BKAM Haqqında
Kommersiya mübahisələrinin
həllini BKAM-a etibar edin
Bu gün Azərbaycan Respublikası beynəlxalq hüququn müstəqil subyektidir. Azərbaycan Respublikasının dünyanın nüfuzlu korporasiyaları ilə irihəcmli müqavilələri bağlanmış, bu müqavilələr üzrə işlər görülür. Bununla yanaşı, Azərbaycanda dünyanın müxtəlif ölkələrini təmsil edən xarici şirkətlər fəaliyyət göstərir, yerli sahibkarlıq subyektləri ilə əməkdaşlıq edirlər. Müasir dövrdə Azərbaycanın iqtisadi həyatını dünya iqtisadiyyatına inteqrasiyadan, iri şirkətlərlə əməkdaşlıqdan kənar təsəvvür etmək mümkün deyil.
Bütün növ sahibkarlıq subyektlərinin qarşılıqlı əməkdaşlığı onların arasında bağlanmış kommersiya müqavilələri ilə tənzimlənir. Dünyanın müxtəlif ölkələrində olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qarşılıqlı əməkdaşlığı zəminində kommersiya müqavilələri üzrə anlaşılmazlıqlar və mübahisələr məhkəmə çəkişmələrinə səbəb olur.
Bu halda xarici şirkət və yaxud xarici şirkətlə əməkdaşlıq edən yerli sahibkarlıq subyekti hansı məhkəməyə müraciət etməlidir?
Azərbaycan Respublikasının qanunvericiliyinə görə, mülki hüquq münasibətlərindən yaranmış mübahisələrin həlli məqsədilə ədalət mühakiməsini həyata keçirmək üçün ümumi yurisdiksiyalı və ixtisaslaşmış məhkəmələr fəaliyyət göstərirlər. Ümumi və ixtisaslaşmış məhkəmələr dövlət hakimiyyətinin tərkib hissəsidir və onların fəaliyyəti dövlət tərəfindən tənzimlənir. İndiyədək digər işlərlə yanaşı, kommersiya münasibətlərindən irəli gələn mübahisələr də dövlət məhkəmələri tərəfindən həll olunur.
Eyni zamanda, Azərbaycan Respublikasının qanunvericiliyi (Azərbaycan Respublikasının Konstitusiyası, «Beynəlxalq Arbitraj haqqında» Azərbaycan Respublikasının Qanunu, «Beynəlxalq xüsusi hüquq haqqında» Azərbaycan Respublikasının Qanunu, Mülki Prosessual Məcəllə, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktlar və s. normativ aktlar) mübahisələrin məhkəmədənkənar həlli vasitəsi olan arbitraj institutunun yaradılması və fəaliyyətini tənzimləyir.
«International Commercial Arbitration» Cəmiyyəti 2003-cü ildə Azərbaycanda ilk dəfə olaraq müstəqil kommersiya arbitraj institutunun yaradılması təşəbbüsünü irəli sürdü. Bu təşəbbüsə bir sıra beynəlxalq təşkilatlar, xüsusən, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) dəstək vermişlər. «İnternational Commercial Arbitration» Cəmiyyəti Azərbaycanda tanınmış və təcrübəli hüquqşünasların, müxtəlif peşə sahələrində təcrübəli və nüfuzlu mütəxəssislərin yaxından iştirakı və köməyi ilə 2003-cü il noyabrın 11-də Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsini (BKAM) təsis etmişdir.
Beynəlxalq təcrübəyə və milli qanunvericiliyə əsaslanmaqla yaradılmış BKAM daimi fəaliyyət göstərən müstəqil arbitraj institutudur. BKAM-ın fəaliyyətini, strukturunu, eləcə də mübahisələrin həll olunmasına dair məhkəmə qaydalarını tənzimləyən Əsasnaməsi, «Arbitraj xərcləri və rüsumları haqqında» Əsasnamə və digər zəruri sənədlər qəbul edilmiş və təsdiqlənmişdir.
BKAM-ın üzvlüyünə müsabiqə əsasında respublikada və beynəlxalq aləmdə tanınmış şəxslər seçilmiş, BKAM-ın Rəyasət Heyəti, Katibliyi formalaşdırılmışdır.
BKAM-ın daimi fəaliyyət göstərməsi üçün Bakı şəhərində münasib bina, zəruri avadanlıq və texniki vasitələrlə təminat yaradılmışdır.
Rəsmi dövlət qeydiyyatına alınmış Hüquqi İslahatlara Yardım Mərkəzi İctimai Birliyinin təsisçiliyi ilə 2008-ci ildə yenidən təşkil edilən Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi (AAMM) 2002-ci ildən fəaliyyət göstərən «İnternational Commercial Arbitration» Cəmiyyətinin hüquqi varisi olmaqla, bu qurumun bazasında formalaşmışdır. Hazırda BKAM Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin nəzdindədir. Bununla yanaşı AAMM-in nəzdində Münsiflər Məhkəməsi və Bakı Mediasiya və Barışıq Xidməti də fəaliyyət göstərir.
Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsi dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən analoji qurumlarla səmərəli işgüzar əlaqələr yaratmışdır. Beynəlxalq arbitraj sahəsində təcrübəsi ilə seçilən Almaniya, İsveç, Rumıniya, Misir Ərəb Respublikası, Malayziya, Avstraliya, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, Ukrayna və s. daxil olmaqla, 15-ə yaxın ölkənin arbitraj institutları ilə BKAM arasında qarşılıqlı əməkdaşlıq sazişləri bağlanmışdır (AAMM-in 1-ci Xüsusi Buraxılışında BKAM-ın beynəlxalq əlaqələri barədə geniş məlumat verilmişdir).
Beləliklə, Azərbaycanda BKAM-ın fəaliyyət göstərməsi üçün ölkədaxili qanunvericilik bazası mövcuddur. 18 noyabr 1999-cu ildə «Beynəlxalq Arbitraj haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul olunub. 2000-ci ilin sentyabrın 1-dən quvvədə olan Mülki Prosessual Məcəllənin 29, 74.2, 167.1.5, 183, 259.0.5, 261.0.6, 462-477-ci maddələri arbitraj (münsif) qaydasında mübahisələrə baxılması, arbitraj (münsif) qərarlarının tanınması və icrası qaydalarını müəyyənləşdirir. 27 dekabr 2001-ci ildən qüvvədə olan «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanununda da arbitraj qərarlarının icrası proseduru öz təsbitini tapıb. Həmçinin, qeyd olunmalıdır ki, ümumi və ixtisaslaşmış məhkəmələrin qərarlarından fərqli olaraq, beynəlxalq arbitraj qərarlarının Azərbaycandan xaricdə icrası beynəlxalq hüquq qaydaları ilə daha səmərəli formada tənzimlənir.
9 noyabr 1999-cu ildə Azərbaycan Respublikası «Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında» 10 iyun 1958-ci il tarixli Nyu-York Konvensiyasını ratifikasiya edərək qoşulmuşdur. Bu, respublikamızda aparılan məhkəmə-hüquq islahatlarında mühüm hadisə olmaqla, Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin qəbul etdiyi qərarların ölkəmizdə məcburi icrası ilə yanaşı, bu qərarların Konvensiyanın üzvü olan dünyanın 143-dən artıq ölkəsində tanınması və icrası prosedurunu sadələşdirmişdir.
Bütün bunlar Azərbaycan iqtisadiyyatına sərmayə qoymuş xarici investorların iqtisadi və mülki hüquqlarının səmərəli müdafiəsi istiqamətində dövlətimizin əlverişli hüquqi mexanizmlər yaratmasının göstəricisidir. Azərbaycanda və onun hüdudlarından kənarda fəaliyyət göstərən xarici və yerli sahibkarların mübahisələrin münsif üsulu ilə həlli vasitəsi olan BKAM-a inamı getdikcə artır. Məhz bu inamın nəticəsidir ki, Azərbaycanda fəaliyyət göstərən yüzlərlə xarici və yerli şirkətlər öz aralarında kommersiya müqavilələrindən irəli gələn mübahisələrin həlli yeri kimi BKAM-ı göstərmişlər. Artıq bu gün BKAM xarici və yerli sahibkarlar arasında yaranmış mübahisələri münsif statusunda həll edir.
Arbitrajın üstünlükləri
Tərəflərin istəyindən və iradəsindən asılı olaraq mubahisələr barışıq yolu ilə həll oluna bilər. Bu, BKAM-ın Əsasnaməsində də nəzərdə tutulub. Təbii ki, son nəticə tərəflərin iradəsindən asılı olacaq. Məcburi icraya yönələcək son qərarı isə yalnız məhkəmələr və ya arbitraj çıxara bilər. Beynəlxalq təcrübədə arbitraj qərarlarının icra mexanizmi daha sadə, miqyası isə daha genişdir. BKAM-ın çıxardığı arbitraj qətnaməsi baxılan mübahisə üzrə son və qəti qərar olacaq. Bununla yanaşı, BKAM-ın Əsasnaməsinə görə, yalnız müstəsna olaraq tərəflərin əvvəlcədən razılaşdıqları halda, arbitraj qətnaməsi BKAM-ın Rəyasət Heyətində yenidən baxıla bilər. Qanunvericilikdə BKAM-ın arbitraj qətnaməsinin ləğv olunması üçün müstəsna əsaslar nəzərdə tutulsa da onlar çox məhduddur. Dünya təcrübəsində olduğu kimi, BKAM-ın Əsasnaməsində də son və qəti arbitraj qətnaməsinin şərtsiz icra olunması üçün tərəflərin əvvəlcədən razılığa gəlməsi nəzərdə tutulub.
BKAM-ın qətnaməsi qətidir və məcburi icraya yönəldilir
Beynəlxalq təcrübədə olduğu kimi, BKAM-ın qərarlarının icrası ilk növbədə tərəflərin əvvəlcədən razılaşdıqları Arbitraj Sazişi ilə tənzimlənir. Mübahisələrin arbitrajda həll olunmasını arzulayan tərəflər BKAM-ın çıxaracağı istənilən qərarı şərtsiz icra edəcəkləri barədə əvvəlcədən razılığa gəlirlər. Belə razılıq olmadıqda və ya hər hansı tərəf Arbitraj Sazişinin həmin müddəasına əməl etməyərək arbitraj qərarının icrasından imtina etdikdə, arbitraj qərarı Azərbaycan Respublikasının qanunvericiliynə müvafiq qaydada icraya yönəldilir. Bu prosedur Azərbaycan Respublikasının “Beynəlxalq arbitraj haqqında” və “Məhkəmə qərarlarının icrası haqqında” qanunları ilə tənzimlənir.
BKAM-ın qətnaməsinin
beynəlxalq aləmdə tanınması və icrası
Arbitraj qərarlarının beynəlxalq aləmdə tanınması və icrası “Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında” 10 iyun 1958-ci il tarixli Konvensiya (Nyu-York Konvensiyası) ilə tənzimlənir. Azərbaycan Respublikası 09 noyabr 1999-cu il tarixdə Nyu-York Konvensiyasını ratifikasiya edib. Bu gün dünyanın 143-dən çox ölkəsi BMT-nin Nyu-York Konvensiyasının üzvüdür. Bundan başqa, Azərbaycan Respublikası arbitraj qərarlarının tanınması və icrasını tənzimləyən bir sıra ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrin iştirakçısıdır. Bütün bunlar BKAM-ın qərarlarının dünyanın əksər ölkələrində tanınmasını və icrasını təmin edir.
Tərəfsizlik
Arbitraj araşdırmasında tərəflər aşağıdakı məsələlər üzrə tam bərabər hüquqlara malik olurlar:
1. Arbitrajın aparıldığı yer.
2. Arbitrajın aparıldığı dil.
3. Tətbiq olunan hüquq normaları və prosedur.
4. Arbitrlərin sərbəst seçilməsi.
5. Hüquqi nümayəndəlik.
Bu cəhətlər tərəflərin hər hansı birinə üstünlük vermədən çevik və neytral arbitraj araşdırması aparmağa imkan verir.
Arbitrlərin seçilməsində sərbəstlik
Dövlət məhkəmələrində tərəflərin öz hakimini seçmək imkanı yoxdur.
Arbitrajda isə əksinə, tərəflərin arbitr funksiyalarını yerinə yetirməyə qabiliyyəti olan istənilən şəxsi arbitr seçmək hüququ var. Bu, mübahisə predmeti üzrə yüksək ixtisaslı, qabiliyyətli, tərəflərin razılaşa biləcəkləri nüfuzlu şəxsi mübahisənin həll olunmasına cəlb etməyə şərait yaradır.
Çeviklik və qənaət
Mübahisənin dövlət məhkəməsində həlli proseduru tərəflərin iradəsindən asılı olmayaraq uzun müddət davam edə bilər. Çıxarılan qərarlardan isə yuxarı məhkəmə instansiyalarına şikayət vermək tərəflərin hüququdur.
Arbitraj proseduru isə məhkəmə icraatından fərqli olaraq daha çevik və vaxt baxımından daha qənaətlidir. Arbitraj qərarlarının mübahisələndirilməsi üçün müstəsna əsasların azlığı uzunmüddətli məhkəmə proseslərini və əlavə məsrəfləri aradan qaldırır.
Konfidensiallıq
Yazılı araşdırmada və ya şifahi dinləmələrdə yalnız arbitraj icraatının iştirakçıları və tərəflərin münasib bildiyi şəxslər iştirak edirlər. Arbitraj qərarları ictimaiyyət üçün açıqlanmır, bunu yalnız tərəflər özləri edə bilərlər.
Arbitraj araşdırmasının dili
Arbitraj araşdırması Azərbaycan dilində aparılır. BKAM tərəflərin razılığı ilə işə başqa dildə də baxa bilər. Arbiraj araşdırması aparılan dili bilməyən tərəfin xahişi ilə və həmin tərəfin hesabına BKAM tərcüməçi təyin edə bilər.
Arbitraj araşdırmasının yeri
Arbitraj araşdırması Bakı şəhərində aparılır. Eyni zamanda, tərəflər məhkəmə iclaslarının Azərbaycan Respublikasının istənilən ərazisində keçirilməsi barədə razılaşa bilərlər. Bu halda Bakı şəhərindən kənarda keçirilən məhkəmə iclaslarının əlavə xərclərinin ödənilməsi mübahisə edən tərəflərin üzərinə düşür.
Bu, Azərbaycanda fəaliyyət göstərən xarici və yerli şirkətlərin heç bir xarici ölkəyə getmədən öz mübahisələrini BKAM-da həll etmələrinə imkan verir.