h) iddiaçının imzası.
Maddə 23. İddianın qiyməti
1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:
a) pul tələbinə dair iddia – tələb olunan məbləğlə;
b) əmlak tələbinə dair iddia – tələb olunan əmlakın dəyəri ilə;
c) hüquqi münasibətlərin tanınmasına dair iddia – iddianın təqdim olunduğu anda hüquqi münasibətlərin obyektinin dəyəri ilə;
ç) hansısa hərəkət və hərəkətsizliyə dair iddia – iddiaçının əmlak maraqları haqda əldə olunmuş məlumat əsasında. İddia ərizəsində iddia tələbi və ya tələbin bir hissəsi pul xarakteri daşımadığı hallarda da, iddiaçı iddianın məbləğini göstərməlidir.
2. Bir neçə tələbdən ibarət olan iddiada, hər tələbin məbləği ayrıca müəyyənləşdirilməlidir. Bu halda iddia qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir.
3. Əgər iddiaçı iddianın qiymətini düzgün müəyyənləşdirməyibsə, BKAM öz təşəbbüsü ilə və ya cavabdehin tələbi ilə əldə olunan məlumatlara əsasən iddianın qiymətini müəyyən edir.
Maddə 24. İddia ərizəsində çatışmazlığın aradan qaldırılması
1. İddia ərizəsi hazırki Əsasnamənin 22-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun olmadığı halda, BKAM-ın məsul katibi iddiaçıya iddia ərizəsində olan çatışmazlığı aradan qalldırmağı təklif edir.
Çatışmazlıq təklif edilən vaxtdan 1 ay müddətindən gec olmayaraq aradan qaldırılmalıdır.
2. İddiaçı iddia ərizəsində çatışmazlıqların aradan qaldırılması təklifinə əməl etməyərək onları aradan qaldırmadan işin baxılmasına təkid edirsə, BKAM iş üzrə qətnamə və ya araşdırmanın dayandırılması barədə qərar çıxara bilər.
Maddə 25. Arbitraj araşdırmasının xərcləri
1. İddiaçı iddia ərizəsini və yaxud tələbin təmin edilməsinə dair vəsatəti təqdim edərkən qeydiyyat rüsumu ödəməlidir. Qeydiyyat rüsumu ödənilənə qədər iddia və ya vəsatət verilməmiş hesab edilir. Qeydiyyat rüsumu geri qaytarılmır.
2. İddiaçı hər iddia üçün avansla arbitraj rüsumu ödəməlidir. İddiaçı tərəfindən iddia ərizəsi verilərkən avans məbləği qeydiyyat rüsumu hesab edilir.
Arbitraj rüsumunun avansı ödənilənə qədər iddia üzrə arbitraj araşdırması aparılmır və iş hərəkətsiz qalır.
3. Qeydiyyat və arbitraj rüsumlarının məbləği, ödənilməsi və müəyyənləşdirilməsi, həmçinin, arbitraj araşdırmasına dair digər xərclərin ödənilməsi qaydaları, hazırki Əsasnamənin ayrılmaz hissəsi olan «Arbitraj xərcləri və rüsumları haqqında» Əsasnamə ilə müəyyən edilir.
2. İŞİN ARAŞDIRMAYA HAZIRLANMASI
Maddə 26. Cavabdehin bildirişi və onun arbitr seçməsi
1. BKAM-ın məsul katibi cavabdehi iddia ərizəsi barədə məlumatlandırır, iddia ərizəsinin surətini və ona əlavə edilmiş sənədləri cavabdehə göndərir. Bu zaman məsul katib cavabdehə aldığı iddia ərizəsinə və sübutlara dair öz yazılı izahatının 20 gün müddətində BKAM-a təqdim edilməsini təklif edir.
2. Cavabdeh iddia ərizəsinin surətini aldığı gündən 20 gün müddətində seçdiyi arbitrin və ehtiyat arbitrin adlarını və soyadlarını və ya arbitrin və ehtiyat arbitrinin BKAM-ın Sədri tərəfindən təyin edilməsinə dair xahişini bildirməlidir.
Maddə 27. Arbitraj Kollegiyasının yaradılması
1. Əgər tərəflərin arasında işə təkbaşına arbitrin baxmasına dair razılıq yoxdursa, 3 arbitrdən ibarət Arbitraj Kollegiyası yaranır. Əsasnamədə göstərilən Arbitraj Kollegiyasının funksiyaları təkbaşına arbitrə də aiddir.
2. Əgər cavabdeh arbitr və ehtiyat arbitrini, hazırki Əsasnamənin 26-cı maddəsinin 2-ci bəndində nəzərdə tutulan müddətdə seçməzsə, BKAM-ın Sədri onun əvəzinə arbitrlər siyahısından arbitri və ehtiyat arbitri təyin edir.
3. Tərəflərin seçdiyi və ya BKAM-ın Sədrinin təyin etdiyi arbitrlər, arbitrlər siyahısından Arbitraj Kollegiyasının sədrini seçirlər. Eyni qayda ilə onlar Arbitraj Kollegiyasının ehtiyat sədrini də seçə bilərlər.
Əgər arbitrlər ikinci arbitrin seçilməsi və ya təyin edilməsindən keçən 15 gün müddətində Arbitraj Kollegiyasının sədrini seçməsələr, BKAM Sədri tərəfindən arbitrlər siyahısından Arbitraj Kollegiyasının sədri təyin edilir. Eyni qayda ilə BKAM-ın Sədri Arbitraj Kollegiyasının ehtiyat sədrini seçə bilər.
4. İki və artıq iddiaçı və ya cavabdehlər olduqda, iddiaçılar və cavabdehlərdən hər biri bir arbitr və hər biri bir ehtiyat arbitri seçirlər. Onlar həmçinin, arbitr və ehtiyat arbitrlərin onların əvəzinə BKAM-ın Sədri tərəfindən təyin edilməsini xahiş edə bilərlər. İddiaçılar və cavabdehlər arasında 20 gün müddətində razılaşma olmazsa, arbitr və ehtiyat arbitri arbitrlər siyahısından BKAM-ın Sədri tərəfindən təyin edilirlər.
Göstərilən müddət iki və ya daha artıq iddiaçı və ya cavabdeh tərəfindən bir arbitr və bir ehtiyat arbitrinin seçilməsi zərurəti məlum olduğu andan hesablanmağa başlayır.
Maddə 28. Təkbaşına arbitrin seçilməsi və təyin edilməsi
Əgər tərəflərin razılığı ilə işə təkbaşına arbitr baxırsa, təkbaşına arbitr və ehtiyat təkbaşına arbitr tərəflərin razılığı ilə seçilir. Onlar, həmçinin, təkbaşına arbitrin və ehtiyat təkbaşına arbitrin BKAM-ın Sədri tərəfindən təyin edilməsini də xahiş edə bilərlər. Tərəflər 20 gün ərzində razılığa gələ bilmədikdə, təkbaşına arbitr və ehtiyat təkbaşına arbitr arbitrlər siyahısından BKAM-ın Sədri tərəfindən təyin edilirlər.
Maddə 29. Araşdırmalara hazırlıq
1. Arbitraj Kollegiyası işin araşdırmaya hazırlanması vəziyyətini yoxlayır və zəruri halda, hazırlıq üçün əlavə tədbirlər görür, xüsusilə, tərəflərdən yazılı şəkildə izahatlar, sübutlar və digər əlavə sənədlər tələb edir. Əgər işin araşdırmaya hazırlanması üçün əlavə tədbirlər görülürsə, bunun üçün müəyyən müddət təyin edilir.
2. Arbitraj Kollegiyasının sədri BKAM-ın məsul katibinə işin araşdırılması və hazırlanması üçün əlavə tapşırıqlar verə bilər. O, həmçinin, ona tərəflərin məhkəmə baxışına çağırılması üçün tapşırıqlar verə bilər.
Maddə 30. Tərəflərin şifahi işəbaxma haqqında məlumatlandırılması
1. Şifahi işəbaxmanın vaxtı və yeri haqqında çağırış vərəqəsi tərəflərə elə qaydada göndərilməlidir ki, hər bir tərəfin hazırlıq və şifahi işəbaxmaya gəlməsi üçün 30 gün müddəti olmalıdır. Tərəflərin razılığı ilə bu müddət azaldıla bilər.
2. Əgər növbəti şifahi işəbaxma zərurəti varsa, Arbitraj Kollegiyası konkret imkanları nəzərə alıb, onun keçirilməsini təyin edir.
Maddə 31. Arbitrə, ekspertə və tərcüməçiyə etiraz
1.Tərəflərin hər birinin, Arbitraj Kollegiyasının sədrinə və ya təkbaşına arbitrə, əgər onların qərəzsizliyi və müstəqilliyi barədə əsaslı şübhələr doğura bilən hallar varsa, xüsusilə, əgər onların şəxsən, birbaşa və yaxud dolayısı ilə işin həllində maraqlı olduqları müəyyən edilirsə, onlara etiraz etmək hüquqları vardır. Tərəfin etirazın səbəbini göstərən yazılı ərizəsini, tərəf Arbitraj Kollegiyasının təşkili və bu cür halları bildiyi vaxtdan 15 gün müddətində verə bilər. Yalnız üzürlü səbəb olduqda göstərilən müddətdən sonra verilən etiraz ərizəsinə baxılması mümkündür.
2. Arbitrə etiraz məsələsi Arbitraj Kollegiyasının digər üzvləri tərəfindən həll edilir. Əgər onlar razılığa gələ bilməmişlərsə və ya etiraz iki arbitrə və ya təkbaşına arbitrə verilərsə, etiraz məsələsi BKAM-ın sədri tərəfindən həll edilir.
3.BKAM-ın sədrinin öz təşəbbüsü ilə arbitrə, Arbitraj Kollegiyasının sədrinə və ya təkbaşına arbitrə hazırki maddənin 1-ci bəndində göstərilən əsaslar olduqda, etiraz məsələsini həll etmək hüququ vardır.
Arbitraj Kollegiyasının sədri və ya təkbaşına arbitr öz təşəbbüsü ilə özlərinə etiraz edə bilərlər.
4. Bu maddənin 1–3-cü bəndlərindəki əsaslar, həmçinin, ehtiyat üçün seçilmiş və ya təyin edilmiş arbitrə, Arbitraj Kollegiyasının sədrinə və təkbaşına arbitrə də aid edilir.
5. Bu maddənin 1-ci bəndində göstərilən eyni əsaslarla işin araşdırılmasında iştirak edən ekspertə və tərcüməçiyə etiraz verilə bilər. Bu halda etiraz məsələsi Arbitraj Kollegiyası tərəfindən həll edilir.
Maddə 32. Arbitrin səlahiyyətlərinin dayandırılması
1. Əgər arbitr, Arbitraj Kollegiyasının sədri və ya təkbaşına arbitr öz funksiyalarını yerinə yetirə bilmirlərsə və ya bu funksiyaları əsassız gecikdirərək həyata keçirmirlərsə, tərəflərin razılığı ilə onların hər birinin səlahiyyətləri dayandırıla bilər.
2. Arbitrin, Arbitraj Kollegiyasının sədrinin və ya təkbaşına arbitrin səlahiyyətləri özlərinə etiraz ərizəsilə də dayandırıla bilər.
3. Tərəflər razılığa gələ bilməmişlərsə, onların hər birinin hazırki maddənin 1-ci bəndinə əsaslanaraq, arbitrin, Arbitraj Kollegiyası sədrinin və ya təkbaşına arbitrin səlahiyyətlərinin dayandırılması məsələsini həll etmək üçün BKAM-ın sədrinə müraciət etmək hüquqları vardır.
4. BKAM-ın sədrinin öz təşəbbüsü ilə hazırki maddənin 1-ci bəndində göstərilən arbitrin, Arbitraj Kollegiyasının sədrinin və ya təkbaşına arbitrin səlahiyyətlərinin dayandırılması məsələsini həll etmək hüququ vardır.
5. Bu Əsasnamənin 31.3 və 32.4-cü bəndlərinə uyğun BKAM-ın Sədrinin qəbul etdiyi qərarlardan tərəflər BKAM-ın Rəyasət Heyətinə şikayət verə bilərlər.
Maddə 33. Arbitraj Kollegiyasında dəyişikliklər
1. Əgər Arbitraj Kollegiyasının sədrinə, təkbaşına arbitrə və ya arbitrə etiraz verilmişsə və ya digər səbəblərdən işin araşdırmasında iştirak edə bilmirlərsə, onları müvafiq surətdə ehtiyat Arbitraj Kollegiyasının sədri, ehtiyat təkbaşına arbitr və ya ehtiyat arbitr əvəz edirlər. Əgər belə əvəzetmə mümkün olmazsa, bu Əsasnaməyə uyğun olaraq yeni Arbitraj Kollegiyasının sədri, təkbaşına arbitr və ya arbitr seçilir və ya təyin edilirlər. Əgər Arbitraj Kollegiyasının sədri, təkbaşına arbitr və ya arbitr BKAM-ın sədri tərəfindən təyin ediliblərsə, yeni təyin etmələri də o, həyata keçirir.
2. Zərurət olduqda və tərəflərin fikri nəzərə alınmaqla dəyişdirilmiş Arbitraj Kollegiyası və ya işə təkbaşına baxan arbitr iş üzrə əvvəlki şifahi dinləmələrdə baxılmış məsələyə yenidən baxa bilər.
3. İŞİN ARAŞDIRILMASI
Maddə 34. Şifahi işəbaxmanın keçirilməsi
Tərəflərin təqdim edilən sübutlara əsasən öz mövqelərini ifadə etmək və şifahi mübahisə edilməsi üçün şifahi işəbaxma həyata keçirilir. İşəbaxma qapalı keçirilir. Arbitraj Kollegiyasının və ya işə təkbaşına baxan arbitrin icazəsi və tərəflərin razılığı ilə işəbaxmada arbitraj araşdırmasında iştirak etməyən şəxslər iştirak edə bilərlər.
Maddə 35. Tərəflərin iştirakı
1. Tərəflər BKAM-da öz işlərini birbaşa və ya özlərinin təyin etdikləri səlahiyyətli nümayəndələri vasitəsilə apara bilərlər.
2. İşəbaxmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilən tərəf, araşdırmada iştirak etməyə gəlməzsə və üzürlü səbəbdən işəbaxmanın təxirə salınması barədə vəsatət təqdim etməyibsə, bu hal işin araşdırılmasına və qərarın çıxarılmasına mane olmur.
3. Tərəf öz iştirakı olmadan işin baxılmasını xahiş edə bilər.
Maddə 36. Sənədlərin verilməsi
Tərəflərdən birinin BKAM-a təqdim etdiyi bütün sənədlər, BKAM-ın katibliyi vasitəsilə digər tərəfə verilməlidir. Tərəflərə, həmçinin, arbitraj qətnaməsinin əsaslana biləcəyi, sübutedici əhəmiyyəti olan ekspertlərin bütün rəyləri və ya başqa sənədləri də verilməlidir.
Maddə 37. Təminedici tədbirlər
1. Arbitraj Kollegiyası və ya işə təkbaşına baxan arbitr hər hansı bir tərəfin xahişi ilə mübahisəli predmetlə bağlı zəruri hesab edərsə, tərəflərin təminedici tədbirlərinin həyata keçirilməsinə dair göstərişlər verə bilər. O, hər hansı bir tərəfdən belə tədbirlərin təmin edilməsini tələb edə bilər.
2. Arbitraj Kollegiyası və ya işə təkbaşına baxan arbitr belə təminedici tədbirləri müddətli qətnamə formasında qəbul edə bilər. Tərəflərin arbitraj baxışına qədər və yaxud arbitraj baxışı ərzində təminedici tədbirlərin görülməsi haqqında məhkəməyə müraciət etmələri və məhkəmənin belə tədbirlərin təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul etməsi arbitraj sazişi ilə ziddiyyət təşkil etmir.
3. Təminedici tədbir barədə olan qərardan şikayət verilə bilməz.
4. BKAM-ın sədri tərəflərin xahişi ilə BKAM-ın baxışına verilən işlər üzrə iddianın təmin edilməsinin miqyasını və formasını müəyyən edə bilər.
BKAM-da baxılan mübahisə predmetinin təminedici tədbirlərin tətbiq edilməsinə dair qərarı, həmin iş üzrə yaradılan Arbitraj Kollegiyası və ya işə təkbaşına baxan arbitr tərəfindən hazırki Əsasnaməyə uyğun olaraq qəbul edilə bilər.
Əgər tərəf BKAM-da qaldırılmış iddia üzrə iddianın təmin edilməsinə dair vəsatətlə dövlət məhkəməsinə müraciət edibsə, eyni zamanda, məhkəmə tərəfindən belə tədbir görülməsi barədə qərar çıxarılıbsa, tərəf BKAM-ı dərhal bu barədə məlumatlandırmalıdır.
Maddə 38. Yazılı materiallar əsasında işin araşdırılması
Tərəflər, şifahi dinləmə keçirilmədən, yalnız yazılı materiallar əsasında mübahisənin araşdırılmasına dair razılığa gələ bilərlər. Əgər təqdim edilən materiallar mahiyyəti üzrə mübahisənin həll edilməsi üçün kifayət etməzsə, Arbitraj Kollegiyası və ya işə təkbaşına baxan arbitr şifahi işəbaxma təyin edə bilər.
Maddə 39. İddia tələblərinə və ya iddia üzrə etirazlara dəyişikliklər və ya əlavə
1. Hər hansı bir tərəf şifahi işəbaxmanın sonuna qədər əsassız ləngimə olmadan öz iddia tələblərini və ya iddia üzrə etirazlarını dəyişə və ya əlavələr edə bilər.
2. Tərəflərdən birinin iddia tələblərinə və ya iddia üzrə etirazlara dəyişikliyə və ya əlavəyə dair əsassız ləngiməyə yol verməsi müəyyən edildikdə Arbitraj Kollegiyası və ya işə təkbaşına baxan arbitr həmin tərəfin üzərinə bu ləngimə ilə bağlı BKAM-ın əlavə xərclərini və digər tərəfin məsrəflərini ödəmək vəzifəsini qoya bilər.
Arbitraj Kollegiyası və ya işə təkbaşına baxan arbitr yol verilmiş bu ləngiməni nəzərə almaqla, iddia tələblərinə və ya iddia üzrə etirazlara bu cür dəyişiklik və ya əlavənin həll olunmasını məqsədəuyğun hesab etməyə bilər.
Maddə 40. Qarşılıqlı iddia və hesablama məqsədilə tələb
1. Bu Əsasnamənin 26-cı maddəsinin 1-ci bəndində qeyd edilən müddətdə, cavabdehin müqaviləyə əsasən qarşılıqlı iddia vermək hüququ vardır və ya həmin müqaviləyə əsasən də hesablama məqsədilə tələb irəli sürə bilər.
2. Əgər cavabdehin təqsirindən əsassız ləngimə nəticəsində qarşılıqlı iddianın və ya hesablama tələbinin arbitraj araşdırılması uzadılırsa, Arbitraj Kollegiyası və ya işə təkbaşına baxan arbitr əlavə xərcləri və digər tərəfin məsrəflərinin ödənilməsini cavabdehə həvalə edə bilər.
Arbitraj Kollegiyası və ya işə təkbaşına baxan arbitr yol verilmiş bu ləngiməni nəzərə almaqla, qarşılıqlı iddianın və ya hesablama tələbinin həll olunmasını məqsədəuyğun hesab etməyə bilər.
3. Qarşılıqlı iddia və hesablama məqsədilə verilən tələbə də ilk iddiaya aid olan qaydalar tətbiq olunur.
Maddə 41. Sübutlar
1. Tərəflər öz tələb və etirazlarının əsası kimi istinad etdikləri halı sübut etməlidirlər.
Arbitraj Kollegiyası və ya işə təkbaşına baxan arbitr tərəflərdən digər sübutların da təqdim edilməsini tələb edə bilər. Onun öz mülahizəsinə əsasən ekspertiza keçirilməsini təyin etmək və üçüncü şəxslərdən sübutların təqdim edilməsini tələb etmək, həmçinin şahidləri dəvət etmək və dinləmək hüququ vardır.
2. Tərəf yazılı sübutların əslini (orijinal) və ya əslinin təsdiq edilmiş surətlərini təqdim edə bilər. Arbitraj Kollegiyasının və ya işə təkbaşına baxan arbitrin, işin araşdırılmasında zərurət olduqda, bu sübutların digər müvafiq dildə tərcüməsini tələb etmək hüququ vardır.
3. Yazılı sübutların yoxlanılması Arbitraj Kollegiyası və ya işə təkbaşına baxan arbitr tərəfindən müəyyən olunmuş üsulla həyata keçirilir. Arbitraj Kollegiyası yoxlama hərəkətlərinin icrasını arbitrlərdən birinə həvalə edə bilər.
4. Sübutlar arbitrlər tərəfindən tətbiq edilən hüquq normasına, müqavilə şərtlərinə, beynəlxalq təcrübəyə və ticarət adətlərinə ( lex mercatoria ) uyğun qiymətləndirilir.
5. Tərəflərin lazımi sübutları təqdim etməməsi Arbitraj Kollegiyasına və ya işə təkbaşına baxan arbitrin araşdırmanın davam etdirilməsinə və sübutlara əsasən qərar çıxarılmasına mane olmur.
Maddə 42. Üçüncü şəxslərin iştirakı
Yalnız mübahisə edən tərəflərin razılığı ilə arbitraj araşdırmasına üçüncü şəxslərin müdaxiləsi yol verilir. Üçüncü şəxsləri araşdırmaya cəlb etmək üçün, tərəflərin razılığından əlavə, cəlb edilmiş şəxsin öz razılığı da olmalıdır. İddia ərizəsinə verilən cavabın müddəti keçmirsə, üçüncü şəxsin cəlb edilməsinə dair vəsatət təqdim edilə bilər. Üçüncü şəxsin cəlb edilməsinə razılıq yazılı formada verilməlidir.
Maddə 43. Məhkəmə baxışının təxirə salınması və icraatın
Dayandırılması
Zərurət olduqda tərəflərin və ya Arbitraj Kollegiyasının və ya işə təkbaşına baxan arbitrin təşəbbüsü ilə məhkəmə baxışı təxirə salına və ya icraat dayandırıla bilər. Məhkəmə baxışının və ya arbitraj araşdırmasının dayandırılmasına dair qərar çıxarılır.
Maddə 44. Məhkəmə iclasının protokolu
1. İcraatın şifahi aparıldığı halda protokol tərtib olunur. Protokolda aşağıdakılar göstərilməlidir:
- BKAM-ın adı;
- işin nömrəsi;
- məhkəmə iclasının yeri və tarixi;
- tərəflərin adları;
- tərəflərin nümayəndələrinin dinləmələrdə iştirakı barədə məlumat;
- işdə iştirak edən arbitrlərin, məruzəçilərin, şahidlərin, ekspertlərin, tərcüməçilərin və digər iştirakçıların adları və soyadları;
- dinləmələrin qısa məzmunu;
- işdə iştirak edənlərin tələbləri və izahatları;
- işin təxirə salınma əsasları və ya araşdırmanın bitirilməsi;
- arbitrlərin imzaları.
2. Tərəflərin iclas protokolunun məzmunu ilə tanış olmaq hüquqları vardır. Tərəflərin xahişləri əsaslı olarsa, Arbitraj Kollegiyasının və ya işə təkbaşına baxan arbitrin qərarı ilə protokola dəyişikliklər və ya əlavələr edilə bilər.
3. Tərəfin xahişi ilə iclas protokolunun surəti ona verilir.
4. ARBİTRAJ ARAŞDIRMASININ QURTARMASI
Maddə 45. Son arbitraj araşdırması
Arbitraj araşdırması arbitraj qətnaməsinin çıxarılması ilə qurtarır.
Maddə 46. Arbitraj qətnaməsinin çıxarılması
1. Arbitraj Kollegiyası və ya işə təkbaşına baxan arbitr mübahisə ilə bağlı bütün məsələlərin kifayət qədər araşdırıldığını hesab etsə, o, şifahi işəbaxmanı bitmiş elan edir və qətnamə çıxarır.
2. Qətnamə qapalı iclasda Arbitraj Kollegiyasının səsçoxluğu ilə çıxarılır. Çıxarılan qətnamə ilə razılaşmayan arbitr öz xüsusi rəyini, qətnaməyə əlavə ediləcək yazılı formada, ifadə edə bilər.
Maddə 47. Arbitraj qətnaməsinin elan edilməsi
1. Qətnamə çıxarıldıqdan sonra onun nəticə hissəsi tərəflərə şifahi elan edilir, əgər onlar iştirak etmirsə, 3 gün ərzində onlara yazılı formada məlumat verilir.
2. Arbitraj Kollegiyası (və ya işə təkbaşına baxan arbitr) tərəfindən qətnamənin elan edilməsindən 10 gün müddətindən gec olmayaraq katiblik əsəslandırılmış qətnaməni tərəflərə göndərir.
3. Arbitraj Kollegiyası və ya işə təkbaşına baxan arbitr şifahi işəbaxmanın sonunda qətnamənin nəticə hissəsini şifahi elan etmədən, 10 gün müddətdən gec olmayaraq, əsaslandırılmış qətnamənin tərəflərə göndərilməsini elan edə bilər.
4. Mübahisənin düzgün həlli üçün əlavə araşdırma aparılması zərurəti yarandıqda Arbitraj Kollegiyası (və ya işə təkbaşına baxan arbitr) qətnamənin nəticə hissəsini elan etmədən araşdırmanı davam etdirə bilər.
5. Zərurət olduqda, BKAM-ın sədri bu maddənin 2-ci və 3-cü bəndlərinə əsasən müəyyən edilən müddəti uzada bilər.
Maddə 48. Arbitraj qətnaməsinin forma və məzmunu
1. Qətnamədə aşağıdakılar göstərilməlidir:
- BKAM-ın adı;
- işin nömrəsi;
- qətnamənin çıxarılma yeri və tarixi;
- işə baxan arbitrlərin adları və soyadları;
- Arbitraj araşdırmasında iştirak edən tərəflərin (və ya onların nümayəndələrinin) və digər şəxslərin adları və soyadları;
- mübahisənin predmeti və işin qısa məzmunu;
- qətnamənin əsaslandığı motivlər;
- iddia tələblərinin təmini və ya rədd edilməsinə dair nəticə;
- iş üzrə arbitraj xərcləri və rüsumlarının məbləği, onların tərəflər arasında bölünməsi;
- arbitrlərin imzası.
2. Arbitrlərdən hər hansı biri arbitraj qətnaməsini imzalaya bilmirsə, BKAM-ın sədri arbitrin imzasının olmaması səbəbini göstərməklə, qərarı öz imzası ilə təsdiq edir.
Maddə 49. Qətnamədə düzəlişlər edilməsi, qətnamənin izah
edilməsi və əlavə qətnamə çıxarılması
1. Tərəflərdən biri digər tərəfi xəbərdar etməklə, qətnamənin alınmasından 15 gün müddətində, Arbitraj Kollegiyasından (və ya işə təkbaşına baxan arbitrdən) qətnamədə yol verilmiş yazı xətalarının və hesab səhvlərinin düzəldilməsini, həmçinin, çap və yaxud yol verilmiş digər bu cür texniki qüsurların aradan qaldırılmasını xahiş edə bilər. Arbitraj Kollegiyası (və ya işə təkbaşına baxan arbitr) belə müraciəti əsaslı hesab edərsə, onu aldığı gündən 15 gün müddətində müvafiq düzəliş etməlidir.
Arbitraj Kollegiyası (və ya işə təkbaşına baxan arbitr) öz təşəbbüsü ilə də belə qüsurları aradan qaldıra bilər.
2. Tərəflər arasında digər razılıq yoxdursa, tərəflərdən biri bu barədə digər tərəfi xəbərdar etməklə, qətnamənin tərəfə təqdim edildiyi (və ya alındığı) gündən 30 gün müddətində, Arbitraj Kollegiyasından (və ya işə təkbaşına baxan arbitrdən) qətnamənin konkret hər hansı bölməsinin və ya hissəsinin izahının verilməsini xahiş edə bilər.
3. Tərəflərdən biri bu barədə digər tərəfi xəbərdar etməklə, qətnamənin təqdim edildiyi (və ya alındığı) gündən 15 gün müddətində, arbitraj baxışının gedişində qaldırılmış, lakin arbitraj qərarında öz əksini tapmamış tələblər barəsində Arbitraj Kollegiyasından (və ya işə təkbaşına baxan arbitrdən) əlavə qətnamə çıxarılmasını xahiş edə bilər. Arbitraj Kollegiyası (və ya işə təkbaşına baxan arbitr) xahişi haqlı və əsaslı hesab edərsə, 15 gün müddətində əlavə qətnamə çıxarmalıdır.
4. Zərurət olduqda, BKAM-ın sədri hazırki maddənin 1–3-cü bəndlərində qeyd edilən müddətləri artıra bilər.
5. Düzəlişlər edilməsi və izahlar verilməsinə dair qərarlar, həmçinin, əlavə qətnamələr arbitraj qətnaməsinin tərkib hissəsini təşkil edir.
Maddə 50. Barışıq sazişi
1. Arbitraj baxışının gedişində tərəflər mübahisəni aradan qaldırarlarsa, Arbitraj Kollegiyası (işə təkbaşına baxan arbitr) baxışa xitam verir və tərəflərin xahişi əsasında və öz tərəfindən etirazı olmadıqda razılaşdırılmış şərtlər əsasında arbitraj qərarı formasında mübahisənin aradan qalxmasını rəsmiləşdirir.
2. Razılaşdırılmış şərtlərlə arbitraj qərarı 48-ci maddənin müddəalarına uyğun olaraq çıxarılmalıdır və onun arbitraj qərarı olduğu göstərilməlidir.
Belə arbitraj qərarı, digər hər hansı arbitraj qərarı ilə bərabər hüquqi qüvvəli sayılır və mübahisənin mahiyyəti üzrə olan digər hər hansı arbitraj qərarı kimi icra olunmalıdır.
Maddə 51. Qətnamə çıxarılmadan icraata xitam verilməsi
1. Əgər iş üzrə yekun qətnamə çıxarılmırsa, arbitraj araşdırmasına qərarla xitam verilir.
2. Aşağıdakı hallarda arbitraj araşdırmasına xitam verilməsi haqqında qərar çıxarılır:
a) iddiaçı öz tələbindən imtina edərsə, əgər cavabdeh xəbərdarlıq məktubunu aldıqdan 30 gün müddətdən gec olmayaraq icraatın dayandırılmasına etiraz etməzsə, Arbitraj Kollegiyası (və ya işə təkbaşına baxan arbitr) mübahisənin qəti həllində cavabdehin qanuni marağını tanımadıqda;
b) arbitraj araşdırmasının dayandırılmasına dair tərəflərin razılığı olduqda;
c) Arbitraj Kollegiyası (və ya işə təkbaşına baxan) arbitr araşdırmanın davamını hər hansı bir səbəbdən lazımsız və ya mümkünsüz hesab edirsə, xüsusilə, mahiyyəti üzrə baxılması və həlli üçün zəmin olmadıqda, həmçinin, iddiaçı tərəfindən iş 2 aydan çox müddətdə hərəkətsiz qaldıqda.
3. Arbitraj Kollegiyasının yaranmasına qədər işin araşdırılmasının dayandırılmasına dair qərar BKAM-ın sədri tərəfindən çıxarılır.
5. ARBİTRAJ QƏRARLARINA YENİDƏN BAXILMASI
Maddə 52. Şikayətlərə baxılmanın əsasları və qaydası
1. Tərəflər arbitraj sazişində nəzərdə tutduqları halda Rəyasət Heyəti işə təkbaşına baxan arbitrin və ya Arbitraj Kollegiyasının qətnamələrindən verilmiş şikayətlərə və bu Əsasnamənin 32.5-ci bəndində nəzərdə tutulmuş şikayətlərə baxır.
Tərəflər yalnız arbitraj sazişində nəzərdə tutduqları halda işə təkbaşına baxan arbitrin və ya Arbitraj Kollegiyasının qətnamələrindən Rəyasət Heyətinə şikayət verə bilərlər.
2. Tərəflərin Rəyasət Heyətinə verdiyi şikayət ərizəsi 5 gün ərzində katiblik tərəfindən işlə birlikdə Rəyasət Heyətinə təqdim edilir.
3. Tərəflər işə təkbaşına baxan arbitrin və ya Arbitraj Kollegiyasının qətnaməsinin surətini aldıqdan 30 gün ərzində Rəyasət Heyətinə verdikləri şikayəti katibliyə təqdim etməlidirlər, əks halda şikayət müddəti ötürülmüş hesab edilir və qəbul olunmur.
Üzürlü səbəb olduqda, şikayət vermə müddəti bərpa edilə bilər.
4. Rəyasət Heyəti arbitraj qətnamələrindən verilən şikayətlərə (şikayət verildiyi vaxtdan) 2 ay ərzində, digər qərarlardan verilən şikayətlərə 10 gün müddətində baxıb həll etməlidir.
Rəyasət Heyəti üzvlərinin 2/3 hissəsi iştirak etdikdə Rəyasət Heyətinin iclası səlahiyyətli sayılır. Səslər bərabər olduqda şikayət qəbul edilməmiş hesab olunur.
Rəyasət Heyətində işlərə baxılma qaydası bu Əsasnamə ilə müəyyən edilən qaydalara uyğun aparılır.
5. Rəyasət Heyətinin qətnaməsi bu Əsasnamənin 46–50-ci maddələrinə riayət edilməklə qəbul olunur. Rəyasət Heyəti yenidən mübahisəyə baxır və işə təkbaşına baxmış arbitrin və ya Arbitraj Kollegiyasının qətnaməsinin dəyişdirilmədən saxlanılması və ya qətnamənin ləğv edilərək yeni qətnamə çıxarılması və yaxud da qətnamənin dəyişdirilməsi, o cümlədən, işin BKAM-da baxılmalı olmaması barədə qərar çıxarmaq hüququna malikdir.
Rəyasət Heyətinin qətnaməsi və bu Əsasnamənin 32.5-ci maddəsinə uyğun çıxardığı qərarları qətidir və onlardan şikayət verilə bilməz.
6. BKAM-ın QƏTNAMƏSİNİN İCRA EDİLMƏSİ
Maddə 53. BKAM-ın qətnaməsinin icra edilməsi qaydası
BKAM-ın qətnaməsi könüllü şəkildə və qətnamədə göstərilən qaydada və müddətdə icra edilir.
Tərəflərin Sazişində digər qayda müəyyən edilməyibsə, icra müddəti göstərilməyən qətnamə dərhal icra edilməlidir.
Maddə 54. BKAM-ın qətnaməsinin tanınması və icra edilməsi
BKAM-ın qətnaməsinin icrası məcburidir və Azərbaycan Respublikası Qanunlarının müddəalarına uyğun icra edilir.
Digər dövlətlərdə icra edilməli olan qətnamələrin icra edilməsinə və tanınmasına BMT-nin 10 iyun 1958-ci il tarixli «Xarici arbitraj məhkəmələrinin qətnamələrinin icra edilməsi və tanınması barədə» Nyu-York Konvensiyası tətbiq edilir.
YEKUN MÜDDƏALAR
Bu Əsasnamə ilə tənzimlənməsi nəzərdə tutulmayan digər prosessual hərəkətlər «Beynəlxalq arbitraj haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həll edilir.
Bu Əsasnaməyə dəyişikliklər və əlavələr Əsasnaməni qəbul etmiş orqan tərəfindən edilə bilər.
Əlavə və dəyişikliklər bu Əsasnamənin ayrılmaz tərkib hissəsi hesab olunur və dərhal bu barədə «ARBİTRAJ» qəzetində və digər Kütləvi İnformasiya Vasitələrində müvafiq məlumatlar verilir.
Əlavə və dəyişikliklər BKAM-ın arbitrlərinin (hakimlərinin) ümumi yığıncağının təklifləri və rəyi nəzərə alınmaqla edilir.
BKAM-ın əldə etdiyi gəlirlər yalnız bu məhkəmənin fəaliyyətinin inkişafına yönəldilməlidir.
Arbitraj xərclərinin miqdarı və ödənilmə qaydası «İNTERNATİONAL COMMERCİAL ARBİTRATİON» CƏMİYYƏTİNİN Ali orqanının qəbul etdiyi Əsasnamə ilə müəyyən edilir.
BKAM-ın arbitrləri «Arbitrlərin Seçilmə Qaydaları» haqqında Əsasnaməyə müvafiq qaydada seçilirlər.
Bu Əsasnamə Azərbaycan, rus və ingilis dillərində (hər dildə 2 nüsxədə) eyni gücə malik 6 nüsxədə təsdiq edilmişdir.
Bu Əsasnamə 11 noyabr 2003-cü il tarixdən qüvvəyə minir.
TÖVSİYƏ OLUNAN ARBİTRAJ qeyd şərti
İstənilən mübahisələrin Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsində baxılmasını arzu edən müqavilə tərəflərinə aşağıdakı məzmunda arbitraj qeyd-şərtini müqaviləyə əlavə etmələri məsləhət görülür.
Bu müqavilədən irəli gələn, yaxud bu müqavilənin pozulması, ləğv edilməsi, və ya etibarsızlığı ilə bağlı bütün mübahisələr "International Commercial Arbitration" cəmiyyəti yanında Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin Əsasnaməsi ilə müəyyən edilmiş qaydada qəti olaraq arbitraj məhkəməsində bu Əsasnaməyə uyğun olaraq təyin olunmuş bir və ya bir neçə arbitr tərəfindən həll ediləcəkdir. |
Həmçinin, diqqətinizə çatdırmaq istərdik ki, bağladığınız müqaviləni tənzimləyəcək maddi hüququ dəqiq göstərməklə əlavə çətinliklərlə və xərclərlə qarşılaşmamaq mümkündür. Tərəflər öz istəkləri ilə arbitrlərin sayını, arbitraj araşdırmasının keçiriləcəyi yeri və arbitraj araşdırmasının hansı dildə aparılacağını göstərə bilərlər.
Aşağıdakı müddəalardan istifadə edilməsi məqsədəuyğundur:
"Tətbiq olunan maddi hüquq _________________ olacaqdır". |