MDB DÖVLƏTLƏRİNİN KONVENSİYASI N1

«MÜLKI, AILƏ VƏ CINAYƏT IŞLƏRI ÜZRƏ HÜQUQI YARDIM VƏ HÜQUQI MÜNASIBƏTLƏR HAQQINDA»
KONVENSIYANIN TƏSDIQ EDILMƏSI BARƏDƏ AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. 2002-ci il oktyabrın 7-də Kişinyov şəhərində Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Respublikası tərəfindən xüsusi rəy ilə imzalanmış «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» Konvensiya təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 13 yanvar 2004-cü il

№ 581-IIQ.
«Azərbaycan» qəzetində dərc edilmişdir (6 mart 2004-cü il, № 55) («VES Consultancy» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2004-cü il, № 3, maddə 126) («VES Consultancy» LLC).


***
Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında
Konvensiya


Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər — bu Konvensiyanın iştirakçıları (bundan sonra Razılığa gələn Tərəflər adlanacaq)
Razılığa gələn hər bir Tərəfin vətəndaşlarına və onun ərazisində yaşayan digər şəxslərə Razılığa gələn bütün Tərəflərin ərazilərində, onların şəxsi, əmlak və qeyri-əmlak hüquqlarının etibarlı hüquqi müdafiəsinin təmin edilməsi istəyindən irəli gələrək,
ədliyyə müəssisələri tərəfindən mülki, ailə və cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin mühüm əhəmiyyətini vurğulayaraq,
aşağıdakılar barədə Razılığa gəldilər:

I Bölmə. Ümumi müddəalar
I Hissə. Hüquqi müdafiə
Maddə 1. Hüquqi yardımın göstərilməsi

1. Razılığa gələn hər bir Tərəfin vətəndaşları, habelə onun ərazisində yaşayan digər şəxslər Razılığa gələn bütün digər Tərəflərin ərazilərində, Razılığa gələn həmin Tərəfin öz vətəndaşlarının istifadə etdiyi həcmdə öz şəxsi, əmlak və qeyri-əmlak hüquqlarının hüquqi müdafiəsindən istifadə edirlər.
2. Razılığa gələn hər bir Tərəfin vətəndaşları, habelə onun ərazisində yaşayan digər şəxslər Razılığa gələn bütün digər Tərəflərin səlahiyyətinə mülki, ailə və cinayət işlərinin aid olduğu məhkəmələrinə, prokurorluq, daxili işlər və təhlükəsizlik orqanlarına (bundan sonra — ədliyyə müəssisələri) azad və maneəsiz müraciət etmək hüququna malikdirlər, onlar həmin orqanlarda çıxış edə, vəsatətlər verə, iddialar qaldıra bilər və Razılığa gələn həmin Tərəfin vətəndaşlarının həyata keçirdiyi şərtlərlə digər prosessual hərəkətləri həyata keçirə bilərlər.
3. Bu Konvensiyada istifadə edilən «mülki işlər» anlayışına, həmçinin iqtisadi mübahisələrin həll edilməsinə aid olan işlər də daxildir.
4. Bu Konvensiyanın müddəaları eyni zamanda hüquqi şəxslərə də tətbiq edilir.
Maddə 2. Rüsumların və məsrəflərin ödənilməsindən azad olunma
1. Razılığa gələn hər bir Tərəfin vətəndaşları və onun ərazisində yaşayan digər şəxslər Razılığa gələn bütün digər Tərəflərin ərazilərində, onların vətəndaşlarının istifadə etdiyi şərtlərlə, məhkəmə və notarial rüsum və məsrəflərin ödənilməsindən azad olunurlar, habelə pulsuz hüquqi yardımdan istifadə edirlər.
2. Bu maddənin 1-ci bəndində nəzərdə tutulan güzəştlər, mülki, ailə və cinayət işləri üzrə həyata keçirilən bütün prosessual hərəkətlərə, o cümlədən qərarın və ya hökmün icra edilməsinə tətbiq edilir.
Maddə 3. Ailə və əmlak vəziyyəti haqqında sənədin təqdim edilməsi
1. Bu Konvensiyanın 2-ci maddəsində nəzərdə tutulan güzəştlər, vəsatəti verən şəxsin təqdim etdiyi ailə və əmlak vəziyyəti haqqında sənəd əsasında verilir. Bu sənəd ərizəçinin, ərazisində daimi yaşayış yeri olduğu Razılığa gələn Tərəfin səlahiyyətli müəssisəsi Tərəfindən verilir.
2. Əgər ərizəçinin Razılığa gələn Tərəfin ərazisində daimi yaşayış yeri yoxdursa, onda həmin ərizəçinin vətəndaşlığı məxsus olan Razılığa gələn Tərəfin müvafiq diplomatik nümayəndəliyi və ya konsulluq idarəsi tərəfindən verilən sənədin təqdim edilməsi kifayətdir.
3. Güzəştlərin verilməsi haqqında vəsatət üzrə qərar çıxarmış idarə, həmin sənədi vermiş idarədən əlavə məlumat və lazımi izahatların təqdim edilməsini tələb edə bilər.
II Hissə. Hüquqi yardım
Maddə 4. Hüquqi yardımın göstərilməsi
1. Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri mülki, ailə və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımı bu Konvensiyanın müddəalarına uyğun olaraq göstərirlər.
2. Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri, bu maddənin 1-ci bəndində göstərilən işlər üzrə hüquqi yardımı Razılığa gələn Tərəflərin digər müəssisələrinə də göstərirlər.
3. Hüquqi yardım, sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinin sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinə göndərdiyi tapşırıqlar və bu Konvensiyada nəzərdə tutulan digər müraciətlər əsasında həyata keçirilir.
Maddə 5. Ünsiyyət qaydası
1. Hüquqi yardımın göstərilməsi zamanı Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri bir-biri ilə əlaqələri, əgər bu Konvensiyada digər ünsiyyət qaydaları nəzərdə tutulmamışdırsa, öz mərkəzi, ərazi və digər orqanları vasitəsilə həyata keçirirlər. Razılığa gələn Tərəflər, bilavasitə əlaqələrin həyata keçirilməsinə səlahiyyəti olan öz mərkəzi, ərazi və digər orqanlarının siyahısını müəyyən edirlər və öz ratifikasiya fərmanlarını və ya qoşulma haqqında sənədlərini saxlanca verən zaman bu barədə depozitarini məlumatlandırırlar.
Razılığa gələn Tərəflər mərkəzi, ərazi və digər orqanlarının siyahısında hər hansı bir dəyişiklik haqqında depozitarini məlumatlandırırlar.
2. Prokurorun (məhkəmənin) sanksiyasını tələb edən prosessual hərəkətlərin və axtarış tədbirlərinin keçirilməsi haqqında tapşırıqların icra edilməsi məsələləri üzrə əlaqələr prokurorluq orqanları vasitəsilə həyata keçirilir.
Maddə 6. Hüquqi yardımın həcmi
Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan prosessual və digər hərəkətlərin yerinə yetirilməsi, xüsusilə də sənədlərin tərtib edilməsi, onların öz sahibinə ötürülməsi və təqdim edilməsi, baxışın, axtarışın, götürmənin həyata keçirilməsi, maddi sübutların ötürülməsi, ekspertizanın keçirilməsi, tərəflərin, üçüncü şəxslərin, şübhəli şəxslərin, təqsirləndirilənlərin, zərərçəkmişlərin, şahidlərin, mülki iddiaçıların, mülki cavabdehlərin, onların nümayəndələrinin, müqəssirlərin qanuni nümayəndələrinin, ekspertlərin dindirilməsi, tanınmaya təqdimetmə, o cümlədən videorabitə, videoçəkiliş və digər texniki vasitələrdən istifadə etməklə şəxslərin axtarışı, istintaqı aparılan cinayət işində əməliyyat-axtarış tədbirlərinin, cinayət təqibinin həyata keçirilməsi, cinayət məsuliyyətinə cəlb etmək və ya hökmün icrasını təmin etmək üçün şəxslərin verilməsi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və əmlakın, habelə cinayətdən əldə edilən gəlirlərin axtarışı və həbsi (götürülməsi), mülki işlər, kommersiya və digər mübahisələr üzrə qərarların icra edilməsi üçün mülki cavabdehlərin əmlak və pul vəsaitlərinin axtarışı, icra qeydlərinin, mülki işlər və hökmlər üzrə məhkəmə qərarlarının tanınması və icrası yolu ilə həyata keçirirlər.
Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı, eyni zamanda, ədalət mühakiməsindən və ümumilikdə cəmiyyətin maraqlarından və işin hallarından irəli gələn və Razılığa gələn Tərəflərin daxili qanunvericiliyinə uyğun olan digər qayda və üsullarla həyata keçirə bilərlər.
Maddə 7. Hüquqi yardımın göstərilməsi haqqında tapşırığın məzmunu və forması
1. Hüquqi yardımın göstərilməsi haqqında tapşırıqda aşağıdakılar əks etdirilməlidir:
a) sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinin adı;
b) sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinin adı;
v) barəsində hüquqi yardımın göstərilməsi haqqında sorğu verilən işin nömrəsi və adı;
q) fiziki şəxs haqqında məlumat: soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, yaşayış yeri, vətəndaşlığı, fəaliyyət növü; hüquqi şəxs haqqında: adı, hüquqi ünvanı və ya yeri, bank rekvizitləri və fiskal kodları;
d) (q) yarımbəndində göstərilən şəxslərin nümayəndələri olduqda, onların adları, soyadları, atalarının adları və ünvanları haqqında məlumat;
e) göstərişin daxil olmasının və onun icrası zamanı əldə edilmiş məlumatın məxfiliyini təmin etmək zərurəti;
j) tapşırığın məzmunu, habelə onun icrası üçün zəruri olan digər məlumatlar.
2. Sənədin təqdim edilməsi haqqında tapşırıqda, həmçinin alanın dəqiq ünvanı və təqdim edilən sənədin adı göstərilməlidir.
3. Tapşırıq işin icraatını aparan şəxs Tərəfindən imzalanmalı və sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinin gerbli möhürü ilə təsdiqlənməlidir. Tapşırıqda eyni zamanda əlaqə telefonları və digər rabitə kanalları göstərilir.
4. Bu maddənin 1 — 3-cü bəndlərinin tələblərinə uyğun olaraq tərtib edilmiş, hüquqi yardımın göstərilməsi haqqında tapşırıq, bu Konvensiyanın 5-ci maddəsinin müddəalarına riayət etməklə, sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinin rəhbəri tərəfindən sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinə göndərilir.
5. Təxirəsalınmaz hallarda, bu maddədə müəyyən edilmiş qaydalara uyğun olaraq hüquqi yardım haqqında tərtib edilmiş tapşırıq faksimil rabitə, habelə digər kommunikasiya vasitələrindən istifadə edilməsi ilə göndərilə bilər. Eyni zamanda tapşırığın əsli poçt və ya qasidin köməyi ilə göndərilməlidir.
Maddə 8. Hüquqi yardım göstərilməsi haqqında tapşırığın icra edilməsi qaydası
1. Hüquqi yardım göstərilməsi haqqında tapşırığın icrası zamanı sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi öz Razılığa gələn Tərəfinin qanunvericiliyini tətbiq edir. Sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinin xahişinə əsasən o, əgər bu, sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyinə zidd deyilsə, sorğu edən Razılığa gələn Tərəfin prosessual normalarını tətbiq edə bilər. Belə olduğu təqdirdə, sorğu edən Razılığa gələn Tərəf prosessual qanunun mətnini təqdim etməlidir.
2. Əgər sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi tapşırığın yerinə yetirilməsinə səlahiyyətli deyilsə, onda o, beş gün ərzində tapşırığı səlahiyyətli ədliyyə müəssisəsinə ötürür və bu barədə sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsini məlumatlandırır.
3. Sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinin xahişi ilə sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi vaxtlı-vaxtında tapşırığın icrasının yeri və vaxtı barədə bu məqsədlə ona məlumat verir ki, onun səlahiyyətli nümayəndələri sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinin icazəsi ilə və onun qanunvericiliyinə uyğun olaraq tapşırığın icrası zamanı, habelə bu, sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyinə zidd deyilsə, prosessual hərəkətlərin və axtarış tədbirlərinin yerinə yetirilməsi zamanı iştirak edə bilsinlər.
4. Tapşırıqda göstərilən şəxsin dəqiq ünvanı məlum olmadığı təqdirdə, sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi onun dəqiq ünvanını (olduğu yeri) müəyyən etmək üçün zəruri tədbirlər görür.
5. Tapşırığın yerinə yetirilməsindən sonra sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi alınan sənəd, predmet və materialları, əgər bu Konvensiyada digər qayda nəzərdə tutulmayıbsa, sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinə göndərir. Hüquqi yardım göstərilə bilinmədiyi təqdirdə, sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi tapşırığın icra edilməsinə mane olan hallar haqqında məlumatlandırılır.
Maddə 9. Zərərçəkmişlərin, mülki iddiaçıların, mülki cavabdehlərin, onların nümayəndələrinin, şahidlərin, ekspertlərin və digər şəxslərin çağırılması
1. Sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinin çağırışına əsasən sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinə gələn zərərçəkmiş, mülki iddiaçı, mülki cavabdeh və onların nümayəndələri, habelə şahid, ekspert və ya digər şəxs, vətəndaşlığından asılı olmayaraq, onun dövlət sərhədini keçənə qədər törətdiyi cinayətə görə, onun ərazisində cinayət məsuliyyətinə cəlb edilə bilməz, həbsə alına və cəzalandırmaya məruz qala bilməz. Həmçinin bu cür şəxslər, onların şahid ifadələri və ya araşdırmanın predmeti olan iş üzrə ekspert qismində verilən rəylərlə əlaqədar cinayət məsuliyyətinə cəlb edilə bilməz, həbsə və cəzalandırmaya məruz qala bilməz.
Onların cinayət məsuliyyəti haqqında məsələsi bu Konvensiyanın IV hissəsinin müddəalarına uyğun olaraq həll edilir.
2. Çağırılmış şəxs sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi tərəfindən, onun ərazisində qalmasına artıq zərurət olmadığı barədə məlumat aldığı tarixdən etibarən 15 sutka ərzində buna imkanı ola-ola sorğu edən Razılığa gələn Tərəfin ərazisini tərk etməzsə, o, bu cür immuniteti itirir. Həmin şəxsin özündən asılı olmayaraq, sorğu alan Razılığa gələn Tərəfin ərazisini tərk edə bilmədiyi müddət bu müddətə hesablanmır.
3. Sorğu edən Razılığa gələn Tərəf bu maddənin 1-ci bəndində göstərilən çağırılmış şəxsə yol xərclərini, habelə onun ərazisində müvəqqəti qalmaqla və işdən ayrıldığı hər gün üçün əmək haqqının alınmaması ilə əlaqədar xərcləri ödəyir; eyni zamanda ekspertlər də ekspertizanın keçirilməsinə görə mükafat almalıdırlar. Çağırışda çağırılan şəxslərin hansı məbləği almaq hüququnun olması göstərilməlidir; onların vəsatətinə əsasən sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi müvafiq xərclərin ödənilməsi üçün avans ödəyir.
4. Bu maddənin 1-ci bəndində göstərilən və Razılığa gələn bir Tərəfin ərazisində yaşayan şəxsin Razılığa gələn digər Tərəfin ədliyyə müəssisəsinə gəlməsi haqqında çağırışda həmin şəxsin gəlməyəcəyi təqdirdə, məcburi gətirilmə haqqında hədələr olmamalıdır.
Maddə 10. Ekspert təhqiqatlarının aparılmasının təşkili
1. Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri Razılığa gələn Tərəflərin xüsusi ekspertiza, elmi tədqiqat və digər səlahiyyətli müəssisələrində mülki, ailə və cinayət işləri üzrə ekspertizaların təşkilində və keçirilməsində qarşılıqlı hüquqi yardım göstərirlər.
2. Bu cür ekspertizaların təşkili və keçirilməsi zamanı Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri daxili qanunvericiliyi rəhbər tuturlar. Sorğu alan Razılığa gələn Tərəfdə həmin Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq verilən ekspert rəyləri sorğu edən Razılığa gələn Tərəfdə də eyni hüquqi qüvvəyə malikdir və həmin Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi tərəfindən hər hansı bir xüsusi təsdiqləmə etmədən qəbul edilir.
Maddə 11. Sənədlərin təqdim edilməsi
1. Sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi sənədlərin verilməsini, əgər təqdim edilən sənədlər bu Razılığa gələn Tərəfin dilində və ya rus dilində tərtib edilmişdirsə, yaxud da bu dillərə təsdiqlənmiş tərcümə ilə təmin edilmişdirsə, həmin Razılığa gələn Tərəfdə mövcud olan qaydaya uyğun olaraq həyata keçirir. Əks təqdirdə, əgər o, könüllü şəkildə onu qəbul etməyə razı deyilsə, onda o, sənədləri alana ötürür.
2. Əgər sənədlər tapşırıqda göstərilən ünvana çatdırıla bilmirsə, onda sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi ünvanın müəyyən edilməsi üçün öz təşəbbüsü ilə zəruri tədbirlər görür. Əgər alanın ünvanını müəyyən etmək mümkün olmazsa, onda sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi bu barədə sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsini məlumatlandırır və veriləsi sənədləri ona qaytarır.
3. Sənədlərin verilməsi, sənədi alan şəxs Tərəfindən imzalanmış və sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinin gerbli möhürü ilə möhürlənmiş, verilmə tarixini və sənədi verən müəssisənin işçisinin imzasını əks etdirən təsdiqnamə və ya həmin müəssisə tərəfindən verilən və özündə verilmə üsulunu, yerini və tarixini əks etdirən digər sənədlə təsdiqlənməlidir. Ünvan sahibi sənədin alınmasını və ya təsdiqnamənin imzalanmasını rədd etdiyi təqdirdə, sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi bu barədə sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsini məlumatlandırır.
Maddə 12. Sənədlərin etibarlılığı
1. Razılığa gələn Tərəflərdən birinin ərazisində gerbli möhürlə möhürlənmiş və müəyyən edilmiş qaydada səlahiyyətli müəssisə, yaxud da öz səlahiyyəti çərçivəsində, buna xüsusi səlahiyyəti olan şəxs tərəfindən verilən və ya təsdiqlənən sənədlər, Razılığa gələn bütün digər Tərəflərin ərazilərində hər hansı bir təsdiqləmə aparmadan qəbul edilir.
2. Razılığa gələn Tərəflərdən birinin ərazisində rəsmi sənəd kimi baxılan sənədlər, Razılığa gələn digər Tərəflərin ərazilərində resmi sənəd kimi sübutedici qüvvəyə malikdir.
Maddə 13. Vətəndaşlıq vəziyyəti haqqında sənədlərin və digər sənədlərin ötürülməsi
1. Razılığa gələn Tərəflər vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında sənədlərin bilavasitə Razılığa gələn Tərəflərin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üzrə orqanlar vasitəsilə və sənədlərin ötürülməsi haqqında vətəndaşları məlumatlandırmaqla, sorğu əsasında bir-birinə tərcüməsiz və pulsuz ötürülməsi öhdəliyini öz üzərlərinə götürürlər.
2. Razılığa gələn Tərəflər sorğu alan Razılığa gələn Tərəfin vətəndaşlarının və onun ərazisində yaşayan digər şəxslərin təhsili, əmək stajı haqqında sənədlərin və onların şəxsi, əmlak və qeyri-əmlak hüquq və maraqlarına aid olan digər sənədlərin sorğu əsasında bir-birinə tərcüməsiz və pulsuz ötürülməsi öhdəliyini öz üzərlərinə götürürlər.
Maddə 14. Diplomatik nümayəndəliklərin və konsulluq idarələrinin səlahiyyətləri
Razılığa gələn Tərəflərin diplomatik nümayəndəlikləri və konsulluq idarələri, məhkəmə və məhkəməyə aid olmayan sənədlərin ötürülməsini və ya təmsil olunan Razılığa gələn Tərəfin məhkəmələri üçün ifadələrin alınması üzrə məhkəmə tapşırıqlarının icrasını, qüvvədə olan beynəlxalq sazişlərə uyğun olaraq və ya bu cür sazişlərin mövcud olmadığı təqdirdə, ərazisində olduqları Razılığa gələn Tərəfin qanunvericiliyinə zidd olmayan digər istənilən qaydada həyata keçirməyə haqlıdırlar.
Maddə 15. Hüquqi məsələlər haqqında məlumat
Razılığa gələn Tərəflərin mərkəzi ədliyyə müəssisələri öz Razılığa gələn Tərəfinin mövcud olan və ya mövcud olmuş daxili qanunvericiliyi və onun tətbiqi üzrə təcrübə haqqında məlumatı sorğu əsasında bir-birinə təqdim edirlər.
Maddə 16. Ünvanların və digər məlumatın müəyyən edilməsi
1. Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri, onların ərazilərində yaşayan şəxslərin və əgər bu, onların vətəndaşlarının hüquqlarının həyata keçirilməsi üçün zəruridirsə, hüquqi şəxslərin ünvanlarının müəyyən edilməsində bir-birinə sorğu əsasında yardım göstərirlər. Belə olduqda, sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi sorğuda göstərilmiş şəxsin ünvanını müəyyən etmək üçün özündə olan məlumatı bildirir.
2. Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri, onların ərazilərində yaşayan və sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisələrində barələrində mülki, ailə və cinayət işləri üzrə əmlak tələbləri irəli sürülən şəxslərin iş yerlərinin (peşə növünün) və gəlirlərinin, o cümlədən bank hesablarında olan vəsaitlərinin müəyyən edilməsində qarşılıqlı yardım göstərirlər.
Maddə 17. Dil
Bu Konvensiyanın yerinə yetirilməsi zamanı Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri Razılığa gələn Tərəflərin dövlət dillərindən və ya rus dilindən istifadə edirlər.
Sənədlər Razılığa gələn Tərəflərin dövlət dillərində icra olunduğu təqdirdə, onlara rus dilinə təsdiqlənmiş tərcümələr əlavə edilir.
Maddə 18. Hüquqi yardımın göstərilməsi ilə bağlı xərclər
1. Hüquqi yardımın göstərilməsi ilə bağlı xərclər, əgər bu Konvensiyada başqa cür müəyyən edilməmişdirsə, onların çəkildiyi Razılığa gələn Tərəfin üzərinə düşür.
2. Tarixi və mədəni dəyərlərə malik olan, habelə böyük maddi dəyəri olan əşyaların ötürülməsi və daşınması ilə əlaqədar xərclər sorğu edən Razılığa gələn Tərəfin üzərinə düşür.
Maddə 19. Vəzifəli şəxslərin hərəkətlərindən şikayət. Dəymiş zərərin ödənilməsi
1. Razılığa gələn hər bir Tərəfin vətəndaşları və hüquqi şəxsləri, habelə onun ərazisində olan digər şəxslər Razılığa gələn digər Tərəflərin ədliyyə müəssisələrinin vəzifəli şəxsləri Tərəfindən bu Konvensiyanın müddəalarının yerinə yetirilməsi zamanı edilən hərəkətlərdən, əgər Konvensiyada başqa cür müəyyən edilməmişdirsə, həmin hərəkətlərin edildiyi Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan qaydada şikayət etməyə haqlıdırlar.
2. Əgər Razılığa gələn Tərəflərin ədliyyə müəssisələrinin vəzifəli şəxsləri tərəfindən bu Konvensiyanın müddəalarının yerinə yetirilməsi zamanı edilən qeyri-qanuni hərəkətlərlə bu maddənin 1-ci bəndində göstərilən şəxslərə zərər yetirilibsə, onda onlar zərərin Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq, zərəri yetirən ədliyyə müəssisəsinin vəzifəli şəxsi Tərəfindən ödənilməsini tələb etməyə haqlıdırlar.
Maddə 20. Hüquqi yardımın göstərilməsi zamanı məlumatın məxfiliyi
1. Sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinin sorğusuna əsasən hüquqi yardımın göstərilməsi haqqında tapşırığın və onun icrası nəticəsində əldə edilmiş məlumatın alınması faktının və məzmununun məxfiliyini təmin etmək üçün bütün zəruri tədbirləri görür.
2. Sorğu edən və sorğu alan Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri, lazım gəldikdə, tapşırığın icrası nəticəsində əldə edilmiş məlumatın məxfiliyini saxlamaq şərtlərini və müddətini öz aralarında razılaşdırırlar.
Maddə 21. Hüquqi yardımın göstərilməsindən imtina
Əgər hüquqi yardımın göstərilməsi sorğu alan Razılığa gələn Tərəfin suverenliyinə və ya təhlükəsizliyinə, yaxud da qanunvericiliyinə xələl gətirə bilərsə, onda onun göstərilməsindən tam və ya qismən imtina edilə bilər. Hüquqi yardımın göstərilməsi haqqında sorğuya rədd cavabı verildiyi təqdirdə, sorğu edən Razılığa gələn Tərəf imtinanın səbəbləri haqqında təxirə salınmadan məlumatlandırılır.

II Bölmə. Mülki və ailə işləri üzrə hüquqi münasibətlər
I Hissə. Səlahiyyət

Maddə 22. Ümumi müddəalar
1. Əgər bu bölmənin II — V hissələrində digər qayda nəzərdə tutulmursa, onda yaşayış yeri Razılığa gələn Tərəflərin birində olan şəxslərə qarşı iddialar, onların vətəndaşlığından asılı olmayaraq, həmin Razılığa gələn Tərəflərin məhkəmələrinə təqdim edilir, hüquqi şəxsə qarşı iddialar isə onların idarəedici orqanı, nümayəndəsi, yaxud da filialı olan Razılığa gələn Tərəfin məhkəmələrinə təqdim edilir.
Əgər işdə, yaşayış yeri (olduğu yer) Razılığa gələn ayrı-ayrı Tərəflərin ərazisində olan bir neçə cavabdeh iştirak edirsə, onda mübahisəyə iddiaçının seçimi əsasında istənilən cavabdehin yaşadığı yer (olduğu yer) üzrə baxılır.
2. Razılığa gələn Tərəfin məhkəmələri eyni zamanda səlahiyyətli hesab edilir, əgər onun ərazisində:
a) cavabdehin müəssisəsinin (filialının) ticarət, sənaye və ya digər təsərrüfat fəaliyyəti həyata keçirilirsə;
b) mübahisənin predmeti olan müqavilədən irəli gələn öhdəliklər yerinə yetirilibsə, yaxud tam və ya qismən yerinə yetirilməlidirsə;
v) şərəf və ləyaqətin və işgüzar nüfüzun müdafiəsi haqqında iddia üzrə iddiaçının daimi yaşayış yeri və ya olduğu yer varsa.
3. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqları haqqında iddialar üzrə səlahiyyətə, müstəsna hal kimi, yalnız əmlakın yerləşdiyi ərazidə olan məhkəmələr malikdir.
Daşıyıcılara yüklərin, sərnişinlərin və baqajın daşınması haqqında müqavilələrdən irəli gələn iddialar, müəyyən olunmuş qaydada iddia təqdim edilmiş nəqliyyat təşkilatı idarəsinin olduğu yer üzrə təqdim edilir.
Maddə 23. Müqavilə üzrə məhkəmə aidiyyəti
1. Razılığa gələn Tərəflərin məhkəmələri, əgər işə mahiyyəti üzrə baxılmasına qədər mübahisənin həmin məhkəmələrə verilməsi haqqında Tərəflərin yazılı razılığı mövcuddursa, işlərə digər hallarda da baxa bilərlər.
Bununla belə, bu Konvensiyanın normalarından irəli gələn, bu bölmənin I — V hissələri ilə müəyyən edilən, habelə Razılığa gələn müvafiq Tərəfin daxili qanunvericiliyindən irəli gələn müstəsna məhkəmə aidiyyəti Tərəflərin razılaşması ilə dəyişdirilə bilməz.
2. Mübahisənin məhkəməyə verilməsi haqqında razılaşma mövcud olduğu təqdirdə, məhkəmə iş üzrə icraata xitam verir.
Maddə 24. Məhkəmə proseslərinin qarşılıqlı əlaqəsi
1. Razılığa gələn iki Tərəfin bu Konvensiyaya uyğun olaraq səlahiyyətli məhkəmələrində eyni Tərəflər arasında eyni predmet üzrə və eyni əsaslarla iş üzrə icraat başlandığı təqdirdə, işi sonradan başlamış məhkəmə işin icraatına xitam verir.
2. Əsas iddia ilə yaranan hüquq münasibətlərindən irəli gələn qarşılıqlı iddia və ödəmə haqqında tələbə əsas iddia üzrə işə baxan məhkəmədə baxılmalıdır.
Maddə 25. Prokurorun mülki prosesdə iştirakı haqqında xahiş
Razılığa gələn bir Tərəfin Prokuroru öz səlahiyyəti çərçivəsində sorğu edən Razılığa gələn Tərəfin vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və qanuni maraqlarının müdafiəsinə dair Razılığa gələn digər Tərəfin Prokuroruna Razılığa gələn həmin Tərəfin məhkəməsində işin başlanması, bu cür işlərin baxışında iştirak etmək və ya yuxarı instansiya məhkəməsinə kassasiya, apellyasiya və ya şəxsi protestin (təqdimatın), habelə bu cür işlər üzrə məhkəmə qərarlarına nəzarət qaydasında protestin (təqdimatın) verilməsi haqqında müraciət etməyə haqlıdır.
II Hissə. Şəxsi status
Maddə 26. Hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti
1. Fiziki şəxsin fəaliyyət qabiliyyəti, onun vətəndaşı olduğu Razılığa gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilir.
2. Vətəndaşlığı olmayan şəxsin fəaliyyət qabiliyyəti, onun daimi yaşayış yerinin olduğu Razılığa gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilir.
3. Hüquqi şəxsin fəaliyyət qabiliyyəti, onun təsis edildiyi Razılığa gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilir.
Maddə 27. Fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması və ya fəaliyyət qabiliyyətindən məhrumetmə
1. Şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması və ya fəaliyyət qabiliyyətindən məhrum edilməsi haqqında işlərə, bu maddənin 2 — 3-cü bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla, onun vətəndaşı olduğu Razılığa gələn Tərəfin məhkəməsi baxmağa səlahiyyətlidir.
2. Əgər Razılığa gələn bir Tərəfin məhkəməsinə, onun ərazisində yaşayan və Razılığa gələn digər Tərəfin vətəndaşı olan şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması və ya fəaliyyət qabiliyyətindən məhrum edilməsi səbəbləri məlum olarsa, o, bu barədə həmin şəxsin vətəndaşlığına mənsub olduğu Razılığa gələn Tərəfin məhkəməsinə bildirir.
3. Əgər vətəndaşın fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması və ya fəaliyyət qabiliyyətindən məhrum edilməsi səbəbləri haqqında məlumatlandırılan Razılığa gələn Tərəfin səlahiyyətli məhkəməsi 90 gün ərzində işi baxışa qəbul etməzsə və ya öz fikrini bildirməzsə, onda fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması və ya fəaliyyət qabiliyyətindən məhrum etmə haqqında işə həmin vətəndaşın daimi yaşayış yeri olan Razılığa gələn Tərəfin məhkəməsi baxacaqdır. Şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması və ya fəaliyyət qabiliyyətindən məhrum edilməsi haqqında qərar həmin şəxsin vətəndaşlığının mənsub olduğu Razılığa gələn Tərəfin məhkəməsinə göndərilir.
4. Bu maddənin 1 — 3-cü bəndlərinin müddəaları, bir qayda olaraq, fəaliyyət qabiliyyətinin bərpa edilməsinə də tətbiq edilir.
Maddə 28. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ölmüş elan edilməsi. Ölüm faktının müəyyən edilməsi
1. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ölmüş elan edilməsi və ölüm faktının müəyyən edilməsinə dair işlərin baxılmasına, şəxsin sağ olarkən vətəndaşlığının mənsub olduğu Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi səlahiyyətlidir, digər şəxslərə münasibətdə isə şəxsin son yaşadığı yer üzrə ədliyyə müəssisəsi səlahiyyətlidir.
2. Razılığa gələn hər bir Tərəfin ədliyyə müəssisələri Razılığa gələn digər Tərəfin vətəndaşını və onun ərazisində yaşayan şəxsi xəbərsiz itkin düşmüş və ya ölmüş hesab edə bilər, habelə onun ərazisində yaşayan, hüquq və maraqları həmin Razılığa gələn Tərəfin qanunvericiliyinə əsaslanan maraqlı şəxslərin vəsatəti əsasında onun ölüm faktını müəyyən edə bilərlər.
3. Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri şəxsin xəbərsiz itkin düşmüş və ya ölmüş hesab edilməsi və ölüm faktının müəyyən edilməsi üzrə işlərə baxarkən öz Razılığa gələn Tərəfinin qanunvericiliyini tətbiq edirlər.
III Hissə. Ailə işləri
Maddə 29. Nikahın bağlanması
Hər bir gələcək ər və ya arvad nikahının bağlanması şərtləri, onların vətəndaşlığının mənsub olduğu Razılığa gələn Tərəfin qanunvericiliyi, vətəndaşlığı olmayan şəxslər üçün isə onların daimi yaşadıqları Razılığa gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilir. Bundan əlavə, nikahın bağlanması zamanı maneələrə münasibətdə, ərazisində nikah bağlanan Razılığa gələn Tərəfin qanunvericiliyinin tələblərinə riayət edilməlidir.
Maddə 30. Ər və arvadın hüquq münasibətləri
1. Ər və arvadın şəxsi və əmlak hüquq münasibətləri onların birgə yaşadıqları Razılığa gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilir.
2. Əgər ər və ya arvadın biri Razılığa gələn bir Tərəfin ərazisində yaşayır, ikincisi isə Razılığa gələn digər Tərəfin ərazisində yaşayır və onların hər ikisi eyni vətəndaşlığa malikdirsə, onda onların şəxsi və əmlak hüquq münasibətləri, onların vətəndaşlıqlarının mənsub olduğu Razılığa gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilir.
3. Əgər ər və ya arvadın biri Razılığa gələn bir Tərəfin ərazisində, o biri isə Razılığa gələn digər Tərəfin ərazisində yaşayırsa, onda onların şəxsi və əmlak hüquq münasibətləri, onların son birgə yaşadıqları Razılığa gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilir.
4. Əgər bu maddənin 3-cü bəndində göstərilən şəxslərin Razılığa gələn Tərəflərin ərazilərində birgə yaşayış yeri olmamışdırsa, onda işə baxan ədliyyə müəssisəsinin olduğu Razılığa gələn Tərəfin qanunvericiliyi tətbiq edilir.
5. Daşınmaz əmlaka dair ərlə arvadın hüquq münasibətlərində əmlakın olduğu Razılığa gələn Tərəfin qanunvericiliyi tətbiq edilir.
6. Ər və arvadın şəxsi və əmlak hüquq münasibətləri haqqında işlərin baxılmasına bu maddənin 1 — 3 və 5-ci bəndlərinə uyğun olaraq qanunvericiliyi tətbiq edilməli Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi səlahiyyətlidir.
Maddə 31. Nikahın pozulması
1. Nikahın pozulması haqqında işlər üzrə ər və arvadın ərizə verdiyi zaman vətəndaşı olduqları Razılığa gələn Tərəfin qanunvericiliyi tətbiq edilir.
2. Əgər ər və ya arvaddan biri Razılığa gələn bir Tərəfin vətəndaşıdırsa, ikincisi isə Razılığa gələn digər Tərəfin vətəndaşıdırsa, onda nikahın pozulması haqqında işə baxan ədliyyə müəssisəsinin olduğu Razılığa gələn Tərəfin qanunvericiliyi tətbiq edilir.
Maddə 32. Razılığa gələn Tərəflərin ədliyyə müəssisələrinin səlahiyyətləri
1. Bu Konvensiyanın 31-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan hallarda nikahın pozulması haqqında işə baxılmasına, ər və arvadın ərizə verdiyi zaman vətəndaşı olduqları Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi səlahiyyətlidir. Əgər ərizə verilən zaman ər və arvad Razılığa gələn digər Tərəfin ərazisində yaşayırsa, onda işin baxılmasına eyni zamanda Razılığa gələn həmin Tərəfin müəssisələri də səlahiyyətlidir.
2. Bu Konvensiyanın 31-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan hallarda nikahın pozulması haqqında işə baxmağa, ərazisində ər və arvadın birgə yaşadıqları Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi səlahiyyətlidir. Əgər ər və arvadın biri Razılığa gələn bir Tərəfin ərazisində yaşayır, ikincisi isə Razılığa gələn digər Tərəfin ərazisində yaşayırsa, onda nikahın pozulması haqqında işin baxılmasına ər və arvadın yaşadıqları Razılığa gələn hər iki Tərəfin ədliyyə müəssisəsi səlahiyyətlidir.
Maddə 33. Nikahın etibarsız sayılması
1. Nikahın etibarsız hesab edilməsi haqqında işlər üzrə bu Konvensiyanın 29-cu maddəsinə uyğun olaraq, nikahın bağlanması zamanı istifadə edilən Razılığa gələn Tərəfin qanunvericiliyi tətbiq edilir.
2. Nikahın etibarsız hesab edilməsi haqqında işlər üzrə ədliyyə müəssisələrinin səlahiyyəti, bu Konvensiyanın 32-ci maddəsinə uyğun olaraq müəyyən edilir.
Maddə 34. Atalığın və analığın müəyyən edilməsi və mübahisəsi
Atalığın və analığın müəyyən edilməsi və mübahisəsi, uşağın vətəndaşlığı mənsub olan Razılığa gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilir, onun vətəndaşlıq mənsubiyyətini müəyyən etmək mümkün olmadıqda, uşağın doğulduğu andan vətəndaşlığının mənsub olduğu Razılığa gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilir.
Maddə 35. Valideynlərin və uşaqların hüquq münasibətləri
1. Valideynlərin və uşaqların hüquq və vəzifələri, o cümlədən valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi, onların daimi birgə yaşayış yeri olduqları Razılığa gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilir, valideynlərin və uşaqların daimi birgə yaşayış yeri olmadıqda, onların qarşılıqlı hüquq və vəzifələri uşağın vətəndaşlığı mənsub olan Razılığa gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilir.
İddiaçının tələbi ilə aliment öhdəlikləri üzrə uşağın daimi yaşadığı Razılığa gələn Tərəfin qanunvericiliyi tətbiq edilir.
2. Yetkinlik yaşına çatmış uşaqların valideynlərin xeyrinə aliment öhdəlikləri, habelə digər ailə üzvlərinin aliment öhdəlikləri, onların birgə yaşayış yeri olan Razılığa gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilir. Birgə yaşayış yeri olmadıqda, bu cür öhdəliklər iddiaçının vətəndaşlığının mənsub olduğu Razılığa gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilir.
3. Valideynlər və uşaqlar arasında hüquq münasibətləri haqqında işlərə bu maddənin 1 və 2-ci bəndlərinə uyğun olaraq, qanunvericiliyi tətbiq edilməli Razılığa gələn Tərəfin məhkəməsi baxmağa səlahiyyətlidir.
4. Uşaqların tərbiyələndirilməsi ilə əlaqədar işlər üzrə məhkəmə qərarlarının icrası, uşağın yaşadığı Razılığa gələn Tərəfin qanunvericiliyində müəyyən edilmiş qaydada həyata keçirilir.
5. Razılığa gələn Tərəflər alimentlərin alınması haqqında işlər üzrə cavabdehin axtarışında bir-birinə yardım göstərirlər, əgər kifayət qədər əsas varsa ki, cavabdeh digər Razılığa gələn Tərəfin ərazisindədir və məhkəmə tərəfindən onun axtarışının elan edilməsi haqqında qərardad çıxarılmışdır.
Maddə 36. Qəyyumluq və himayəçilik
1. Qəyyumluq və himayəçiliyin müəyyən və ya ləğv edilməsi, barəsində qəyyumluq və ya himayəçilik müəyyən edilən və ya ləğv edilən şəxsin vətəndaşlığının mənsub olduğu Razılığa gələn Tərəfin qanunvericiliyi ilə həyata keçirilir.
2. Qəyyumlar və ya himayəçilər və qəyyumluq və ya himayəçilik altında olan şəxslə hüquq münasibətləri, həmin qəyyumu və ya himayəçini təyin etmiş idarənin məxsus olduğu Razılığa gələn Tərəfin qanunvericiliyi ilə tənzimlənir.
3. Qəyyumluğu və ya himayəçiliyi götürmək öhdəliyi, qəyyum və ya himayəçi təyin edilən şəxsin mənsub olduğu Razılığa gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilir.
4. Razılığa gələn bir Tərəfin vətəndaşı qəyyumluğun və ya himayəçiliyin həyata keçiriləcəyi Razılığa gələn Tərəfin ərazisində yaşayırsa, onda o, Razılığa gələn digər Tərəfin vətəndaşının qəyyumu və ya himayəçisi təyin edilə bilər.
Maddə 37. Qəyyumluq və himayəçilik məsələlərində müəssisələrin səlahiyyəti
Əgər bu Konvensiyada digər qayda nəzərdə tutulmamışdırsa, qəyyumluq və himayəçiliyin müəyyən və ya ləğv edilməsinə dair işlərin baxılmasına, barəsində qəyyumluq və ya himayəçilik müəyyən edilən və ya ləğv edilən şəxsin vətəndaşlığının mənsub olduğu Razılığa gələn Tərəfin müəssisəsi səlahiyyətlidir.
Maddə 38. Qəyyumluq və himayəçilik tədbirlərinin görülməsi qaydası
1. Daimi yaşayış yeri, olduğu yer və ya əmlakı Razılığa gələn bir Tərəfin ərazisində olan Razılığa gələn digər Tərəfin vətəndaşının maraqları naminə qəyyumluq və ya himayəçilik tədbirlərinin görülməsinə zərurət yarandıqda, Razılığa gələn həmin Tərəfin müəssisəsi bu Konvensiyanın 37-ci maddəsinə uyğun olaraq, səlahiyyəti olan müəssisəni təxirə salmadan məlumatlandırır.
2. Təxirəsalınmaz hallarda, Razılığa gələn digər Tərəfin müəssisəsi öz qanunvericiliyinə uyğun olaraq, özü müvəqqəti zəruri tədbirlər görə bilər. Belə olduğu təqdirdə, o, bu Konvensiyanın 37-ci maddəsinə uyğun olaraq səlahiyyəti olan müəssisəni təxirə salmadan məlumatlandırmalıdır. Bu tədbirlər 37-ci maddədə göstərilən müəssisə digər qərar qəbul edənə qədər öz qüvvəsini saxlayır.
Maddə 39. Qəyyumluğun və himayəçiliyin verilməsi qaydası
1. Razılığa gələn bir Tərəfin bu Konvensiyanın 37-ci maddəsinə uyğun olaraq səlahiyyəti olan müəssisəsi qəyyumluğu və ya himayəçiliyi Razılığa gələn digər Tərəfin müəssisəsinə o halda verə bilər ki, qəyyumluq və ya himayəçilik altında olan şəxsin Razılığa gələn həmin Tərəfin ərazisində daimi yaşayış yeri, olduğu yer və ya əmlakı olsun. Qəyyumluğun və ya himayəçiliyin verilməsi, sorğu alan Razılığa gələn Tərəfin müəssisəsi qəyyumluğu və ya himayəçiliyi öz üzərinə götürdükdən və bu barədə sorğu edən Razılığa gələn Tərəfin müəssisəsini məlumatlandırdıqdan sonra qüvvəyə minir.
2. Bu maddənin 1-ci bəndinə uyğun olaraq qəyyumluğu və ya himayəçiliyi qəbul etmiş müəssisə, onları öz Razılığa gələn Tərəfinin qanunvericiliyinə uyğun olaraq həyata keçirir.
Maddə 40. Övladlığa götürmə
1. Övladlığa götürmə və ya onun ləğv edilməsi, əgər uşağın vətəndaşlığının mənsub olduğu Razılığa gələn Tərəfin daxili qanunvericiliyində digər qayda nəzərdə tutulmamışdırsa, övladlığa götürmə və ya onun ləğv edilməsi haqqında ərizə verilən zaman övladlığa götürənin vətəndaşlığının mənsub olduğu Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən həyata keçirilir.
2. Əgər uşaq Razılığa gələn digər Tərəfin vətəndaşıdırsa, onda övladlığa götürərkən və ya onu ləğv edərkən, qanuni nümayəndənin və səlahiyyətli dövlət orqanının, habelə uşağın razılığını, əgər onun vətəndaşlığının mənsub olduğu Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən bu tələb edilirsə, almaq vacibdir.
3. Əgər uşağı, biri Razılığa gələn bir Tərəfin vətəndaşı, digəri isə Razılığa gələn digər Tərəfin vətəndaşı olan ər və arvad övladlığa götürübsə, onda övladlığa götürmə və ya onun ləğv edilməsi, bu maddənin 1-ci və 2-ci bəndlərini nəzərə almaqla, Razılığa gələn hər iki Tərəfin qanunvericiliyində nəzərdə tutulan şərtlərə uyğun olaraq həyata keçirilir.
4. Övladlığa götürmə və ya onun ləğv edilməsinə dair işlərə baxmağa, övladlığa götürmə və ya onun ləğv edilməsi haqqında ərizə verilən zaman övladlığa götürənin vətəndaşlığının mənsub olduğu Razılığa gələn Tərəfin müəssisəsi, bu maddənin 3-cü bəndində nəzərdə tutulan halda isə ər və arvadın son birgə yaşadıqları və ya olduqları Razılığa gələn Tərəfin müəssisəsi səlahiyyətlidir.

IV Hissə. Əmlak hüquq münasibətləri
Maddə 41. Mülkiyyət hüququ

1. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ əmlakın yerləşdiyi Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir. Hansı əmlakın daşınmaz olduğu məsələsi həmin əmlakın yerləşdiyi Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir.
2. Dövlət reyestrinə daxil olmalı nəqliyyat vasitələri üzərində mülkiyyət hüququ nəqliyyat vasitəsini qeydiyyata almış orqanın yerləşdiyi Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir.
3. Mülkiyyət hüququnun və ya əmlak üzərində digər əşya hüququnun yaranması və ona xitam verilməsi bu cür hüququn yaranmasına və ya ona xitam verilməsinə səbəb olan hərəkətin və ya digər halın baş verdiyi zaman əmlakın yerləşdiyi Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir.
4. Əqdin predmeti olan mülkiyyət hüququnun və ya əmlak üzərində digər əşya hüququnun yaranması və ona xitam verilməsi, əgər Razılığa gələn Tərəflər arasında razılaşma ilə digər qayda nəzərdə tutulmursa, əqdin bağlandığı yerin qanunvericiliyinə əsasən müəyyən edilir.
Maddə 42. Əqdin forması
1. Əqdin forması əqdin baş verdiyi Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir.
2. Daşınmaz əmlaka və ona hüquqlara dair əqdin forması bu cür əmlakın yerləşdiyi Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir.
Maddə 43. Etibarnamə
Etibarnamənin forması və müddəti onun verildiyi Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir.
Bu cür etibarnamə, ərazisində istifadə ediləcək Razılığa gələn Tərəfin dilinə, yaxud rus dilinə notarial qaydada təsdiqlənmiş tərcümə ilə birlikdə Razılığa gələn digər Tərəflərin ərazilərində hər hansı bir xüsusi təsdiq etmədən tətbiq ediləcəkdir.
Maddə 44. Əqd əsasında Tərəflərin hüquq və vəzifələri
Əqd əsasında Tərəflərin hüquq və vəzifələri, əgər Tərəflər arasında razılaşma ilə digər qayda nəzərdə tutulmayıbsa, onun baş verdiyi Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir.
Maddə 45. Zərərin ödənilməsi
1. Zərərin ödənilməsindən əmələ gələn öhdəliklər, müqavilələrdən və digər qanuni hərəkətlərdən əmələ gələn öhdəliklərdən savayı, ərazisində zərərin ödənilməsi haqqında tələb etmək üçün əsas olan hərəkətin və ya digər halın baş verdiyi Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir.
2. Əgər zərər yetirən və zərərçəkmiş şəxs Razılığa gələn eyni Tərəfin vətəndaşlarıdırsa, onda həmin Razılığa gələn Tərəfin qanunvericiliyi tətbiq edilir.
3. Bu maddənin 1-ci və 2-ci bəndlərində göstərilən işlərin baxılmasına, ərazisində zərərin ödənilməsi haqqında tələb etmək üçün əsas olan hərəkətin və ya digər halın baş verdiyi Razılığa gələn Tərəfin məhkəməsi səlahiyyətlidir. Zərərçəkmiş şəxs, eyni zamanda, cavabdehin yaşayış yeri olduğu Razılığa gələn Tərəfin məhkəməsində iddia qaldıra bilər.
Maddə 46. İddia müddəti
İddia müddətinə aid olan məsələlər müvafiq hüquq münasibətlərinin tənzimlənməsi üçün tətbiq edilən qanunvericiliyə əsasən həll edilir.

V Hissə. Vərəsəlik
Maddə 47. Bərabərlik prinsipi
Razılığa gələn hər bir Tərəfin vətəndaşları Razılığa gələn digər Tərəflərin ərazilərində Razılığa gələn həmin Tərəfin öz vətəndaşları üçün nəzərdə tutulan bərabər şərtlər və eyni həcmdə qanun üzrə və ya vəsiyyət üzrə əmlak və ya hüquqlara varis ola bilərlər.
Maddə 48. Vərəsəlik hüququ
1. Bu maddənin 2-ci bəndində nəzərdə tutulan haldan savayı, əmlaka vərəsəlik hüququ miras qoyanın son daimi yaşayış yeri olduğu Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir.
2. Daşınmaz əmlaka vərəsəlik hüququ həmin əmlakın yerləşdiyi Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir.
Maddə 49. Mirasin dövlətə keçməsi
Əgər Razılığa gələn Tərəfin mirasa tətbiq edəcəyi qanunvericiliyinə əsasən varis dövlətdirsə, onda miras kimi çıxış edən daşınar əmlak miras qoyanın öldüyü zaman vətəndaşlığının mənsub olduğu Razılığa gələn Tərəfə keçir, daşınmaz əmlak isə onun yerləşdiyi Razılığa gələn Tərəfə keçir.
Maddə 50. Vəsiyyət
Şəxsin vəsiyyətnaməni tərtib etməyə və ya onu ləğv etməyə hüquqi qabiliyyəti, habelə onun forması və ləğv edilmə qaydası miras qoyanın akt tərtib edilən zaman yaşayış yeri olduğu Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir. Lakin vəsiyyətin edilməsi və ya onun ləğv edilməsi, əgər vəsiyyətnamənin forması vəsiyyətnamənin tərtib edildiyi Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun gəlirsə, onun formasına riayət edilməməsi səbəbindən etibarsız hesab edilə bilməz.
Maddə 51. Vərəsəliyə dair işlər üzrə səlahiyyət
1. Daşınar miras əmlaka dair işlər üzrə icraatı, miras qoyanın öldüyü zaman ərazisində yaşadığı Razılığa gələn Tərəfin müəssisəsi tərəfindən həyata keçirilir.
2. Daşınmaz əmlakın miras qoyulması üzrə işlərin icraatının aparılmasına əmlakın yerləşdiyi Razılığa gələn Tərəfin müəssisəsi səlahiyyətlidir.
3. Bu maddənin 1-ci və 2-ci bəndlərinin müddəaları, həmçinin vərəsəlik üzrə işlərin icraatı ilə bağlı yaranan mübahisələrin baxılmasında da tətbiq edilir.
Maddə 52. Diplomatik nümayəndəliyin və ya konsulluq idarəsinin vərəsəlik işləri üzrə səlahiyyəti
Razılığa gələn hər bir Tərəfin diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri vərəsəlik işləri, o cümlədən mirasla əlaqədar yaranan mübahisələrə dair işlər üzrə öz Razılığa gələn Tərəfinin vətəndaşlarını, əgər onlar yoxdursa və ya nümayəndə təyin etməmişlərsə, Razılığa gələn digər Tərəflərin müəssisələrində (vərəsəlikdən imtina hüququ istisna olmaqla) xüsusi etibarnaməsiz təmsil etməyə səlahiyyətlidirlər.
Maddə 53. Mirasın qorunması üçün tədbirlər
1. Razılığa gələn Tərəflərin müəssisələri öz Razılığa gələn Tərəflərinin qanunvericiliyinə uyğun olaraq, onların ərazilərində Razılığa gələn digər Tərəflərin vətəndaşları tərəfindən qoyulan mirasın qorunmasını təmin etmək və ya onu idarə etmək üçün zəruri tədbirlər görür.
2. Miras qoyanın vətəndaşlığının mənsub olan Razılığa gələn Tərəfin diplomatik nümayəndəliyi və ya konsulluq idarəsi, bu maddənin 1-ci bəndinə əsasən görülən tədbirlər haqqında məlumatlandırılır. Göstərilən diplomatik nümayəndəlik və ya konsulluq idarəsi bu tədbirlərin həyata keçirilməsində iştirak edə bilər.
3. Razılığa gələn Tərəflərin vərəsəlik işləri üzrə icraatın aparılmasına səlahiyyəti olan ədliyyə müəssisələrinin, habelə diplomatik nümayəndəliklərin və ya konsulluq idarələrinin vəsatətlərinə əsasən, bu maddənin 1-ci bəndinə uyğun olaraq görülmüş tədbirlər dəyişdirilə, ləğv edilə və ya təxirə salına bilər.
III Bölmə. Qərarların tanınması və icrası
Maddə 54. Qərarların tanınması və icrası
1. Razılığa gələn Tərəflərdən hər biri bu Konvensiyada nəzərdə tutulan şərtlərə əsasən Razılığa gələn digər Tərəflərin ərazilərində çıxarılan aşağıdakı qərarları tanıyır və icra edir:
a) mülki və ailə işləri üzrə Razılığa gələn Tərəflərin ədliyyə müəssisələrinin qərarları, o cümlədən belə işlər üzrə məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişləri və pul öhdəliklərinə münasibətdə notarial aktlar (bundan sonra — qərarlar);
b) cinayət işləri üzrə zərərin ödənilməsi, cərimələrin tutulması və müsadirələrin edilməsinə dair məhkəmələrin çıxardığı hökmlər (qərarlar);
v) iddianın təmin edilməsi məqsədilə əmlak, o cümlədən bank hesablarında olan pul vəsaitlərinin üzərinə həbs qoyma haqqında məhkəmələrin qərarları.
2. Bu maddənin 1-ci bəndində göstərilən qərarların tanınması və icrası sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Maddə 55. İcrası tələb olunmayan qərarların tanınması
1. Razılığa gələn hər bir Tərəfin ədliyyə müəssisələrinin çıxardığı və sonradan qanuni qüvvəyə minən və öz mahiyyətinə görə icrası tələb olunmayan qərarlar Razılığa gələn digər Tərəflərin ərazilərində xüsusi icraat aparılmadan o şərtlə tanına bilər ki:
a) sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisələri həmin iş üzrə əvvəlcədən qərar çıxarmış və həmin qərar qüvvəyə minmiş olsun;
b) iş, bu Konvensiyaya uyğun olaraq və ya ərazisində qərarın tanınacağı Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən orada nəzərdə tutulmayan hallarda Razılığa gələn həmin Tərəfin ədliyyə müəssisəsinin müstəsna səlahiyyətinə aid olmadıqda.
2. Bu maddənin 1-ci bəndinin müddəaları, həmçinin qərarın çıxarıldığı Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən səlahiyyətli müəssisələrin qəyyumluq və himayəçilik haqqında və nikahın pozulması haqqında çıxardıqları qərarlara da aiddir.
Maddə 56. Qərarların tanınması və icrası haqqında vəsatət
1. Qərarın tanınması və icrası haqqında vəsatəti, qərarın icra ediləcəyi Razılığa gələn Tərəfin səlahiyyətli məhkəməsinə xeyrinə qərar çıxarılmış tərəf verir. Vəsatət həmçinin birinci instansiyada iş üzrə qərar çıxarmış məhkəməyə də verilə bilər. Həmin məhkəmə öz qərarının tanınması və icrası haqqında vəsatəti vəsatət üzrə qərar çıxarmağa səlahiyyəti olan məhkəməyə göndərir.
2. Vəsatətə aşağıdakılar əlavə edilir:
a) qərar və ya onun təsdiq edilmiş surəti, habelə qərarın qanuni qüvvəyə minməsini və icra edilməli olduğunu və ya, əgər qərarın özündən irəli gəlmirsə, qərarın qüvvəyə minməsinə qədər icra edilməli olduğunu əks etdirən rəsmi sənəd;
b) barəsində qərar çıxarılan və prosesdə iştirak etməyən tərəfin lazımi qaydada və vaxtlı-vaxtında məhkəməyə çağırılmasını əks etdirən sənəd, tərəfin prosessual fəaliyyət qabiliyyəti olmadığı təqdirdə isə lazımi qaydada təmsil edilməsini təsdiq edən sənəd;
v) qərarın, onun ötürülməsi zamanı qismən icra olunmasını təsdiq edən sənəd;
q) müqavilə aidiyyəti məsələləri üzrə Tərəflərin razılaşmasını təsdiq edən sənəd.
3. Qərarın tanınması və icra edilməsi haqqında vəsatət və ona əlavə sənədlər sorğu alan Razılığa gələn Tərəfin dilinə və ya rus dilinə təsdiq edilmiş tərcümə ilə təmin edilir.
Maddə 57. Qərarların tanınma və icra qaydası
1. Bu Konvensiyanın 54-cü maddəsində qərarların tanınması və icrası haqqında nəzərdə tutulan vəsatətlər, ərazisində icra edilməsi nəzərdə tutulan Razılığa gələn Tərəfin məhkəmələri Tərəfindən baxılır.
2. Qərarın tanınması və icrası haqqında vəsatətə baxan məhkəmə belə bir faktla kifayətlənir ki, bu Konvensiyada nəzərdə tutulan şərtlərə riayət edilmişdir. Şərtlərə riayət olunduğu təqdirdə, məhkəmə icra haqqında qərar çıxarır.
3. Qərarların tanınma və icra qaydası, ərazisində icra edilməsi nəzərdə tutulan Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən müəyyən edilir.
Maddə 58. Cərimələrin tutulması, əmlakın və cinayət fəaliyyətindən əldə edilən gəlirlərin müsadirəsi haqqında məhkəmə qərarlarının icrası
1. Cərimələrin tutulması, əmlakı müsadirə və ya cinayət işi üzrə predmetlərin və əmlakın dövlət nəfinə tutulması və ya qeyri-qanuni yollarla əldə edilən gəlirlərin müsadirəsi haqqında sorğu edən Razılığa gələn Tərəfin məhkəməsinin qərarlarını sorğu alan Razılığa gələn Tərəf bu Konvensiyanın 8, 54, 56, 57, 59-cu maddələrinə əsasən və orada müəyyən edilmiş qaydada icra edir.
2. Tutulan cərimə məbləğləri sorğu edən Razılığa gələn Tərəfə ötürülür.
3. Müsadirə haqqında qərarın baxılmasına yalnız sorğu edən Razılığa gələn Tərəf haqlıdır, Müsadirənin həyata keçirilmə prosedurunu sorğu alan Razılığa gələn Tərəf müəyyən edir.
Sorğu alan Razılığa gələn Tərəf sorğu edən Razılığa gələn Tərəfin çıxardığı hökmdə və ya digər məhkəmə qərarında izah edilmiş həcmdə faktların müəyyən edilməsinə dair nəticələrlə əlaqəlidir və ya həmin hökmün və ya digər məhkəmə qərarının bu nəticələrə əsaslandığı həcmdə bağlıdır.
Müsadirə edilmiş əmlak və ya ona ekvivalent əmlak tam və ya qismən əmlakın müsadirəsi haqqında qərarın qəbul edildiyi Razılığa gələn Tərəfə verilə bilər.
Hər bir konkret halda sorğu edən və sorğu alan Razılığa gələn Tərəflər bu Konvensiyaya uyğun olaraq müsadirə haqqında qərarın icrası zamanı əldə edilmiş əmlakın bölünməsi haqqında razılığa gəlirlər.
Maddə 59. Qərarların tanınmasından və icrasından imtina
Bu Konvensiyanın 54-cü maddəsində nəzərdə tutulan qərarların tanınmasından və icrasından aşağıdakı hallarda imtina edilə bilər, əgər:
a) qərar bu Konvensiyada müəyyən edilmiş müddəalara zidd olaraq çıxarılıbsa;
b) qərarın çıxarıldığı Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq, qanuni qüvvəyə minənə qədər icra edilməli qərar istisna olmaqla, həmin qərar qanuni qüvvəyə minməmişdirsə və icra edilməməlidirsə;
v) cavabdehin özünə və ya onun səlahiyyətli nümayəndəsinə məhkəmə çağırışı lazımi qaydada və vaxtlı-vaxtında verilmədiyinə görə cavabdeh prosesdə iştirak etməmişdirsə;
q) ərazisində qərarın tanınması və icra edilməsi nəzərdə tutulan Razılığa gələn Tərəfdə eyni tərəflər arasında eyni predmet və eyni əsaslarla olan iş üzrə artıq qanuni qüvvəyə minmiş hökm çıxarılmışsa və ya üçüncü dövlətin məhkəməsinin tanıma qərarı mövcuddursa, yaxud da Razılığa gələn həmin Tərəfin ədliyyə müəssisəsi tərəfindən əvvəllər həmin iş üzrə, Razılığa gələn digər Tərəfin ədliyyə müəssisəsinin qərarının tanınması və icrası haqqında vəsatət daxil olana qədər başa çatmamış, icraat başlanmışdırsa;
d) bu Konvensiyanın müddəalarına əsasən və ya ərazisində qərarın tanınması və icra edilməsi nəzərdə tutulan Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən həmin Konvensiyada nəzərdə tutulmayan hallarda iş müstəsna hal kimi onun ədliyyə müəssisəsinə aiddirsə;
e) müqavilə aidiyyəti məsələsi üzrə Tərəflərin razılaşmasını təsdiq edən sənəd mövcud deyilsə;
j) sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan icraetmə müddəti bitmişdirsə;
z) qərarın tanınması və icra edilməsi sorğu alan Razılığa gələn Tərəfin ictimai qaydasına ziddirsə.

IV Fəsil. Cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər
I Bölmə. Cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi haqqında tapşırıqlar
Maddə 60. Cinayət işi üzrə hüquqi yardımın göstərilməsi haqqında tapşırığın məzmunu və forması
  1. Cinayət işi üzrə hüquqi yardımın göstərilməsi haqqında tapşırıq bu Konvensiyanın 7-ci maddəsinin tələblərinə uyğun olaraq tərtib edilir.
    2. Tapşırıqda eyni zamanda aşağıdakılar göstərilməlidir:
    a) törədilmiş cinayətin təsviri və tövsifi, dəymiş zərərin həcmi barədə məlumat, əgər o, cinayət əməli nəticəsində baş vermişdirsə;
    b) prosessual hərəkətlərin, axtarış və ya cinayət işi çərçivəsində görüləcək əməliyyat-axtarış tədbirlərinin, habelə tapşırığın yerinə yetirilməsi üçün zəruri olan digər məlumatın tam siyahısı;
    v) dindirmə zamanı açıqlanması tələb olunan sualların siyahısı;
    q) cinayət işinin istintaqına səbəb olan qanun normalarının tam mətni.
    3. Cinayət işi üzrə hüquqi yardımın göstərilməsi haqqında tapşırığa prosessual hərəkətlərin, axtarış və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında təsdiq edilmiş və lazım gəldikdə, sorğu edən Razılığa gələn Tərəfin qanunvericiliyində müəyyən edilmiş qaydada sanksiyalaşdırılmış qərarlar əlavə edilir.
    Maddə 61. Cinayət işi üzrə hüquqi yardımın göstərilməsi haqqında tapşırığın icra edilməsi
    1. Razılığa gələn Tərəflərin səlahiyyətli ədliyyə müəssisələri bu Konvensiyanın 8-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi haqqında tapşırıqların icra edilməsini təmin edirlər.
    2. Bu Konvensiyanın 60-cı maddəsinin 3-cü bəndində göstərilən sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinin qərarları onlarda göstərilən prosessual və digər hərəkətlərin həyata keçirilməsi üçün əsasdır. Əgər bu, sorğu edən Razılığa gələn Tərəfin daxili qanunvericiliyinə zidd deyilsə, tapşırıq yerinə yetirilərkən, onların əlavə leqallaşdırılması tələb edilmir.
    3. Tapşırığın tam və düzgün icra edilməsi məqsədilə sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsindən əlavə məlumatın təqdim edilməsini xahiş edə bilər.
    Tapşırığı icra edən zaman sorğu edən və sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi bir-biri ilə istintaq hərəkətlərinin, axtarış və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında məlumat mübadiləsi, bir-birinə əlavə məlumatlar təqdim edə, habelə əlavə istintaq hərəkətlərinin, axtarış və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məsələsini razılaşdıra bilər.
    4. Tapşırığı icra etdikdən sonra sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi alınmış materialları sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinə və ya sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinin tapşırığının icra edilməsi haqqında bildirişlə tapşırığın təşəbbüskarına göndərə bilər.
    Maddə 62. Cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi haqqında tapşırıqların icra müddəti
    1. Cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi haqqında tapşırıqlar sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan müddətdə icra edilir.
    2. Lazım gəldikdə, hüquqi yardımın göstərilməsi haqqında tapşırığın icra müddəti Razılığa gələn Tərəflərin səlahiyyətli ədliyyə müəssisələrinin razılığı ilə uzadıla bilər.
    Maddə 63. Birgə əməliyyat-istintaq qruplarının yaradılması və fəaliyyəti
    1. İki və ya daha çox Razılığa gələn Tərəfin ərazisində bir və ya bir neçə şəxs Tərəfindən törədilən, yaxud onların maraqlarına toxunan cinayətlərin tez və hərtərəfli istintaqı məqsədilə birgə əməliyyat-istintaq qrupları yaradıla bilər.
    2. Birgə əməliyyat-istintaq qrupunun yaradılması haqqında təklif bu Konvensiyanın 60-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilir.
    3. Sorğu alan Razılığa gələn Tərəf birgə əməliyyat-istintaq qrupunun yaradılması haqqında təklif aldıqdan sonra 15 gün ərzində sorğu edən Razılığa gələn Tərəfi qəbul etdiyi qərarı haqqında məlumatlandırır və bununla razılaşdığı təqdirdə ona bu cür qrupa daxil edilən vəzifəli şəxslərin siyahısını təqdim edir.
    4. Birgə əməliyyat-istintaq qrupunun üzvləri öz aralarında bilavasitə əlaqə saxlayır, istintaqın əsas istiqamətini, istintaq hərəkətlərinin, axtarış və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini razılaşdırır, aldıqları məlumatları mübadilə edirlər. Razılaşdırmaya dair onların fəaliyyətinin əlaqələndirilməsini birgə əməliyyat-istintaq qrupunun yaradılmasının təşəbbüskarı və ya onun üzvlərindən biri həyata keçirir.
    5. İstintaq hərəkətləri, axtarış və ya əməliyyat-axtarış tədbirləri, həmin hərəkət və tədbirlərin keçirildiyi Razılığa gələn Tərəfin birgə əməliyyat-istintaq qrupunun üzvləri Tərəfindən həyata keçirilir. İstintaq hərəkətlərinin, axtarış və ya əməliyyat-axtarış tədbirlərinin Razılığa gələn bir Tərəfin birgə əməliyyat-istintaq qrupunun üzvlərinin Razılığa gələn digər Tərəfin ərazisində keçirilməsi, bu Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulan qaydada həyata keçirilir.
    Maddə 64. Tapşırığın müəyyən şərtlərlə icrası
    1. Əgər tapşırığın təxirə salmadan icrası sorğu edən Razılığa gələn Tərəfin ərazisində həyata keçirilən istintaqa və ya məhkəmə araşdırmasına mane olarsa, sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi tapşırığın icrasını təxirə sala və ya qismən icra edə bilər.
    2. Sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi tapşırığın icrasının təxirə salınması və ya onun qismən icrası məsələsi həll edilənə qədər tapşırığın müəyyən şərtlərlə icrasının mümkünlüyünə baxır. Əgər sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi həmin şərtlərlə razılaşırsa, onda o, bu barədə sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinə yazılı şəkildə bildirir və qoyulan şərtləri yerinə yetirir.
    Maddə 65. Tapşırığın icrası nəticəsində əldə edilən sübutların hüquqi əhəmiyyəti
    Tapşırığın icrası nəticəsində sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən onun ərazisində əldə edilən sübutlar sorğu edən Razılığa gələn Tərəfdə də sübutedici qüvvəyə malikdir:
    II Bölmə. Verilmə
    Maddə 66. Cinayətkarın verilməsi öhdəliyi
    1. Razılığa gələn Tərəflər bu Konvensiyada nəzərdə tutulan şərtlərə uyğun olaraq onların ərazilərində olan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi və ya hökmün icrasının təmin edilməsi üçün sorğu əsasında bir-birinə verilməsini öz öhdələrinə götürürlər.
    2. Cinayət məsuliyyətinə cəlb etmək üçün verilmə elə bir əməllərə görə həyata keçirilir ki, həmin əməllər sorğu edən və sorğu alan Razılığa gələn Tərəflərin daxili qanunvericiliyinə əsasən cinayət qanunu ilə cəzalandırılan və törədilməsinə görə bir ildən az olmayan azadlıqdan məhrumetmə cəzası və ya daha ciddi cəza nəzərdə tutmuş olsun.
    3. Hökmün icrasını təmin etmək üçün verilmə elə bir əməllərə görə həyata keçirilir ki, həmin əməllər sorğu edən və sorğu alan Razılığa gələn Tərəflərin daxili qanunvericiliyinə əsasən cinayət qanunu ilə cəzalandırılan əməl olsun və onların törədilməsinə görə verilməsi tələb edilən şəxs altı aydan az olmayan azadlıqdan məhrumetmə cəzasına və ya daha ciddi cəzaya məhkum edilmiş olsun.
    4. Verilmə üçün əsas olan əməlin sorğu edən və sorğu alan Razılığa gələn Tərəflərin daxili qanunvericiliyinə əsasən cinayət qanunu ilə cəzalandırılan əməl olub-olmaması məsələsini həll edərkən, cinayətin ayrı-ayrı əlamətlərinin təsvirində və istifadə edilən terminologiyada müxtəlifliklər əhəmiyyət kəsb etmir.
    Maddə 67. Verilmə haqqında sorğu
    1. Verilmə haqqında sorğu aşağıdakı məlumatı əks etdirməlidir:
    a) sorğu edən və sorğu alan Razılığa gələn Tərəflərin ədliyyə müəssisələrinin adlarını;
    b) verilmə haqqında sorğu ilə müraciət etməyə səbəb olan əməlin faktiki hallarının təsviri və həmin əməli cinayət kimi tanıdan sorğu edən Razılığa gələn Tərəfin qanununun, həmin qanuna əsasən nəzərdə tutulan cəzanı göstərməklə, mətni;
    v) verilməli olan şəxsin adı, soyadı, atasının adı, doğulduğu il və yer, vətəndaşlığı, yaşadığı və ya olduğu yer, əgər mümkündürsə — xarici əlamətlərin təsviri, fotoşəkli, barmaq izləri və onun şəxsiyyəti haqqında digər məlumatı;
    q) cinayətlə dəymiş zərərin həcmi və həmin zərərin ödənilməsi haqqında məlumat.
    2. Cinayət məsuliyyətinə cəlb etmək üçün verilmə haqqında sorğuya həbsə alma və müqəssir qismində cəlbetmə haqqında qərarların təsdiq edilmiş surətləri əlavə edilməlidir.
    3. Hökmün icrasını təmin etmək üçün verilmə haqqında sorğuya hökmün, onun qanuni qüvvəyə minməsi haqqında qeydlə birlikdə, təsdiq edilmiş surəti və şəxsin məhkum edilməsinə əsas olan cinayət qanunu müddəasının mətni əlavə edilməlidir. Əgər məhkum olunmuş şəxs cəzanın bir hissəsini artıq çəkmişdirsə, onda bu barədə məlumatlar da bildirilir.
    4. Verilmə haqqında sorğu və ona əlavə edilmiş sənədlər bu Konvensiyanın 7-ci maddəsinin 3-cü bəndi və 17-ci maddənin müddəalarına riayət etməklə tərtib edilir.
    Maddə 68. Şəxsin verilməsi haqqında sorğu alınarkən, həmin şəxsin olduğu yerin müəyyən edilməsi və onun həbsə alınması
    Verilmə haqqında sorğu alınarkən, sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli ədliyyə müəssisəsi, verilmənin yerinə yetirilməsini mümkün edə bilməyən hallar istisna olmaqla, verilməsi tələb edilən şəxsin olduğu yeri müəyyən etmək və onu həbsə almaq üçün təxirə salmadan tədbirlər görür.
    Maddə 69. Verilmə haqqında sorğu alınana qədər şəxsin axtarışı
    1. Əgər şəxsin sorğu edən Razılığa gələn Tərəfin ərazisində olmasına güman etməyə əsas varsa, Razılığa gələn Tərəflərin səlahiyyətli ədliyyə müəssisələri, verilmənin yerinə yetirilməsini mümkün edə bilməyən hallar istisna olmaqla, verilmə haqqında sorğu alınana qədər tapşırıq əsasında şəxsin axtarışını həyata keçirirlər.
    2. Axtarışın həyata keçirilməsi haqqında tapşırıq bu Konvensiyanın 7-ci maddəsinin müddəalarına uyğun olaraq tərtib edilir və özündə axtarışda olan şəxsin yerini müəyyən etməyə imkan verən hər hansı bir digər məlumatdan savayı, onun əlamətlərinin mümkün qədər tam təsvirini, həmin şəxsin verilməsi haqqında sorğunun təqdim ediləcəyini göstərərək, onun həbsə alınması haqqında xahişi əks etdirməlidir.
    3. Axtarışın həyata keçirilməsi haqqında tapşırığa sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinin axtarışda olan şəxsin həbs edilməsi haqqında qərarının, yaxud qüvvəyə minmiş hökmün təsdiq edilmiş surəti, cəzanın çəkilməmiş hissəsi haqqında məlumatı, habelə fotoşəkil və barmaq izləri (əgər bunlar varsa) əlavə edilir.
    4. Verilmə haqqında sorğu alınana qədər sorğu edən Razılığa gələn Tərəfin səlahiyyətli ədliyyə müəssisəsi təxirə salınmadan şəxsin axtarışı haqqında nəticələr barədə məlumatlandırılır.
    Maddə 70. Verilmə haqqında sorğu alınana qədər həbsə alma və ya saxlama
    1. Verilməsi tələb edilən şəxs verilmə haqqında sorğu alınana qədər də vəsatət əsasında həbsə alına bilər. Vəsatətdə sorğu edən Razılığa gələn Tərəfin səlahiyyətli ədliyyə müəssisəsinin həbsə alma haqqında qərarına və ya qanuni qüvvəyə minmiş hökmünə və verilmə haqqında sorğunun sonradan təqdim ediləcəyinə istinadlar əks etdirilməlidir. Həbsə alma haqqında vəsatət verilmə haqqında sorğu alınana qədər əsli poçt və ya qasidlə göndərilməklə eyni zamanda texniki rabitə vasitələrinin istifadəsi ilə ötürülə bilər.
    2. Verilməsi tələb edilən şəxs verilmə haqqında sorğu alınana qədər və onun beynəlxalq (hökumətlərarası) axtarışda elan edilməsi ilə əlaqədar həbsə alına bilər. Bu cür hallarda, sorğu edən Razılığa gələn Tərəfin səlahiyyətli ədliyyə müəssisəsinin qətimkan tədbiri kimi seçdiyi həbsə alma haqqında qərar və ya qanuni qüvvəyə minmiş hökmü onun həbsdə saxlanılmasına əsasdır.
    3. Əgər şəxsin Razılığa gələn digər Tərəfin ərazisində verilməyə səbəb olan cinayəti törətməsinə şübhə etməyə daxili qanunvericilikdə nəzərdə tutulan əsaslar varsa, həmin şəxs, hətta bu maddənin 1-ci bəndində göstərilən vəsatət alınmasa belə, həbs edilə bilər.
    4. Verilmə haqqında sorğu alınana qədər sorğu edən Razılığa gələn Tərəfin səlahiyyətli ədliyyə müəssisəsi təxirə salınmadan həbs etmə və ya saxlama haqqında məlumatlandırılır.
    Maddə 71. Verilmə haqqında sorğunun baxılma müddəti
    1. Verilmə haqqında sorğu, onun sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli ədliyyə müəssisəsinə daxil olmasından sonra, əgər həmin Razılığa gələn Tərəfin qanunvericiliyində digər qayda nəzərdə tutulmayıbsa, 30 gün ərzində baxılmalıdır. Verilmə haqqında sorğunun baxılması nəticələri haqqında sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinə bildirilir.
    2. Əgər verilmə haqqında sorğuda zəruri məlumatların hamısı əks etdirilməmişdirsə, onda sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsi 30 günə qədər müddət müəyyən edərək, əlavə məlumatların təqdim edilməsini tələb edə bilər. Həmin müddət sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinin vasatətinə əsasən daha 30 gün müddətinə qədər uzadıla bilər.
    Maddə 72. Həbsə alınan şəxsin saxlanması
    17. Sorğu edən Razılığa gələn Tərəfin səlahiyyətli ədliyyə müəssisəsi tərəfindən çıxarılan həbs etmə haqqında qərar və ya sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli ədliyyə müəssisəsinin qərarı, əgər bu onun qanunvericiliyində nəzərdə tutulursa, barəsində verilmə məsələsi müzakirə edilən həbsə alınan şəxsin (tutulan şəxsin) həbsxanaya yerləşdirilməsi üçün əsasdır.
    2. Həbsə alınan şəxsin (tutulan şəxsin) saxlanılması sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
    Maddə 73. Verilməsi nəzərdə tutulan şəxsin həbsdə saxlanması müddəti
    Bu Konvensiyada müəyyən edilmiş müddətdə şəxsin verilməsinə mane olan halların baş verdiyi təqdirdə, icraatında cinayət işi olan sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli ədliyyə müəssisəsi öz daxili qanunvericiliyinə uyğun olaraq verilməsi nəzərdə tutulan şəxsin həbsdə saxlanması müddətinin uzaldılması məsələsini həll edir və bu haqda qərarın lazımi qaydada təsdiq edilmiş surətini sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinə göndərir.
    Maddə 74. Həbsdə saxlama müddətinin hesablanması
    Verilən şəxsin sorğu alan Razılığa gələn Tərəfin ərazisində tutulma və saxlanma müddəti, habelə onun bir yerdən başqa yerə keçirilmə müddətini sorğu edən Razılığa gələn Tərəf onun ümumi həbsdə saxlanma müddətinə hesablayır.
    Maddə 75. Həbsə alınan şəxsin azad edilməsi
    Sorğu alan Razılığa gələn Tərəfin ərazisində həbsə alınan şəxs bu Konvensiyaya uyğun olaraq gecikdirilmədən azad edilməlidir, əgər:
    a) sorğu edən Razılığa gələn Tərəfin səlahiyyətli ədliyyə müəssisəsindən həmin şəxsin azad edilməsi zərurəti haqqında bildiriş daxil olmuşdursa;
    b) bu Konvensiyanın 67-ci maddəsində nəzərdə tutulan verilmə haqqında sorğu və ona əlavə edilmiş sənədlər axtarışda olan şəxsin tutulması və həbsə alınması tarixindən etibarən 40 gün ərzində təqdim edilməmişdirsə;
    v) verilmə haqqında sorğuya dair sorğu edən Razılığa gələn Tərəfin bu Konvensiyanın 71-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq, xahiş etdiyi əlavə məlumat həmin maddədə müəyyən edilmiş müddət ərzində təqdim edilməmişdirsə;
    q) həbs etmə haqqında qərarda göstərilmiş, verilməsi nəzərdə tutulan şəxsin həbsdə saxlanma müddəti bitmişdirsə və sorğu edən Razılığa gələn Tərəf həmin müddətin uzadılması haqqında qərarın surətini təqdim etməmişdirsə.
    Maddə 76. Müdafiə hüququnun təmin edilməsi
    1. Bu Konvensiyanın müddəalarına uyğun olaraq həbs edilmiş (tutulmuş) şəxslər Razılığa gələn hər bir Tərəfin ərazisində onların öz qanunvericiliklərinə uyğun olaraq müdafiə hüququna malikdirlər.
    2. Həbs etmənin, həbsdə saxlama müddətinin uzaldılmasının qətimkan tədbiri kimi tətbiqinə dair həbsdə olan şəxslərin, onların müdafiəçilərinin və ya qanuni nümayəndələrinin şikayətləri sorğu edən Razılığa gələn Tərəfin məhkəməsinə və digər səlahiyyətli ədliyyə müəssisəsinə verilir.
    Sorğu edən Razılığa gələn Tərəfin məhkəməsi və digər səlahiyyətli ədliyyə müəssisəsi axtarışda olan şəxsin həbs edilməsi (tutulması) yeri üzrə göstərilən şəxslərin şikayətlərinə baxarkən, bu Konvensiyanın müddəalarına riayət olunmanın yoxlanılması ilə kifayətlənir.
    Maddə 77. Verilmənin təxirə salınması
    1. Əgər verilməsi xahiş olunan şəxs sorğu alan Razılığa gələn Tərəfin ərazisində digər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilibsə və ya məhkum edilibsə, onda onun verilməsi cinayət təqibinin başa çatmasına, hökmün icrasının təmin edilməsinə və ya cəza çəkməkdən azad edilməyə, yaxud cəzanın tam çəkilməsinə qədər uzadıla bilər.
    2. Sorğu edən Razılığa gələn Tərəf verilmənin təxirə salınması haqqında məlumatlandırılır.
    Maddə 78. Müvəqqəti verilmə
    1. Əgər bu Konvensiyanın 77-ci maddəsində nəzərdə tutulan verilmənin təxirə salınması cinayət təqibinə cəlb etmə müddətinin bitməsinə səbəb ola bilərsə və ya cinayətin istintaqına xələl gətirə bilərsə, onda verilməsi xahiş olunan şəxs vəsatət əsasında müvəqqəti verilə bilər.
    2. Müvəqqəti verilmiş şəxs, onun verilməsi üçün əsas olan cinayət işi üzrə prosessual hərəkətlərin başa çatmasından sonra, lakin şəxsin verildiyi gündən etibarən 90 gündən gec olmayaraq, sorğu alan Razılığa gələn Tərəfə qaytarılmalıdır. Əsaslandırılmış hallarda, bu müddət sorğu edən Razılığa gələn Tərəfin səlahiyyətli ədliyyə müəssisəsinin vəsatətinə əsasən sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli ədliyyə müəssisəsi tərəfindən uzadıla bilər.
    Maddə 79. Verilmə haqqında sorğuların kolliziyası
    Əgər verilmə haqqında sorğuları Razılığa gələn bir neçə Tərəf göndərərsə, onda sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli ədliyyə müəssisəsi bu sorğulardan hansının təmin ediləcəyini özü qərara alır.
    Maddə 80. Verilmiş şəxsin cinayət təqibinin hüdudları
    1. Sorğu alan Razılığa gələn Tərəfin razılığı olmadan verilmiş şəxsi cinayət məsuliyyətinə cəlb etmək və ya onun verilməsinə qədər törətdiyi həmin cinayətlə əlaqədar verilmədiyi cinayətə görə cəzaya məruz qoymaq olmaz.
    2. Sorğu alan Razılığa gələn Tərəfin razılığı olmadan şəxs üçüncü dövlətə verilə bilməz.
    3. Əgər verilmiş şəxs cinayət icraatının başa çatmasından sonra 30 gün bitənə qədər, məhkum edildikdə isə cəzasının çəkilməsindən və ya ondan azad edilməsindən sonra 30 gün bitənə qədər sorğu edən Razılığa gələn Tərəfin ərazisini tərk etməsə və ya ora könüllü qayıtsa, sorğu alan Razılığa gələn Tərəfin bu maddənin 1, 2-ci bəndlərində göstərilən razılığı tələb edilməyəcək. Verilmiş şəxsin özündən asılı olmayan səbəblərə görə sorğu edən Razılığa gələn Tərəfin ərazisini tərk edə bilmədiyi müddət bu müddətə hesab edilmir.
    Maddə 81. Ölüm cəzasının tətbiq edilməməsi
    Bu Konvensiyanın məqsədləri üçün və sorğu edən və sorğu alan Razılığa gələn Tərəflərin qanunvericiliyinə xələl gətirmədən, əgər bu Konvensiyaya uyğun olaraq verilmiş şəxs barəsində ölüm cəzasını sorğu alan Razılığa gələn Tərəf tətbiq etmirsə, onda sorğu edən Razılığa gələn Tərəf də tətbiq etmir.
    Maddə 82. Verilən şəxsin ötürülməsi
    1. Verilmə haqqında sorğu təmin edildiyi təqdirdə, sorğu edən Razılığa gələn Tərəf sorğu alan Razılığa gələn Tərəfi verilən şəxsin ötürülmə yeri və tarixi barədə məlumatlandırır və həmin şəxsi ötürmə yerinə çatdırır.
    2. Əgər sorğu edən Razılığa gələn Tərəf verilməsi nəzərdə tutulan şəxsi razılaşdırılmış ötürülmə tarixindən sonra 15 gün ərzində qəbul etməzsə, onda həmin şəxs həbsdən azad edilməlidir. Əsaslandırılmış hallarda, verilən şəxsin ötürülməsi üçün müəyyən edilmiş müddət sorğu edən Razılığa gələn Tərəfin səlahiyyətli ədliyyə müəssisəsinin vəsatətinə əsasən 15 günə qədər uzadıla bilər.
    Maddə 83. Verilmə ilə əlaqədar təkrar həbs etmə
    1. Bu Konvensiyanın 75-ci maddəsinin «a» bəndində və 82-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq şəxsin azad edilməsi, verilmə haqqında yeni sorğunun daxil olduğu halda, verilmə məqsədilə təkrar həbs etməyə mane olmur.
    2. Əgər verilmə haqqında sorğu, verilmə haqqında sorğuya əlavə edilmiş məlumatlar və ya həbsdə saxlanma müddətinin uzadılması haqqında qərar müəyyən edilmiş müddətin bitməsindən sonra daxil olarsa, bu Konvensiyanın 75-ci maddəsinin «b», «v» və «q» bəndlərinə uyğun olaraq, azad edilmiş şəxs verilmə məqsədilə təkrar həbs edilə bilər.
    Maddə 84. Təkrar verilmə
    1. Əgər verilmiş şəxs cinayət təqibindən və ya onun verilməsinə səbəb olmuş cinayətə görə cəza çəkməkdən boyun qaçırarsa və sorğu alan Razılığa gələn Tərəfin ərazisinə qayıdarsa, onda o, yeni sorğu əsasında bu Konvensiyanın 67-ci maddəsində göstərilən materiallar təqdim edilmədən verilməlidir.
    2. Əgər şəxs sorğu edən Razılığa gələn Tərəfin ərazisində yeni cinayət törədərsə və ya ona qarşı irəli sürülmüş ittihamın həcmi dəyişərsə, təkrar verilmə bu Konvensiyanın müddəalarına uyğun olaraq ümumi əsaslarla həyata keçirilir.
    Maddə 85. Cinayət işi üzrə icraatın nəticələri haqqında bildirmə
    Razılığa gələn Tərəflər verilmiş şəxs barəsində cinayət işi üzrə icraatın nəticələri haqqında bir-birinə məlumat verirlər. Xahiş edildikdə, son qərarın surəti də göndərilir.
    Maddə 86. Tranzit daşınma, köçürülmə
    1. Razılığa gələn bir Tərəf Razılığa gələn digər Tərəfin vəsatətinə əsasən tranzit daşınmaya icazə verir, habelə müəyyən edilmiş qaydada üçüncü dövlət tərəfindən Razılığa gələn digər Tərəfə müvəqqəti verilmiş və ya ötürülmüş şəxslərin öz ərazisi daxilində köçürülməsini həyata keçirir. Əgər tranzit daşınma hava nəqliyyatı ilə tranzitin həyata keçirildiyi Razılığa gələn Tərəfin ərazisində müvəqqəti yerə enmədən həyata keçirilirsə, tranzit daşınmaya icazə tələb olunmur.
    2. Tranzit daşınma, köçürülmə haqqında vəsatət verilmə haqqında sorğunun tərtib edildiyi və baxıldığı qaydada tərtib edilir və baxılır.
    3. Sorğu alan Razılığa gələn Tərəf verilmiş şəxsin tranzit daşınmasını özünün məqsədə müvafiq hesab etdiyi qaydada və marşrutla həyata keçirilməsinə icazə verir.
    Maddə 87. Verilmə, tranzit daşınma və köçürülmə ilə bağlı xərclər
    Verilmə, müvəqqəti verilmə və köçürülmə ilə bağlı xərclərin ödənilməsini, həmin xərclərin baş verdiyi Razılığa gələn Tərəf tranzit daşınma ilə bağlı xərcləri isə sorğu edən Razılığa gələn Tərəf həyata keçirir.
    Maddə 88. Verilmə məsələləri üzrə əlaqələr
    Verilmə məsələləri üzrə əlaqələrin saxlanılması, əgər Razılığa gələn Tərəflərin daxili qanunvericiliyində digər qayda nəzərdə tutulmayıbsa, onların baş prokurorları (prokurorları) tərəfindən həyata keçirilir.
    Maddə 89. Verilmənin rədd edilməsi
    1. Verilmə həyata keçirilmir, əgər:
    a) verilməsi xahiş edilən şəxs sorğu alan Razılığa gələn Tərəfin vətəndaşıdırsa;
    b) verilmə haqqında sorğu qəbul edilən zaman sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin bitməsi səbəbindən, yaxud digər qanuni əsasla cinayət təqibinə başlana bilməzsə və ya hökm icra edilə bilməzsə;
    v) verilməsi xahiş edilən şəxs barəsində sorğu alan Razılığa gələn Tərəfin ərazisində eyni cinayətə görə qüvvəyə minmiş hökm və ya cinayət işinin başlanılmasından imtina, yaxud cinayət işinə xitam verilməsi haqqında qərar çıxarılmışsa;
    q) verilmə üçün əsas olan əməl sorğu edən və ya sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq, yalnız xüsusi ittiham qaydasında (zərərçəkmişin ərizəsi əsasında) təqib edilirsə;
    d) verilmə sorğu alan Razılığa gələn Tərəfin suverenliyinə, təhlükəsizliyinə xələl gətirə bilərsə;
    e) kifayət qədər əsas varsa ki, verilmə haqqında sorğu şəxsin, onun irqi, cinsi, etnik mənsubiyyəti və ya siyasi baxışlarına görə təqibi ilə bağlıdır;
    j) verilmə üçün əsas olan əməl sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən ümumi cinayət hüququna uyğun olaraq hərbi cinayətlərə aiddirsə;
    z) verilməsi xahiş olunan şəxs bundan əvvəl üçüncü dövlət tərəfindən sorğu alan Razılığa gələn Tərəfə verilmişdirsə və həmin dövlətin verilməyə dair razılığı alınmamışdırsa;
    i) verilməsi xahiş olunan şəxsə sorğu alan Razılığa gələn Tərəfin ərazisində sığınacaq verilmişdirsə;
    k) sorğu edən və sorğu alan Razılığa gələn Tərəfin iştirak etdiyi beynəlxalq müqavilədə nəzərdə tutulan digər əsaslar mövcuddursa.
    2. Əgər verilmə üçün əsas olan əməl sorğu alan Razılığa gələn Tərəfin ərazisində törədilmişdirsə, verilmədən imtina edilə bilər.
    3. Verilməyə imtina edildikdə, sorğu edən Razılığa gələn Tərəf bu barədə qərar qəbul edildiyi tarixdən etibarən 10 gün ərzində imtinanın səbəbləri haqqında məlumatlandırılır.
    Maddə 90. Verilməmiş şəxsin cinayət təqibi
    Verilməsi xahiş edilən şəxsin verilməsinə imtina edildiyi təqdirdə, sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli ədliyyə müəssisəsi sorğu edən Razılığa gələn Tərəfin səlahiyyətli ədliyyə müəssisəsinin verdiyi vəsatət və materialları əsasında Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq verilməsinə imtina edilən şəxs barəsində cinayət təqibinə dair məsələni həll edir.
    III Bölmə. Cinayət təqibinin həyata keçirilməsi
    Maddə 91. Cinayət təqibinin həyata keçirilməsi vəzifəsi
    1. Razılığa gələn hər bir Tərəf Razılığa gələn digər Tərəfin tapşırığına əsasən sorğu edən Razılığa gələn Tərəfin ərazisində cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən öz vətəndaşlarına qarşı Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq cinayət təqibinin həyata keçirilməsi öhdəliyini öz üzərinə götürür.
    Razılığa gələn Tərəflər onların ərazilərində olan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər barəsində cinayət təqibini, eyni zamanda, onların verilməsindən imtina edilən hallarda da həyata keçirə bilərlər.
    2. Əgər cinayət işinin açılmasına səbəb olan cinayət cinayətdən zərərçəkmiş şəxslərin mülki-hüquqi tələblərinin irəli sürülməsi ilə nəticələnirsə, onda bu tələblərə həmin şəxslərin zərərin ödənilməsi haqqında vəsatəti olduğu təqdirdə, həmin işdə və ya mülki mühakimə icraatı qaydasında baxılır.
    3. Sorğu alan Razılığa gələn Tərəfdə cinayət təqibi yalnız o zaman həyata keçirilə bilər ki, əməl Razılığa gələn həmin Tərəfdə də cinayət qanunu ilə cəzalandırılan əməl olsun.
    Şəxs törədilmiş cəzaya görə məhkum edilərkən, ona təyin edilmiş cəza sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan cəzadan sərt olmamalıdır.
    Maddə 92. Cinayət təqibinin həyata keçirilməsi haqqında tapşırıq
    1. Cinayət təqibinin həyata keçirilməsi haqqında tapşırıqda aşağıdakılar əks etdirilməlidir:
    a) sorğu alan Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinin adı;
    b) sorğu edən Razılığa gələn Tərəfin ədliyyə müəssisəsinin adı;
    v) cinayət təqibinin həyata keçirilməsi haqqında tapşırığın göndərilməsi ilə əlaqədar olan əməlin təsviri;
    q) əməlin törədildiyi yerin, vaxtın və şəraitin mümkün qədər dəqiq göstərilməsi;
    d) əməli cinayət kimi tanıdan sorğu edən Razılığa gələn Tərəfin qanununun mətni, habelə iş üzrə icraat üçün böyük əhəmiyyət kəsb edən digər qanunvericilik normalarının mətnləri;
    e) şübhəli bilinən və ya təqsirləndirilən şəxsin adı, soyadı, atasının adı, onun vətəndaşlığı, habelə onun şəxsiyyəti haqqında digər məlumat;
    i) zərərçəkmişin ərizəsi əsasında açılan cinayət işləri üzrə zərərçəkmişlərin ərizələri və zərərin ödənilməsi haqqında ərizələr;
    z) cinayət baş verməsi nəticəsində dəymiş zərərin miqdarının göstərilməsi.
    Tapşırığa sorğu edən Razılığa gələn Tərəfin sərəncamında olan cinayət işinin materialları əlavə edilir və sorğu edən Razılığa gələn Tərəfdə onun daxili qanunvericiliyinə uyğun olaraq, alınan sübutlar sorğu alan Razılığa gələn Tərəfdə də sübutedici qüvvəyə malikdir.
    2. Açılmış cinayət işi sorğu edən Razılığa gələn Tərəfindən göndərildikdə, həmin iş üzrə istintaqı sorğu alan Razılığa gələn Tərəf onun öz daxili qanunvericiliyinə uyğun olaraq davam etdirir. Cinayət təqibinin həyata keçirilməsi haqqında tapşırıq göndərilənə qədər sorğu edən Razılığa gələn Tərəf istintaqın müddətinin uzadılması, təqsirləndirilən şəxslərin həbsdə saxlanılması və iş üzrə icraatın təzələnməsi məsələlərinə baxır.
    3. İşdə olan hər bir sənəd sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli ədliyyə müəssisəsinin gerbli möhürü ilə təsdiqlənməlidir.
    4. Tapşırıq və ona əlavə edilmiş sənədlər bu Konvensiyanın 7 və 17-ci maddələrinin müddəalarına uyğun olaraq tərtib edilir.
    5. Əgər təqsirləndirilən şəxs cinayət təqibinin həyata keçirilməsi haqqında tapşırıq göndərilən zaman sorğu edən Razılığa gələn Tərəfin ərazisində həbsdə saxlanırsa, onda o, sorğu alan Razılığa gələn Tərəfə ötürülür.
    Maddə 93. Cinayət təqibinin həyata keçirilməsi haqqında tapşırıq alana qədər öz vətəndaşlarının həbsə alınması
    1. Razılığa gələn hər bir Tərəf ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə görə öz vətəndaşlarını onlara qarşı cinayət təqibinin həyata keçirilməsi haqqında tapşırıq alana qədər Razılığa gələn digər Tərəfin vəsatətinə əsasən həbs edə bilər. Vəsatətdə həbs etmə haqqında qərara istinad və cinayət təqibinin həyata keçirilməsi haqqında tapşırığın sonradan əlavə olaraq təqdim edilməsi göstərişi əks etdirilməlidir.
    Göstərilən vəsatət və həbs etmə haqqında qərar, cinayət təqibinin həyata keçirilməsi haqqında tapşırıq alınana qədər onların əsli poçt və ya qasidin köməyi ilə göndərilməklə eyni zamanda kommunikasiya vasitələrinin istifadə edilməsi ilə ötürülə bilər.
    2. İcraatda cinayət işi olan sorğu alan Razılığa gələn Tərəf təxirə salınmadan sorğu alan Razılığa gələn Tərəfin vətəndaşı olan şəxsin həbs edilməsi haqqında (faks, telefon, teleqrafla və s.) məlumatlandırılır və bu Konvensiyanın 91-ci maddəsinə uyğun olaraq, həmin şəxsin cinayət təqibi üçün müvafiq materialların göndərilməsi haqqında məsələ qoyulur.
    3. Bu cür şəxsi təqib edən zaman sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyi tətbiq edilir.
    4. Əgər sorğu alan Razılığa gələn Tərəf bu Konvensiyanın 92-ci maddəsində nəzərdə tutulmuş cinayət təqibinin həyata keçirilməsi haqqında tapşırıq və ona əlavə edilmiş sənədləri bu maddənin 1-ci bəndinə əsasən həbs edilmiş şəxsin həbs edildiyi gündən etibarən 40 gün ərzində almazsa, həmin şəxs dərhal azad edilməlidir.
    Sorğu alan Razılığa gələn Tərəf öz daxili qanunvericiliyi əsasında həmin şəxsin təqib edilməsi məsələsinə baxır.
    Maddə 94. Cinayət təqibi məsələləri üzrə əlaqələrin saxlanılması qaydası
    Cinayət təqibi məsələləri üzrə əlaqələrin saxlanılması, əgər Razılığa gələn Tərəflərin daxili qanunvericiliyində digər qayda nəzərdə tutulmayıbsa, onların baş prokurorları (prokurorları) tərəfindən həyata keçirilir.
    Maddə 95. Yurisdiksiyanın başqasına keçməsi
    1. Sorğu alan Razılığa gələn Tərəf cinayət işini icraatına qəbul etdiyi andan sorğu edən Razılığa gələn Tərəf cinayət təqibinə dair qoyulan məsələ ilə əlaqəsi olan əmələ görə şübhəli bilinən, təqsirləndirilən şəxsi məsuliyyətə cəlb edə bilməz.
    2. Əgər sorğu alan Razılığa gələn Tərəf sorğu edən Razılığa gələn Tərəfin xahişini yerinə yetirmək üçün tədbirlər görməzsə və ya onun yerinə yetirilməsini rədd edərsə, onda cinayət təqibini aparmaq hüququ sorğu edən Razılığa gələn Tərəfə keçir.
    3. Bu maddənin 2-ci bəndində nəzərdə tutulan hallarda, sorğu alan Razılığa gələn Tərəf ona verilmiş cinayət təqibi materiallarını və sübutları geri qaytarır.
    Maddə 96. Məhkəmələrin icraatında olan cinayət işlərinin verilməsi
    1. Cinayət təqibinin həyata keçirilməsi üçün məhkəmə iclaslarına gəlməkdən boyun qaçıran və məhkəmədən yayınan müttəhimlər barəsində cinayət işləri, onların olduqları yeri və sorğu alan Razılığa gələn Tərəfin vətəndaşlığının mövcudluğunu müəyyən edərkən və ya iş üzrə icraatın dayandırılmasından sonra şəxsin verilməsini rədd etdikdə, bu Konvensiyanın 92-ci maddəsində nəzərdə tutulan qaydada sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli ədliyyə müəssisələrinə göndərilir.
    2. Əlavə istintaq apararkən, istintaq başa çatarkən və işə baxarkən sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyi və bu Konvensiyanın 90-cı maddəsi tətbiq edilir.
    Maddə 97. Cinayət təqibinin nəticələri haqqında məlumatlandırma
    Sorğu alan Razılığa gələn Tərəf sorğu edən Razılığa gələn Tərəfi sonuncunun cinayət təqibi haqqında tapşırığına əsasən qəbul etdiyi son qərarı haqqında məlumatlandırmalıdır. Sorğu edən Razılığa gələn Tərəfin xahişi ilə ona son qərarın surəti göndərilir.
    Maddə 98. Cinayət təqibi haqqında qərarın qəbul edilməsinin nəticələri
    Əgər eyni əmələ görə sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli ədliyyə müəssisəsinin qanuni qüvvəyə minmiş hökmündən və ya qəbul etdiyi son qərarından sonra bu Konvensiyanın 91-ci maddəsinə uyğun olaraq Razılığa gələn Tərəfə cinayət təqibinin həyata keçirilməsi haqqında tapşırıq göndərilmişdirsə, onda törədilmə faktı üzrə cinayət işi sorğu edən Razılığa gələn Tərəfin səlahiyyətli ədliyyə müəssisəsi tərəfindən açıla bilməz, onun açdığı iş isə dərhal bağlanmalıdır.
    Maddə 99. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar
    1. Razılığa gələn Tərəflərdən hər biri cinayətlərin istintaqı aparılarkən və məhkəmələr tərəfindən cinayət işlərinə baxılarkən öz qanunvericiliyində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, hansı Razılığa gələn Tərəfin ərazisində baş verib-verməməsindən asılı olmayaraq nəzərə ala bilər.
    2. Şəxsin xüsusi təhlükəli residivist kimi tanınması və ya onun hərəkətlərində müxtəlif cür residivin mövcudluğu, cinayətin təkrar törədilməsi faktının müəyyən edilməsi və şərti məhkum olunma ilə bağlı öhdəliklərin pozulması məsələsinə baxarkən, Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri keçmiş SSRİ və onun tərkibində olan ittifaq respublikaları məhkəmələrinin (tribunallarının), habelə Razılığa gələn Tərəflərdən hər birinin məhkəmələri tərəfindən çıxarılan hökmləri tanıya və nəzərə ala bilər.
    Maddə 100. Cinayət işlərinin birləşdirilməsi
    1. Cinayət bir şəxs və ya bir qrup şəxs tərəfindən iki və ya daha çox Razılığa gələn Tərəfin ərazisində törədildikdə, cinayətlərə dair cinayət işləri Razılığa gələn Tərəflərin müvafiq səlahiyyətli ədliyyə müəssisələrinin vəsatətlərinə əsasən bir icraata birləşdirilə bilər.
    2. Cinayət işlərinin birləşdirilməsi bu Konvensiyanın 91 və 92-ci maddələrinin tələblərinə riayət etməklə həyata keçirilir.
    Maddə 101. Razılığa gələn Tərəflərin iki və ya bir neçə məhkəməsinə aid olan işlərin baxılması qaydası
    Bir şəxsi və ya bir qrup şəxsi bir neçə cinayətin törədilməsində təqsirləndirərkən, bir yerə birləşdirilən və Razılığa gələn Tərəflərin iki və ya bir neçə məhkəməsinə məhkəmə aidiyyəti olan işlərin baxılmasına ibtidai istintaqın başa çatdırıldığı Razılığa gələn Tərəfin məhkəməsi səlahiyyətlidir. Bu halda işə Razılığa gələn həmin Tərəfin qanunvericiliyinə uyğun olaraq baxılır.
    Maddə 102. Cinayət təqibinin həyata keçirilməsindən imtina
    1. Cinayət təqibinin həyata keçirilməsindən imtina edilir, əgər:
    a) cinayət təqibi haqqında tapşırıq alınan zaman şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün müddət bitmişdirsə;
    b) barəsində cinayət təqibinin həyata keçirilməsi məsələsi qoyulan şəxsə barəsində sorğu alan Razılığa gələn Tərəfin ərazisində eyni əmələ görə iş üzrə icraatın dayandırılması haqqında qərar və ya qanuni qüvvəyə minmiş hökm çıxarılmışdırsa, yaxud cinayət işinin açılmasından imtina edilmişdirsə;
    v) törədilmiş əmələ görə cəzanın tətbiq edilməsi mümkünlüyünü aradan qaldıran amnistiya haqqında akt mövcuddursa;
    q) şəxs ictimai-təhlükəli əməli törədərkən, sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən cinayət məsuliyyəti üçün nəzərdə tutulan yaş həddinə çatmamışdırsa.
    2. Cinayət təqibinin həyata keçirilməsindən sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan digər hallarda da imtina edilə bilər.
    3. Cinayət təqibinin həyata keçirilməsindən imtina edildikdə, sorğu alan Razılığa gələn Tərəf imtinanın səbəbləri haqqında bu barədə qərar qəbul edildiyi tarixdən etibarən 10 gün ərzində məlumatlandırılır.

    IV Bölmə. Cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında xüsusi müddəalar
    Maddə 103. Predmetlərin ötürülməsi
    1. Razılığa gələn Tərəflər aşağıdakı predmetlərin xahiş əsasında bir-birinə ötürülməsi öhdəliyini öz üzərlərinə götürürlər:
    a) cinayətin törədilməsində istifadə edilən predmetlər, o cümlədən cinayət alətləri; cinayətin nəticəsində əldə edilən və ya onlara görə mükafat kimi verilən predmetlər, yaxud da bu cür predmetlərin əvəzinə cinayətkarın bu qaydada əldə etdiyi digər predmetlər;
    b) cinayət işində sübutedici qüvvəyə malik olan predmetlər. Cinayətkarların verilməsi onların ölümü, qaçışı nəticəsində və ya digər səbəblərdən həyata keçirilə bilmədiyi təqdirdə də bu predmetlər ötürülür.
    2. Bu maddənin 1-ci bəndində göstərilən predmetlər cinayət işində sorğu alan Razılığa gələn Tərəf üçün sübutlar kimi lazım olduqda, onların ötürülməsi iş üzrə icraat başa çatana qədər təxirə salına bilər.
    3. Üçüncü şəxslərin ötürülmüş predmetlərə olan hüquqları qüvvədə qalır. İş üzrə icraat qurtardıqdan sonra həmin predmetlər onları vermiş Razılığa gələn Tərəfə, əgər sonuncu onlardan imtina etmirsə, təmənnasız qaytarılmalıdır.
    Maddə 104. Əmlakın axtarışı, həbsi və müsadirəsinin təmin edilməsi məsələlərində hüquqi yardım
    1. Razılığa gələn Tərəflər öz qanunvericiliklərinə və bu Konvensiyanın müddəalarına uyğun olaraq, cinayət yolu ilə əldə edilmiş əmlakın, pul və qiymətli əşyaların, habelə cinayət fəaliyyətindən əldə edilən və təqsirləndirilənlərə (müttəhimlərə, məhkum olunmuşlara) məxsus olan gəlirlərin axtarışı, həbsi və götürülməsində, cinayətlərdən zərərçəkmiş şəxslərə (mülki iddiaçılara) zərərin ödənilməsində, cərimələrin tutulması və müsadirə haqqında məhkəmə hökmlərinin icra edilməsində bir-birinə hüquqi yardım göstərirlər.
    2. Bu məqsədlə Razılığa gələn Tərəflərin səlahiyyətli ədliyyə müəssisələri cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi haqqında tapşırıqlara əsasən daxili qanunvericiliyə uyğun olaraq, cinayət yolu ilə əldə edilmiş əmlakın, pul və qiymətli əşyaların, habelə cinayət fəaliyyətindən əldə edilən və təqsirləndirilənlərə (müttəhimlərə, məhkum olunmuşlara) məxsus olan gəlirlərin aşkar edilməsinə yönələn bütün zəruri istintaq, axtarış və ya əməliyyat-axtarış tədbirlərini yerinə yetirirlər.
    Bu cür əmlakı, pul və qiymətli əşyaları və gəlirləri müəyyən etdikdə, Razılığa gələn Tərəflərin səlahiyyətli ədliyyə müəssisələri onlarla hər hansı bir əməliyyatların aparılmasının və onların götürülməsinin qarşısını almaq məqsədilə üzərinə həbs qoymaqla onların qorunması üçün tədbirlər görürlər.
    3. Sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli ədliyyə müəssisələri öz yurisdiksiyasında cinayət yolu ilə əldə edilmiş əmlakı, pul və qiymətli əşyaları müəyyən etdikdə, onları cinayət işinə maddi sübutlar kimi əlavə etmək və sonradan qanuni sahiblərinə qaytarmaq, cinayətlərin törədilməsi nəticəsində dəymiş zərəri ödəmək məqsədilə sorğu edən Razılığa gələn Tərəfin səlahiyyətli ədliyyə müəssisələrinə göndərirlər.
    4. Sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli ədliyyə müəssisələri cinayət yolu ilə əldə edilmiş əmlakın, pul və qiymətli əşyaların və təqsirləndirilənlərin (müttəhimlərin, məhkum olunmuşların) əmlakına, cinayət fəaliyyətindən əldə edilən gəlirlərin üzərinə həbs qoyaraq, onları sonradan cinayət nəticəsində dəymiş zərərin ödənilməsinə yönəltmək və sorğu edən Razılığa gələn Tərəfin məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü əsasında müsadirə etmək məqsədilə bu Konvensiyanın 58-ci maddəsində nəzərdə tutulan qaydaları nəzərə alaraq qorunmasını təmin edirlər.
    5. Sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli ədliyyə müəssisələri cinayət yolu ilə əldə edilmiş əmlakın, pul və qiymətli əşyaların, habelə cinayət fəaliyyətindən əldə edilən və təqsirləndirilənlərə (müttəhimlərə, məhkum olunmuşlara) məxsus olan gəlirlərin sorğu edən Razılığa gələn Tərəfin səlahiyyətli ədliyyə müəssisələrinə verilməsini, əgər onlar cinayət təqibinin həyata keçirilməsi və ya digər (üçüncü) şəxslərin hüquqları barədə mübahisələrin həll edilməsi ilə bağlı onlara lazımdırsa, təxirə sala bilər.
    Maddə 105. Videorabitə vasitələrinin istifadəsi
    Razılığa gələn Tərəflərin səlahiyyətli ədliyyə müəssisələri hüquqi yardım göstərərkən, qarşılıqlı razılaşma əsasında videorabitə vasitələrindən istifadə etməsinə haqlıdırlar. Videorabitə vasitələrinin istifadəsi Razılığa gələn Tərəflərin daxili qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
    Maddə 106. Həbsdə olan və ya azadlıqdan məhrumetmə cəzasını çəkən şəxsin müvəqqəti verilməsi
    1. Razılığa gələn bir Tərəfin ərazisində həbsdə olan və ya azadlıqdan məhrumetmə cəzasını çəkən şəxsin şahid və ya zərərçəkmiş qismində dindirilməsinə, habelə onun iştirakı ilə digər istintaq tədbirlərinin həyata keçirilməsinə zərurət yarandığı təqdirdə, həmin şəxs onun vətəndaşlığından asılı olmayaraq, sorğu edən Razılığa gələn Tərəfin əsaslandırılmış xahişi ilə sorğu alan Razılığa gələn Tərəfin mərkəzi ədliyyə müəssisəsinin qərarına əsasən onu həbsdə saxlamaq və müəyyən edilmiş müddətdə geri qaytarmaq şərtilə ona müvəqqəti verilə bilər.
    2. Bu maddənin 1-ci bəndində göstərilən şəxsin müvəqqəti verilməsi haqqında müraciət bu Konvensiyanın müddəalarına uyğun olaraq tərtib edilir və özündə həmin şəxsin sorğu edən Razılığa gələn Tərəfin ərazisində iştirakı üçün tələb olunan müddəti əks etdirməlidir.
    3. Bu maddənin 1-ci bəndində göstərilən şəxsin müvəqqəti verilməsi həyata keçirilmir, əgər:
    a) bu cür verilməyə onun razılığı alınmamışdırsa;
    b) sorğu alan Razılığa gələn Tərəfin ərazisində keçirilən ibtidai istintaq və ya məhkəmə araşdırmasında onun iştirakı zəruridirsə;
    b) bu cür verilmə, həmin şəxsin həbsdə saxlanılması üçün müəyyən edilmiş müddətin və ya ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməsinin pozulmasına səbəb olarsa.
    4. Bu Konvensiyanın 9-cu maddəsinin 1-ci bəndində nəzərdə tutulan təminatlar bu maddənin 1-ci bəndində göstərilən şəxslərə şamil edilir.
    Maddə 107. İttihamedici hökmlər haqqında xəbərdar etmə və məhkumluq haqqında məlumatların təqdim edilməsi
    1. Razılığa gələn Tərəflərdən hər biri müvafiq Razılığa gələn Tərəflərin vətəndaşları barəsində onun məhkəmələri tərəfindən çıxarılmış və qanuni qüvvəyə minmiş ittihamedici hökmlər haqqında məlumatları, eyni zamanda məhkum olunmuş şəxslərin əl izlərini də göndərməklə, Razılığa gələn digər Tərəflərə ildə bir dəfə məlumat verir.
    2. Razılığa gələn Tərəflərdən hər biri öz məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərin məhkumluğu haqqında məlumatı Razılığa gələn digər Tərəflərə, əgər həmin şəxslər sorğu edən Razılığa gələn Tərəfin ərazisində cinayət məsuliyyətinə cəlb edilirsə, onların xahişi ilə təmənnasız təqdim edir.
    Maddə 108. Nəzarət qaydasında mal alınması
    Razılığa gələn Tərəflər daxili qanunvericiliklərinə əsasən səlahiyyətli ədliyyə müəssisələrinin qarşılıqlı razılaşması əsasında cinayətin törədilməsində iştirak edən şəxslərin aşkar edilməsi, sübutların alınması və cinayət təqibinin təmin edilməsi məqsədilə istintaqı aparılan cinayət işləri üzrə nəzarət qaydasında malın alınması üsulundan istifadəni təmin edən tədbirlər görürlər.
    V Bölmə. Hökmlərin tanınması və icrası
    Maddə 109. Hökmlərin tanınması və icrası
    1. Razılığa gələn bir Tərəfin məhkəməsi tərəfindən məhkum edilmiş və cəzasını çəkməmiş şəxs Razılığa gələn digər Tərəfin ərazisində cinayət məsuliyyətinə cəlb edilmək üçün verildikdə, habelə Razılığa gələn bir Tərəfin məhkəməsi Tərəfindən çıxarılmış hökmün icrasını təmin etmək üçün Razılığa gələn digər Tərəf şəxsi verməkdən imtina etdikdə, Razılığa gələn Tərəflərdən hər biri Razılığa gələn digər Tərəfin məhkəməsi tərəfindən çıxarılan hökmləri bu Konvensiyada nəzərdə tutulan şərtlər əsasında tanıyır və icra edir.
    2. Hökmlərin tanınması və icrası, bu cür hökmlərin tanınacağı və icra ediləcəyi Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən həyata keçirilir.
    Maddə 110. Hökmün tanınması və icrası haqqında vəsatət
    1. Sorğu edən Razılığa gələn Tərəfin səlahiyyətli ədliyyə müəssisəsinin hökmün tanınması və icra edilməsi haqqında vəsatəti sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli ədliyyə müəssisəsinə göndərilir.
    2. Vəsatətə aşağıdakılar əlavə edilir:
    a) qanuni qüvvəyə minmiş hökmün və iş üzrə mövcud olan yuxarı instansiyaların qərarlarının lazımi qaydada təsdiq edilmiş surətləri, hökmün qanuni qüvvəyə minməsi və onun icrasının təmin edilməsi haqqında rəsmi sənəd;
    b) barəsində hökmün tanınması və icra edilməsi haqqında vəsatət verilmiş şəxsin şəxsiyyəti və vətəndaşlığı haqqında məlumat;
    v) şəxsin məhkum edilməsində tətbiq edilən qanun maddələrinin mətnləri;
    q) əsas və əlavə cəzanın çəkilmiş hissəsi, zərərin ödənilmiş məbləği haqqında arayış.
    3. Lazım gəldikdə, sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli ədliyyə müəssisəsi əlavə sənəd və məlumatların təqdim edilməsini xahiş edə bilər.
    4. Vəsatətə əlavə edilmiş sənədlər sorğu alan Razılığa gələn Tərəfin dilinə və ya rus dilinə təsdiq edilmiş tərcümə ilə təmin edilir.
    5. Sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli ədliyyə müəssisəsi hökmün tanınması və icra edilməsi haqqında daxil olmuş vəsatəti baxılmaq üçün öz Razılığa gələn Tərəfinin səlahiyyətli məhkəməsinə göndərir.
    Maddə 111. Hökmün tanınma və icra edilmə qaydası
    1. Hökmün tanınması və icra edilməsi haqqında vəsatət sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli məhkəməsi tərəfindən onun öz daxili qanunvericiliyinə uyğun olaraq baxılır.
    2. Sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli məhkəməsi, verilən şəxsin onun ərazisinə faktiki ötürülməsinə qədər hökmün tanınması və icra edilməsi haqqında qərar qəbul edir.
    3. Sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli məhkəməsi sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli məhkəməsinin çıxardığı hökmü əsasında öz daxili qanunvericiliyinə uyğun olaraq hökmdə nəzərdə tutulan cəzaya uyğun olan cəza müəyyən edir.
    4. Əgər sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən həmin əmələ görə ən yuxarı cəza müddəti hökm əsasında təyin edilmiş müddətdən aşağıdırsa, məhkəmə sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində analoji əmələ görə nəzərdə tutulmuş maksimal cəza müddəti təyin edir.
    5. Cəzanın, hökmü çıxarmış sorğu edən Razılığa gələn Tərəfin ərazisində çəkilmiş hissəsi, hökmün tanınması haqqında vəsatətə baxan Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq müəyyən edilmiş cəza müddətinə hesablanır. Eyni zamanda, hökmün icra edilmə qaydası haqqında məsələyə baxılır.
    6. Cəza həm sorğu edən, həm də sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulduğu təqdirdə tətbiq edilə bilər.
  2. Maddə 112. Hökmün tanınması və icrasından imtina
    1. Hökmün tanınması və icrasından imtina edilə bilər, əgər:
    a) cəza cinayət məsuliyyətinə cəlb etmə müddətinin bitməsi və ya digər qanuni səbəblərdən, yaxud da müttəhimin iştirakı olmadan qiyabi çıxarılmış hökmə əsasən icra edilə bilməzsə;
    b) şəxs cinayət törətdiyinə görə sorğu alan Razılığa gələn Tərəfin ərazisində cəza çəkmişsə və ya bəraət almışsa, yaxud da cinayət işinə qanunla müəyyən edilmiş qaydada xitam verilmişsə, habelə əgər şəxs sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli ədliyyə müəssisəsi Tərəfindən cəzadan azad edilmişsə;
    v) sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində sorğu edən Razılığa gələn Tərəfin ərazisində təyin edilmiş analoji cəza nəzərdə tutulmursa;
    q) kifayət qədər əsas varsa ki, şəxsin məhkum olunması, onun irqi, cinsi, dini, etnik mənsubiyyəti və ya siyasi baxışları ilə əlaqədardırsa.
    Maddə 113. Hökmlər icra edilərkən cəzaları toplama qaydası
    Hökmlər icra edilərkən, cəzaların toplanması ərazisində hökmün icra ediləcəyi Razılığa gələn Tərəfin qanunvericiliyində müəyyən edilmiş qaydalarla həyata keçirilir.
    Maddə 114. Əfv və amnistiyanın tətbiqi
    Barəsində hökmün tanınması və icra edilməsi haqqında qərar çıxarılmış şəxsin əfv və amnistiya edilməsini həm sorğu edən, həm də sorğu alan Razılığa gələn Tərəf öz daxili qanunvericiliyinə uyğun olaraq həyata keçirir.
    Maddə 115. Hökmün yenidən baxılması qaydası
    Məhkum olunmuş şəxs barəsində icra edilmək üçün verilmiş hökmün yenidən baxılması yalnız hökmü çıxaran Razılığa gələn Tərəfin səlahiyyətli məhkəməsi tərəfindən həyata keçirilə bilər.
    Maddə 116. Dəyişdirilmiş və ləğv edilmiş hökmlərin icrası
    1. Əgər ərazisində hökm çıxarılan Razılığa gələn Tərəfin səlahiyyətli məhkəməsi hökm icra edilərkən onu dəyişdirərsə, qərarın surəti bu cür qərarın bu Konvensiyanın tələblərinə uyğun olaraq icra edilməsi məsələsinə baxılmaq üçün təxirə salınmadan, hökmü icra edən Razılığa gələn Tərəfə göndərilir.
    2. Əgər hökmün icrası prosesində hökmə həmin hökmün çıxarıldığı Razılığa gələn Tərəfin səlahiyyətli məhkəməsi tərəfindən cinayət işi ilə birlikdə xitam verilərsə, onda qərarın surəti icra edilmək üçün təxirə salınmadan, qərarı icra edən Razılığa gələn Tərəfin səlahiyyətli orqanına göndəriləcək.
    3. Əgər hökmün icrası prosesində hökmə xitam verilmişsə və yeni istintaq və ya məhkəmə araşdırması təyin edilmişsə, onda həmin qərarın surəti, cinayət işinin materialları və cinayət təqibinin həyata keçirilməsi haqqında tapşırıq bu Konvensiyanın 92-ci maddəsinə uyğun olaraq hökmü icra edən Razılığa gələn Tərəfin səlahiyyətli ədliyyə müəssisəsinə göndəriləcək.

    V Bölmə. Yekun müddəalar
    Maddə 117. Bu Konvensiyanın tətbiqi məsələləri

    Bu Konvensiyanın tətbiqi və şərhi ilə bağlı yaranan məsələlər Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları tərəfindən qarşılıqlı razılaşdırma əsasında həll edilir.
    Maddə 118. Konvensiyanın digər beynəlxalq müqavilələrlə əlaqəsi
    1. Eyni zamanda bu Konvensiyanın predmetinə toxunan müddəaları özündə əks etdirən kriminal sahədə Avropa Şurasının bir və ya bir neçə konvensiyasının iştirakçısı olan Razılığa gələn Tərəflər arasındakı münasibətlərdə yalnız Avropa Şurasının göstərilən konvensiyalarını tamamlayan və ya onda təsbit edilmiş prinsiplərin tətbiqinə yardım edən müddəalar tətbiq edilir.
    2. Avropa Şurasının yuxarıda göstərilən konvensiyalarının iştirakçısı olan Razılığa gələn Tərəflər və bu cür konvensiyaların iştirakçısı olmayan Razılığa gələn Tərəflər arasındakı münasibətlərə bu Konvensiyanın müddəaları tətbiq edilir.
    3. Bu Konvensiyanın müddəaları Razılığa gələn Tərəflərin iştirakçısı olduqları və ya gələcəkdə ola biləcəkləri digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.
    4. Razılığa gələn Tərəflərdən birinin xahişi ilə onların mərkəzi ədliyyə müəssisələri bu Konvensiyanın və digər beynəlxalq müqavilələrin əlaqəsinə dair məsələlər üzrə və lazım gəldikdə, Razılığa gələn Tərəflərin digər dövlət orqanlarının nümayəndələrini cəlb etməklə məsləhətləşmələr keçirirlər.
    Maddə 119. Dəyişiklik və düzəlişlərin edilməsi
    Razılığa gələn Tərəflərin razılığı ilə bu Konvensiyaya müvafiq protokollarla tərtib edilən, onun ayrılmaz hissəsi olan və bu Konvensiyanın 120-ci maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minən dəyişiklik və düzəlişlər edilə bilər.
    Maddə 120. Qüvvəyə minmə
    1. Bu Konvensiya onu imzalamış dövlətlər tərəfindən ratifikasiya edilməlidir. Ratifikasiya fərmanları bu Konvensiyanın depozitarisi funksiyasını yerinə yetirən Müstəqil Dövlətlər Birliyinin İcra Komitəsinə saxlanca verilir.
    2. Bu Konvensiya üçüncü ratifikasiya fərmanının depozitariyə saxlanca verilməsindən sonra gələn otuzuncu gün qüvvəyə minir. Bu Konvensiyanın qüvvəyə minməsindən sonra öz ratifikasiya fərmanını depozitariyə saxlanca verən dövlətə münasibətdə, Konvensiya o öz ratifiksiya fərmanını depozitariyə saxlanca verdiyi tarixdən sonra gələn otuzuncu gün qüvvəyə minir.
    3. Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiya və ona əlavə edilmiş 1997-ci il 28 mart tarixli Protokol bu Konvensiyanın iştirakçısı olan dövlətləri arasında öz qüvvəsini itirir.
    4. Bu maddənin 3-cü bəndində göstərilən Konvensiyanın və ona əlavə edilmiş Protokolun bu Konvensiyanın iştirakçısı olan dövlətlər və onların iştirakçısı olan, barələrində bu Konvensiya qüvvəyə minməyən dövlətlər arasındakı münasibətlərə tətbiqi davam edir.
    Maddə 121. Konvensiyanın qüvvədə olma müddəti
    1. Bu Konvensiya onun qüvvəyə minməsindən etibarən beş il ərzində qüvvədə qalır. Bu müddət bitdikdən sonra Konvensiya avtomatik olaraq hər dəfə təkrarən beş illik müddətə uzadılır.
    2. Razılığa gələn hər bir Tərəf müvafiq beş illik qüvvədə olma müddəti bitənə qədər 12 ay əvvəl depozitariyə yazılı bildiriş göndərməklə, bu Konvensiyadan çıxa bilər.
    Maddə 122. Zamana görə qüvvə
    Bu Konvensiyanın təsiri onun qüvvəyə minməsinə qədər yaranmış hüquqi münasibətlərə də şamil edilir.
    Maddə 123. Konvensiyaya qoşulma qaydası
    Digər dövlətlər də Razılığa gələn bütün Tərəflərin razılığı ilə depozitariyə qoşulma haqqında sənədlər təqdim etməklə, bu Konvensiyaya, onun qüvvəyə minməsindən sonra qoşula bilərlər. Qoşulma, depozitari bu cür qoşulmaya razılıq barəsində son məlumat aldığı tarixdən 30 gün sonra qüvvəyə minmiş hesab edilir.
    Maddə 124. Depozitarinin funksiyaları
    Depozitari bu Konvensiyanı imzalamış və ona qoşulmuş dövlətləri hər bir ratifikasiya fərmanı və ya qoşulma haqqında sənədin saxlanca verildiyi tarix, bu Konvensiyanın qüvvəyə mindiyi tarix, habelə bu Konvensiyaya aid olan onun aldığı digər sənədlər, qeyd-şərtlər, bildirişlər və məlumatlar haqqında təxirə salmadan məlumatlandırır.

    2002-ci il oktyabrın 7-də Kişinyov şəhərində, əsli bir nüsxədə, rus dilində tərtib edilmişdir. Əsl nüsxə Müstəqil Dövlətlər Birliyinin İcra Komitəsində saxlanılır, sonuncu da, öz növbəsində, bu Konvensiyanı imzalamış hər bir dövlətə onun təsdiq edilmiş surətini göndərir.

    Azərbaycan Respublikası adından    Moldova Respublikası adından
    Ermənistan Respublikası adından    Rusiya Federasiyası adından
    Belarus Respublikası adından         Tacikistan Respublikası adından
    Gürcüstan adından                              Türkmənistan adından
    Qazaxıstan Respublikası adından    Özbəkistan Respublikası adından
    Qırğızıstan Respublikası adından    Ukrayna adından

    ________________________________________

    Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi
    münasibətlər haqqında Konvensiyanın yeni redaksiyasına Azərbaycan Respublikasının Xüsüsi rəyi


    1. Bu Konvensiya çərçivəsində əməliyyat-axtarış tədbirlərinin sorğu əsasında yerinə yetirilməsi Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin buna imkan verdiyi həcmdə və yalnız onun səlahiyyətli orqanları tərəfindən mümkündür.
      2. Bu Konvensiya çərçivəsində məhkəmə qərarına əsasən yalnız cinayətin törədilməsində istifadə edilən alət və vasitələrin, habelə cinayət yolu ilə əldə edilmiş əmlakın müsadirəsi mümkündür.
      3. Konvensiyanın 63 və 108-ci maddələrinin Azərbaycan Respublikası üçün hüquqi qüvvəsi yoxdur.

    Azərbaycan Respublikasının Prezidenti
    Heydər ƏLİYEV


    ________________________________________

    MDB Dövlət Başçıları Şurasının «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Konvensiyanın yeni redaksiyası haqqında» iclasının 13.3 bəndli gündəmində duran məsələyə dair
    Ukraynanın qeyd-şərti
    1. Ukrayna, icra qeydlərinin tanınması və icra edilməsi istisna olmaqla, hüquqi yardımın Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan həcmdə göstərilməsinə dair öhdəliyi öz üzərinə götürür.
    2. Ukrayna, pul öhdəliklərinə dair notarial aktlar istisna olmaqla, Konvensiyanın iştirakçısı olan dövlətlərin ərazilərində Konvensiyanın 54-cü maddəsinin 1-ci bəndinin «a» yarımbəndində nəzərdə tutulan qərarların tanınması və icra edilməsi öhdəliyini öz üzərinə götürür.

    Ukrayna Prezidenti
    L. D. KUÇMA


    ______________________________________
    © VES Consultancy LLC





    «Təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar mübahisələrin
    həll edilməsi qaydası haqqında» Sazişə qoşulmaq barədə

    Azərbaycan Respublikasının Qanunu

    Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

    1. Azərbaycan Respublikası 1992-ci il martın 20-də Kiyev şəhərində Müstəqil Dövlətlər Birliyi Ölkələri Hökumət Başçıları Şurasının iclasında imzalanmış «Təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar mübahisələrin həll edilməsi qaydası haqqında» Sazişə qoşulsun.
    2. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

    Azərbaycan Respublikasının Prezidenti

    Heydər ƏLİYEV

    Bakı şəhəri, 10 dekabr 2002-ci il

    № 400-IIQ

    «Azərbaycan» qəzetində dərc edilmişdir (29 dekabr 2002-ci il, № 300) («VES Consultancy» LLC).

    «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2002-ci il, № 12, maddə 710) («VES Consultancy» LLC).

    Təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar mübahisələrin həll edilməsi qaydaları haqqında

    Saziş

    Müstəqil Dövlətlər Birliyinin iştirakçı-dövlətlərinin hökumətləri,

    Müstəqil Dövlətlər Birliyinin ayrı-ayrı iştirakçı-dövlətlərində olan subyektlər arasında təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar mübahisələrin həll edilməsi sahəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verərək,

    bütün təsərrüfat subyektlərinə öz hüquq və qanuni maraqlarının müdafiəsi üçün bərabər imkanların təmin edilməsi zərurətindən irəli gələrək,

    aşağıdakılar barədə razılığa gəldilər:

    Maddə 1

    Hazırki Saziş təsərrüfat subyektləri arasında müqavilə və digər mülki hüquq münasibətlərindən, onların dövlət və digər orqanlarla münasibətlərindən irəli gələn işlərin həll edilməsi məsələsini, habelə onlara dair qərarların icrası məsələsini tənzimləyir.

    Maddə 2

    Hazırki Sazişin məqsədləri üçün təsərrüfat subyekti dedikdə, müəssisələr, onların birlikləri, istənilən təşkilati-hüquqi formalı təşkilatlar, habelə qanunvericiliyə uyğun olaraq Müstəqil Dövlətlər Birliyinin iştirakçı-dövlətlərinin ərazisində sahibkar statusuna malik olan vətəndaşlar və onların birlikləri başa düşülür.

    Maddə 3

    Müstəqil Dövlətlər Birliyinin hər bir iştirakçı-dövlətin təsərrüfat subyektləri Müstəqil Dövlətlər Birliyinin digər iştirakçı-dövlətinin ərazisində öz əmlak hüquqlarının və qanuni maraqlarının hüquqi və məhkəmə müdafiəsi üçün digər dövlətin təsərrüfat subyektlərinin hüquqlarına bərabər tutulan hüquqi və məhkəmə müdafiəsindən istifadə edirlər.

    Müstəqil Dövlətlər Birliyinin hər bir iştirakçı-dövlətinin təsərrüfat subyektləri Müstəqil Dövlətlər Birliyinin digər iştirakçı-dövlətinin ərazisində məhkəmələrə, arbitraj (təsərrüfat) məhkəmələrinə, münsiflər məhkəməsinə və hazırki Sazişin 1-ci maddəsində göstərilən işləri həll etməyə səlahiyyəti olan digər orqanlara (bundan sonra – səlahiyyətli məhkəmələr) maneəsiz müraciət etmək, onlarda çıxış etmək, vəsatətlər vermək, iddialar təqdim etmək və digər prosessual hərəkətlər həyata keçirmək hüququna malikdirlər.

    Maddə 4

    Müstəqil Dövlətlər Birliyinin iştirakçı-dövlətinin səlahiyyətli məhkəməsi hazırki Sazişin 1-ci maddəsində göstərilən mübahisələrin baxılmasına haqlıdır, əgər Müstəqil Dövlətlər Birliyinin həmin iştirakçı dövlətinin ərazisində:

    1. a) iddiaçının iddia təqdim edilən gün daimi yaşayış və ya olduğu yeri varsa.

    Əgər işdə Birliyin ayrı-ayrı iştirakçı-dövlətlərinin ərazisində yaşayan bir neçə cavabdeh iştirak edirsə, mübahisə iddiaçının seçimi ilə cavabdehin olduğu yerdə baxılır;

    1. b) cavabdeh müəssisəsinin (filialının) ticarət, sənaye və ya digər təsərrüfat fəaliyyəti həyata keçirilirsə;
    2. v) mübahisənin predmeti olan müqavilə üzrə öhdəlik yerinə yetirilmişdirsə və ya tam və ya qismən yerinə yetirilməlidirsə;
    3. q) zərərin ödənilməsi haqqında tələbin irəli sürülməsi üçün hərəkət və ya digər hal baş vermişdirsə;
    4. d) işgüzar nüfuzun müdafiəsi haqqında iddia üzrə iddiaçının daimi yaşayış yeri və ya olduğu yer varsa;
    5. e) kontragent-tədarükçü (mal göndərən), podratçı və ya xidmət göstərən (iş icraçısı) fəaliyyət göstərirsə və mübahisə müqavilənin bağlanmasına, dəyişdirilməsinə və ləğv edilməsinə aiddirsə.
    6. Müstəqil Dövlətlər Birliyinin iştirakçı-dövlətlərinin səlahiyyətli məhkəmələri, əgər mübahisənin həmin məhkəməyə verilməsi haqqında yazılı razılaşma mövcuddursa, işlərə digər hallarda da baxmağa səlahiyyətlidir.

    Bu cür razılaşmanın mövcud olduğu təqdirdə, əgər iş üzrə qərar qəbul edilənə qədər cavabdeh işin icraatının xitam edilməsi haqqında müraciət etmişdirsə, Birliyin digər iştirakçı-dövlətinin məhkəməsi cavabdehin ərizəsinə əsasən işin icraatını xitam edir.

    1. Təsərrüfat subyektlərinin daşınmaz əmlak üzərində mülkiyyət hüquqi haqqında iddiaları müstəsna olaraq əmlakın yerləşdiyi Müstəqil Dövlətlər Birliyinin iştirakçı-dövlətin məhkəməsində baxılır.
    2. Dövlət orqanları və digər orqanların normativ xarakter daşımayan aktlarının tam və ya qismən etibarsız hesab edilməsi haqqında işlər, habelə bu cür aktlarla təsərrüfat subyektlərinə dəyən və ya təsərrüfat subyektlərinə münasibətdə həmin orqanlar tərəfindən öz vəziyyətinin düzgün olmayan qaydada yerinə yetirilməsi nəticəsində baş verən zərərin ödənilməsi haqqında işlər müstəsna olaraq orqanın yerləşdiyi dövlətin məhkəməsində baxılır.

    Məhkəmələrin 3-cü və 4-cü bəndlərində göstərilən səlahiyyətləri Tərəflərin razılaşması ilə dəyişdirilə bilməz.

    1. İlkin iddia ilə əlaqədar hüquq münasibətlərindən irəli gələn qarşılıqlı iddia və borcun köçürülməsi haqqında tələblər ilkin iddianın baxıldığı məhkəmədə baxılır.

    Maddə 5

    Müstəqil Dövlətlər Birliyinin iştirakçı-dövlətlərinin səlahiyyətli məhkəmələri və digər orqanları qarşılıqlı hüquqi yardımın göstərilməsini öz öhdələrinə götürürlər.

    Sənədlərin təqdim edilməsi və ötürülməsi və prosessual hərəkətlərin yerinə yetirilməsi, xüsusən də ekspertizanın keçirilməsi, Tərəflərin, şahidlərin, ekspertlərin və digər şəxslərin dindirilməsi qarşılıqlı hüquqi yardımın göstərilməsinə daxildir.

    Müstəqil Dövlətlər Birliyinin iştirakçı-dövlətlərinin səlahiyyətli məhkəmələri və digər orqanları qarşılıqlı hüquqi yardım göstərərkən bir-biri ilə əlaqələrini bilavasitə yaradırlar.

    Yardımın göstərilməsi haqqında xahişi qəbul edən səlahiyyətli məhkəmələr və digər orqanlar qarşılıqlı hüquqi yardımın göstərilməsi haqqında tapşırığı icra edərkən öz dövlətinin qanunvericiliyini tətbiq edir.

    Hüquqi yardımın göstərilməsi haqqında müraciət edilərkən və qərar icra edilərkən əlavə edilən sənədlər sorğu alan dövlətin dilində və ya rus dilində ifadə edilir.

    Maddə 6

    Müstəqil Dövlətlər Birliyinin iştirakçı-dövlətlərindən birinin ərazisində gerbli möhürlə möhürlənmiş və müəyyən edilmiş qaydada təşkilat, yaxud da öz səlahiyyəti çərçivəsində, buna xüsusi səlahiyyəti olan şəxs tərəfindən verilən və ya təsdiqlənən sənədlər hər hansı bir təsdiqləmə aparılmadan Müstəqil Dövlətlər Birliyinin digər iştirakçı-dövlətlərinin ərazisində qəbul edilir.

    Müstəqil Dövlətlər Birliyinin iştirakçı-dövlətlərindən birinin ərazisində rəsmi sənəd kimi baxılan sənədlər, digər Müstəqil Dövlətlər Birliyinin iştirakçı-dövlətlərinin ərazisində rəsmi sənədlər kimi sübutedici qüvvəyə malikdirlər.

    Maddə 7

    Müstəqil Dövlətlər Birliyinin iştirakçı-dövlətləri səlahiyyətli məhkəmələrin hüquqi qüvvəyə minmiş qərarlarını qarşılıqlı tanıyır və icra edirlər.

    Müstəqil Dövlətlər Birliyinin iştirakçı-dövlətlərindən birinin səlahiyyətli məhkəmələri tərəfindən çıxarılmış qərarlar Müstəqil Dövlətlər Birliyinin digər iştirakçı-dövlətlərinin ərazisində icra edilməlidir.

    Cavabdehin əmlakının tələb edilməsinə dair Müstəqil Dövlətlər Birliyinin iştirakçı-dövlətlərindən birinin səlahiyyətli məhkəməsi tərəfindən çıxarılmış qərarlar Müstəqil Dövlətlər Birliyinin digər iştirakçı-dövlətlərinin ərazisində məhkəmə tərəfindən təyin edilmiş, yaxud həmin dövlətin qanunvericiliyi ilə müəyyən edilmiş orqanlar tərəfindən icra edilməlidir.

    Maddə 8

    Qərarın icrasının təmin edilməsi maraqlı Tərəfin vəsatətinə əsasən həyata keçirilir.

    Vəsatətə aşağıdakılar əlavə edilir:

      • Qərarın məcburi icra edilməsi haqqına vəsatətin verilməsinə səbəb olan qərarın lazımi qaydada təsdiq edilmiş surəti,
      • əgər bu haqda qərarın mətnində göstərilməmişdirsə, qərarın hüquqi qüvvəyə minməsini əks etdirən rəsmi sənəd,
      • proses haqqında digər Tərəflərin məlumatlandırılmasını təsdiq edən sübutlar,
      • icra sənədi (vərəqəsi).

    Maddə 9

    Qərarın icrasının təmin edilməsi, həmin qərarın yönəldiyi Tərəfin xahişi ilə rədd edilə bilər, bu şərtlə ki, həmin Tərəf qərarın icrasının təmin edilməsi barədə xahiş alan səlahiyyətli məhkəməyə aşağıdakı sübutları təqdim etmiş olsun:

    1. a) Müstəqil Dövlətlər Birliyinin üçüncü iştirakçı-dövlətinin, yaxud da Birliyin üzvü olmayan dövlətin səlahiyyətli məhkəməsinin eyni Tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə hüquqi qüvvəyə minmiş qərar çıxarılmışdır;
    2. b) Müstəqil Dövlətlər Birliyinin üçüncü iştirakçı-dövlətinin, yaxud da Birliyin üzvü olmayan dövlətin səlahiyyətli məhkəməsinin eyni Tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə tanıdığı qərar mövcuddur;
    3. v) hazırki Sazişə əsasən mübahisə buna səlahiyyəti olmayan məhkəmə tərəfindən həll edilmişdir;
    4. q) digər Tərəf proses haqqında məlumatlandırılmamışdır;
    5. d) qərarın icrasını təmin etmək üçün üç illik müddət bitmişdir.

    Maddə 10

    Səlahiyyətli məhkəmələrin qərarlarının icrasının təmin edilməsi ilə əlaqədar yaranan mübahisəli məsələləri Müstəqil Dövlətlər Birliyinin iştirakçı-dövlətlərinin yuxarı məhkəmə orqanları tənzimləyir.

    Maddə 11

    Müstəqil Dövlətlər Birliyinin bir iştirakçı-dövlətinin mülki qanunvericiliyi Müstəqil Dövlətlər Birliyinin digər iştirakçı-dövlətinin ərazisində aşağıdakı qaydalara əsasən tətbiq edilir:

    1. a) hüquqi şəxslərin və sahibkarların mülki hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti hüquqi şəxsin təsis edildiyi, sahibkarın qeydiyyata alındığı Müstəqil Dövlətlər Birliyinin iştirakçı-dövlətinin qanunvericiliyinə əsasən müəyyən edilir;
    2. b) mülkiyyətçinin hüquqlarından irəli gələn münasibətlərə əmlakın olduğu yerin qanunvericiliyi tətbiq edilir. Dövlət reyestrinə daxil edilməli nəqliyyat vasitələrinə mülkiyyət hüququ həmin nəqliyyat vasitəsinin reyestrə daxil olduğu dövlətin qanunvericiliyinə əsasən müəyyən edilir;
    3. v) əmlak üzərində mülkiyyət hüququnun və ya digər əşya hüququnun yaranması və ya onun ləğv edilməsi, bu cür hüququn yaranmasına və ya onun ləğv edilməsinə səbəb olan hərəkətin və ya digər halın baş verdiyi zaman əmlakın olduğu dövlətin qanunvericiliyinə əsasən müəyyən edilir.

    Əqdin predmeti olan əmlak üzərində mülkiyyət hüququnun və ya digər əşya hüququnun yaranması və ya onun ləğv edilməsi, əgər Tərəflər arasında digər razılaşma əldə edilməyibsə, əqdin bağlandığı (baş verdiyi) yerin qanunvericiliyinə əsasən müəyyən edilir:

    1. q) əqdin forması onun bağlandığı (baş verdiyi) yerin qanunvericiliyinə əsasən müəyyən edilir. Tikintilərə, digər daşınmaz əmlaka və onlar üzərində hüquqlara dair əqdlərin forması bu cür əmlakın olduğu yerin qanunvericiliyinə əsasən müəyyən edilir;
    2. d) etibarnamənin forması və müddəti, etibarnaməni verən dövlətin qanunvericiliyinə əsasən müəyyən edilir;
    3. e) Tərəflərin əqdlər üzrə hüquq və öhdəlikləri, əgər Tərəflər arasında digər razılaşma əldə edilməyibsə, əqdin bağlandığı (baş verdiyi) yerin qanunvericiliyinə əsasən müəyyən edilir;
    4. j) Tərəflərin zərərin yetirilməsindən əmələ gələn öhdəliklər, zərərin ödənilməsi haqqında tələbin irəli sürülməsi üçün səbəb olan hərəkətin və ya digər halın baş verdiyi dövlətin qanunvericiliyinə əsasən müəyyən edilir.

    Əgər zərərin ödənilməsi haqqında tələbin irəli sürülməsi üçün səbəb olan hərəkət və ya digər hal mübahisənin baxıldığı yerin qanunvericiliyinə əsasən hüquq pozuntusu hesab edilmirsə, bu qanunvericilik tətbiq edilmir;

    1. z) iddia müddətinə dair məsələlər, müvafiq münasibətlərin tənzimlənməsi üçün öz qanunvericiliyini tətbiq edən dövlətin qanunvericiliyinə əsasən həll edilir.

    Maddə 12

    Müstəqil Dövlətlər Birliyinin iştirakçı-dövlətlərinin yuxarı məhkəmə orqanları və ədliyyə nazirlikləri digər Tərəfin analoji orqanının xahişi ilə onların dövlətlərində qüvvədə olan və ya qüvvədə olmuş qanunvericiliyi və onun təcrübədə tətbiq edilməsi haqqında məlumatları bir-birinə təqdim edirlər.

    Maddə 13

    Hazırki Saziş Müstəqil Dövlətlər Birliyinin iştirakçı-dövlətləri tərəfindən imzalanmaq üçün açıqdır və ratifikasiya edilməlidir. Hazırki Saziş, Birliyin ən azı üç iştirakçı-dövləti həmin Sazişi ratifikasiya etdikdən sonra üçüncü ratifikasiya fərmanının depozitarı olan dövlətə verildiyi gün qüvvəyə minir. Sazişi sonradan ratifikasiya etmiş dövlətlərə münasibətdə, saziş onlar öz ratifikasiya fərmanlarını saxlanca verdiyi gün qüvvəyə minir.

    Kiyev şəhərində 20 mart 1992-ci ildə rus dilində bir əsl nüsxədə icra edilmişdir. Əsl nüsxə Belorusiya Hökumətinin Arxivində saxlanılır, hansı ki, onun təsdiq edilmiş surətini hazırki Sazişi imzalayan dövlətlərə göndərəcək.